Ulu Öndərlə görüş hər birimizi sevindirdi
Region

Ulu Öndərlə görüş hər birimizi sevindirdi

Heydər Əliyev 1981-ci ilin iyun ayında Ağsu rayonuna səfər etmişdi

Görkəmli dövlət xadimi Heydər Əliyevin 1981-ci ilin iyun ayında Ağsu rayonuna növbəti səfəri nəzərdə tutulduğundan rayonumuzda böyük bir canlanma var idi. Səfəri böyük səbirsizliklə gözləyən rayon sakinləri yaxşı bilirdilər ki, respublikamıza 1969-cu ildən rəhbərlik edən Heydər Əliyevin regionlara səfərləri bölgəni tərəqqiyə qovuşdurur və orada yeni-yeni layihələrin uğurlu icrasına başlanılır. Çünki görülən işlərin nəticələri ilə yerində tanış olan  dahi rəhbər yerli sakinlərlə səmimi görüşlər keçirərək əhalinin problemləri, təklif və arzuları ilə maraqlanırdı. Kolxoz partiya komitəsinin katibi olduğumdan bütün bu işlərin önündə getməyə çalışırdım və dövrün inkişaf tempini yetərincə  təbliğ edirdik.  1978-ci il sentyabrın 29-da ümummilli liderimizin Ağsu rayonuna səfərindən sonra rayon sürətlə inkişaf etmişdi.

Ulu Öndərlə tarixi görüşündən qürur duyduğunu deyən Ağsu rayonu Muradlı bələdiyyəsinin sədri Səhraiyyə Hümbətova bildirdi ki, həmin vaxt respublika rəhbəri işlədiyim kolxozun qarğıdalı əkin sahəsinə gəlmişdi. Camaatla son dərəcə səmimi görüşərək vəziyyətimizlə maraqlandı, işimizin nəticələrini soruşdu. Ümummilli lider əkin sahələrini gəzdikdən sonra yaşayış şəraitimizlə maraqlandı, uşaqlarla da görüşüb xeyli söhbət etdi. Sonra kolxozun iqtisadi göstəriciləri barədə soruşdu. Bu vaxt rayon partiya komitəsinin birinci katibi Ramazan Ədilov kolxozun sədri Balakişi Zərbəliyevə işarə etdi ki, məlumat versin. Lakin  Ulu Öndər "gəlin cavan qızın da məlumatını dinləyək", - dedi. Mən kolxozun iqtisadi göstəriciləri və işi barədə məlumat verdim. Respublika rəhbərliyi tərəfindən zəhmətkeşlərə yaradılan qayğı nəticəsində qazandığımız uğurlardan danışdım. Həqiqətən də vəziyyət ürəkaçan idi. Kollektivimiz üzərinə götürdüyü öhdəliyə layiqincə əməl etmişdi, məhsuldarlıq son dərəcə yüksək idi. Aqrotexniki qaydalara lazımi səviyyədə əməl edildiyindən uğurlarımız əvvəlki illərlə müqayisədə daha da artmışdı.

Kolxozun uğurları barədə məlumat verdikdən sonra Heydər Əliyev məndən soruşdu ki, Səhraiyyə xanım, vəziyyət necədi, nəyə ehtiyacınız var? Bildirdim ki, sizin kimi rəhbəri olan xalqın heç bir problemi ola bilməz. Bizim vəziyyətimiz yaxşıdı, bütün tapşırıqlara əməli işimizlə cavab verməyə çalışırıq və buna nail olduğumuza görə sevinirik. Şükürlər olsun ki, yaşayış tərzimiz getdikcə yaxşılaşır, gənclərin təsərrüfata bağlılığı bizi ruhlandırır.

Ümummilli lider Heydər Əliyev fikrimi sona qədər dinlədikdən sonra dedi ki,  Ağsu respublikanın qabaqcıl rayonları səviyyəsinə çıxmalıdır. Bunun üçün hər cür imkan və şərait var, o cümlədən kolxozda sizin kimi  qabaqcıl zəhmətkeş insanlar işləyir.

Ulu Öndərlə həmin tarixi görüşdən çəkilən şəkli indiyə qədər əziz bir xatirə kimi saxladığını deyən Səhraiyyə xanım bildirdi ki, zəhmətkeşlərin əməyinin qiymətləndirilməsi bizi son dərəcə sevindirməklə işə olan münasibətimizi və məsuliyyət hissimizi xeyli artırdı. Növbəti illər görülmüş ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində məhsul istehsalında  daha böyük uğur qazandıq. Təkcə 1981-ci ildə ölkə üzrə 831,2 min ton pambıq, 1 mln. 616 min ton üzüm istehsal olunmuşdu. Meyvə-tərəvəz istehsalının 1970-ci ildəki 410 min tondan 1982-ci ildə 850 min tona yüksəlməsi də Heydər Əliyevin fədakar əməyi nəticəsində mümkün olmuşdur. Bununla yanaşı, keyfiyyət nişanlı məhsulun xüsusi çəkisi 1969-cu ildə bir faizdən az, 1975-ci ildə 2,2 faiz olduğu halda, 1980-ci ildə bu göstərici 30,3 faiz, 1985-ci ildə 46,9 faizə çatmışdı.

Ulu Öndərin respublikamıza rəhbərliyinin bütün dövrlərində regionların, o cümlədən Ağsu rayonunun sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğıdan danışan Səhraiyyə xanım dedi ki, hər bir regionun iqtisadi potensialını dəqiq müəyyənləşdirmək, bundan maksimum səmərəli istifadə etmək bacarığına malik olan bu böyük şəxsiyyət Azərbaycanın hərtərəfli və sürətli inkişafına misilsiz töhfələr vermişdir.

Mikayıl NƏRİMANOĞLU,

"Respublika".