Dağlar diyarının qəhrəman oğlu
Region

Dağlar diyarının qəhrəman oğlu

Vətən yolunda canını fəda edib əbədi ürəklərdə özünə yurd-yuva quran qeyrətli oğullardan biri də Birinci Qarabağ müharibəsi şəhidi Telman Bayraməli oğlu İsmayılovdur. Dağlar diyarı Lerik rayonunun Buruq kəndində dünyaya göz açan, xalqımızın qəhrəmanlıq simvoluna dönən bu vətən sevdalısının 50 yaşı tamam oldu. Həmişə adı böyük fəxrlə çəkilib. Dağlar qartalının doğum günü münasibətilə xatirəsi anıldı.

YAP Lerik Rayon Təşkilatının sədr müavini Elnur Məmmədov, Lerik Rayon İcra Hakimiyyəti Vətən Müharibəsi və Şəhidlərlə İşin Təşkili Şöbəsinin müdiri Rahib Şiriyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon filialının sədri Veysəl Məlikov, Şəhid Telman İsmayılov adına Buruq kənd tam orta məktəbin direktoru Zaur Mirzəyev, Ərazi İcra Nümayəndəsi Şəfiq Əliyev, məktəbin şagirdləri, müəllim kollektivi, şəhidin ailə üzvləri onun uyuduğu müqəddəs torpağı ziyarət edib əziz xatirəsinə ehtiram əlaməti olaraq məzarına təzə gül-çiçəkdən çələng düzdülər.

Vətənpərvərlik ruhunda böyüyən Telman İsmayılov 1991-ci ildə orta məktəbi bitirib ordu sıralarına həqiqi hərbi xidmətə çağırılıb. Ağdam rayonunda yerləşən 846 saylı hərbi hissədə canından artıq sevdiyi Azərbaycanın keşiyində durub. Qəlbi Vətən, torpaq sevdalısının nümunəvi xidməti, nizam-intizamı onu qısa zamanda əsgərlərin, zabitlərin sevimlisinə çevirib. Bir müddət hərbi təlim keçdikdən sonra qaynar döyüş bölgəsinə gedib. Telman döyüşlərdə öndə getməklə düşmən həmlələrinin qarşısının alınmasında böyük igidlik göstərib. 1993-cü ilin iyun ayının 19-da Ağdam rayonu uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Şəhidin cənazəsi doğulduğu kəndə gətirilərək torpağa tapşırılıb.

Bəli, Vətən, millət uğrunda şirin canından keçənlər ölümsüzlüyə qovuşurlar, dağlar oğlu Telman İsmayılov kimi.

Zəfər ORUCOĞLU.