Çevik xilasetmə qüvvələri
Sosial həyat

Çevik xilasetmə qüvvələri

Fövqəladə hadisələrdən, təbiətin şıltaqlığından, iqlim dəyişmələrindən, istərsə də yadelli düşmənlərdən qorunmaq üçün həmişə yollar axtarılıb, bu məqsədlə müxtəlif vasitələrdən istifadə edilib, əhalinin müdafiəsini təşkil etmək üçün etibarlı mühafizə qurğuları quraşdırılıb.

1957-ci ildə Beynəlxalq Mülki Müdafiə Təşkilatı yaradılıb. Yeni statusa əsasən ona hökumətləri, cəmiyyətləri, assosiasiyaları öz üzvlüyünə qəbul etmə səlahiyyətləri verilib. 1958-ci ildə Cenevrədə Mülki Müdafiə üzrə üçüncü Ümumdünya Konfransı çağırılıb. Konfransda 33 ölkədən 130 nümayəndə iştirak edib. Konfransın gündəliyinə atmosferin radioaktivliyi, müharibə zamanı əhalinin köçürülməsi və mühafizəsi, Mülki Müdafiə işçilərinin beynəlxalq statusu və mədəni irsin qorunması kimi məsələlər daxil edilib. 1966-cı il oktyabrın 17-də Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyində Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) nizamnaməsi qeydə alınıb. Onun məqsədi - fövqəladə hadisələr baş verərkən vətəndaşların, həmçinin onların əmlakının təhlükəsizliyi və mühafizəsi üzrə tədbirlərin beynəlxalq səviyyədə həyata keçirilməsini təşkil etmək idi. Bu təşkilat ən mürəkkəb fövqəladə hallarda zərərçəkənlərə yardım göstərir, təbii fəlakətlərin, istehsalat qəzalarının və başqa fövqəladə hadisələrin qarşısını almaq üçün Birləşmiş Millətlər Təşkilatı, digər beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq edir, insanların şəxsi rifahı və bütünlükdə cəmiyyətin inkişafı, həmçinin ətraf mühitin təhlükəsizliyi uğrunda mübarizə aparır.

BMMT Baş Məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il mart ayının 1-i bütün ölkələrdə Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd olunur. Türk dünyasının dahisi, əbədiyaşar lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə 2-ci dəfə hakimiyyətə qayıdandan sonra 1993-cü ildə Azərbaycan bu təşkilatın üzvlüyünə qəbul olunub və onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə respublikamızda Fövqəladə Hallar Nazirliyi yaradılıb. Fövqəladə Hallar Nazirliyinin Əsasnaməsində Mülki Müdafiənin əsas məqsəd və vəzifələri, habelə dövlət hakimiyyəti və idarəetmə orqanlarının, ictimai təşkilatların, məsul şəxslərin və vətəndaşların mülki müdafiə sahəsində vəzifələri dəqiq müəyyən edilib. Mülki Müdafiə əməkdaşları dinc və ya müharibə dövründə əhalini, ölkəmizin ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyatına yaranan təhlükələri aradan qaldırırlar. Habelə torpaq, su və hava məkanının, istehsal və sosial təyinatlı obyektlərin, habelə ətraf mühitin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslərlə birlikdə fəaliyyət göstərirlər. Ölkəmizin ərazisi dünyanın seysmik cəhətdən ən aktiv Alp-Himalay qurşağının mərkəzi hissəsində yerləşir. Məhz bu səbəbdən, vaxtaşırı olaraq respublikamızın ərazisində müxtəlif intensivlikli zəlzələlər baş verir. Zəlzələ zamanı və ondan sonra hər bir vətəndaş özünümüdafiə məqsədilə düzgün hərəkətlərə dair biliyə malik olmalıdır. Dünya təcrübəsi əhalinin zəlzələ təhlükəsizliyini yalnız seysmik xidmət sahəsində çalışan mütəxəssislərin keyfiyyətli işindən yox, əhalinin zəlzələ haqqında olan biliyindən və onların psixoloji cəhətdən bu hadisəyə nə dərəcədə hazır olmalarından asılı olduğunu sübut etmişdir. Ümumiyyətlə, bu baxımdan bütün ərazilərdə olan qüvvələrin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, eləcə də əhalinin maarifləndirilməsi, mühafizəsi, xəbərdarlıq edilməsi, mühafizə vasitələri ilə təminatı, köçürülməsi və digər bu kimi mülki müdafiə tədbirləri daim diqqət mərkəzində dayanır. Bu baxımdan, təbii fəlakət və texnogen qəzalar zamanı davranış qaydaları mövzusunda vaxtaşırı maarifləndirmə tədbirləri, mülki müdafiə məşqləri, təlimlər keçirilir. Tədbirin keçirilməsində əsas məqsəd baş verə biləcək fövqəladə hallardan necə qorunmalı, hadisələr zamanı özünə və digərlərinə necə kömək etməli, ilkin tibbi yardımın göstərilməsi və yanğın təhlükəsizliyi sahəsində davranış qaydaları, baş verə biləcək fövqəladə hadisələrin qarşısının vaxtında alınması, dəm qazından zəhərlənmələrin qarşısının alınması və sair haqqında biliklər aşılanır. Artıq qarşıda duran bu vəzifələrin öhdəsindən FHN-in qurumları layiqincə gəlirlər. Qardaş Türkiyədə baş vermiş dağıdıcı zəlzələ zamanı respublikamızın Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinin nümunəvi fəaliyyəti razılıqla qarşılanıb. Prezident cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə fədakarlıq göstərib və bu, yüksək qiymətləndirilib.

Zabit XƏLİLOV,

"Respublika".