Dinc etiraz aksiyasının 73-cü günü
Digər xəbərlər

Dinc etiraz aksiyasının 73-cü günü

Doğma torpağın qeydinə qalmaqdan gözəl heç nə yoxdur

Ermənistan 30 illik işğal dövründə Azərbaycanın torpaqlarını, mədəni irsini, təbii sərvətlərini də dağıdıb talan edib. 1988-ci ildən etibarən Qarabağın və ona bitişik rayonların dağıdılması, o cümlədən flora və faunanın məhvi ilə müşayiət olunan ekoloji terror isə bu gün də davam edir.

Ermənistanın törətdiyi ekoloji terror nəticəsində 10-dan çox qoruq və yasaqlıq, Azərbaycanın "Qırmızı Kitabı"na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına daxil edilmiş olduqca qiymətli, nadir bitki və heyvan növləri, Azərbaycan və Qarabağ endemləri birdəfəlik məhv edilib. Ekoloji terror əsasən münaqişə dövründə ətraf mühitin qəsdən və ya qanunsuz şəkildə məhv edilməsi, istismarı və ya dəyişdirilməsi kimi xarakterizə olunur. Azərbaycanın rayonlarına qarşı həyata keçirilən bu ekoloji terror həmin ərazilərin işğal edildiyi ilk günlərdən başlayıb. İşğal altında olan ərazilərdə iri heyvanlar minaya düşərək məhv olub. Bundan əlavə, təmiz su mənbələrinin kimyəvi çirklənməsi nəticəsində çay və göllərdə özü-özünü tənzimləmə prosesi dayanmış, nəticədə su hövzələri bütün canlılar üçün zərərli, ölü bir zonaya çevrilmişdir. Zəngilan rayonu ərazisindən keçərək Araz çayına tökülən və Ermənistan tərəfindən ekoloji terrora məruz qalan Oxçuçayın çirklənməsi bunun əyani sübutudur.

Belə ki, 30 illik erməni işğalı dövründə Vejnəli qızıl yatağının və digər faydalı qazıntıların emalı zamanı əmələ gələn kimyəvi tullantıların Oxçuçaya axıdılması nəticəsində çayda kəskin ekoloji problem yaranıb. Bu çayın suyu hətta heyvanlar üçün belə zəhərlidir. Əslində, Oxçuçayın həddindən artıq tullantılarla çirkləndirilməsi yalnız Zəngilan üçün deyil, Araz çayı və bütün Xəzəryanı dövlətlər üçün də ekoloji terrordur. Bu isə Ermənistanın qoşulduğu ekologiya və ətraf mühitlə bağlı beynəlxalq konvensiyaların, o cümlədən "Ətraf mühitin dəyişdirilməsi üsullarının hərbi və ya hər hansı başqa düşmənsayağı istifadəsinin qadağan edilməsi" haqqında BMT konvensiyasının pozulması deməkdir.

Ötən ilin birinci rübünün yekunlarına  həsr olunan müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Avropa Şurası Parlament Assambleyasında bir neçə il bundan əvvəl xüsusi məruzə hazırlanmış və qəbul edilmişdi. Həmin sənəddə Ermənistanın Azərbaycana qarşı ekoloji terroru ilə bağlı hər şey açıq-aşkar qeyd olunsa da, ermənilər ekoloji cinayətlərini davam etdirirlər. Dövlət başçısı çıxışında günahkarlara sərt mesajlar da göndərmişdi: "...Oxçuçayın suyunu sarı rəngə boyayan "Cronimet" şirkəti gəlsin o zibilini təmizləsin. Yoxsa hesab edirlər ki, vaxt keçdi və biz hər şeyi unutduq. Biz heç nəyi unutmamışıq və unutmayacağıq".

Müharibədən dərhal sonra dövlət başçısının göstərişilə ermənilərin ekologiyaya vurduqları ziyanın aradan qaldırılması istiqamətində işlərə başlanıldı. Zəfər Günündə 44 günün şərəfinə ölkə üzrə 44 min ağac əkilməsi aksiyası çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cıdır düzündə ağac əkdilər. Bununla da Topxana meşəsinin bərpasına başlanıldı. Bu gün işğaldan azad olunmuş bütün ərazilərdə quruculuq işləri həyata keçirilir, eyni zamanda ermənilərin ekologiyamıza vurduğu zərərin aradan qaldırılması istiqamətində də mühüm tədbirlər görülür. Elə ötən  il dekabrın 3 və 7-də müvafiq qurumların mütəxəssis qrupu da Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan torpaqlarında ekoloji vəziyyətin öyrənilməsi, qiymətləndirilməsi məqsədilə treninqlər keçirmək istəyirdi. Təəssüf ki, bu, mümkün olmadı, qabaqcadan danışılsa da, sülhməramlılar buna şərait yaratmadılar. Beləliklə, dekabrın 12-də Azərbaycanın ekofəalları Laçın-Xankəndi yolunda etiraz aksiyasına başladılar. "Ekoloji terrora son!" şüarı altında keçirilən aksiyanın iştirakçıları 73 gündür ki, haqlı tələblərini dünya ictimaiyyətinə çatdırmaq istəyirlər. Dinc şəraitdə davam edən aksiyada indiyədək heç bir qanun pozuntusuna yol verilməsə də, ermənilər və onların havadarları yenə də  "ağa qara" deyib bu xeyirxah missiyanı "humanitar fəlakət" kimi dünyanın gözünə dürtməyə çalışırlar. Təbii olaraq həmişəki kimi, ikili standartlar bu dəfə də aydın görünməkdədir.

Lakin sağlamdüşüncəli qüvvələr də var. Məsələn, bu il fevralın 3-dən 5-dək Qarabağda səyahətdə olan beynəlxalq səyyahlar qrupu Laçın-Xankəndi yolunda aksiya keçirilən ərazidə də olub, ekofəalların səsləndirdikləri şüarları dinləyiblər. Səyyah Saşa Heeney "Operativ Məlumat Mərkəzi - OMM"ə verdiyi açıqlamasında deyib: "Azərbaycanlı ekofəalların Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda aksiya keçirmələri əladır. Onlar 55 gündür buradadır və öz prinsiplərinə sadiqdirlər. Ümid edirəm ki, onlar məqsədlərinə çatacaqlar. Ekofəallar təbiətin qorunmasını tələb edir. Gözlərimlə görürəm ki, burada avtomobillərin keçidinə heç bir maneə yoxdur. Gördüyümüz kimi, bu, dinc etirazdır".

Bəli, Azərbaycanın Qarabağ iqtisadi bölgəsində faydalı qazıntıların erməni quldurları və onların dəvət etdikləri xarici şirkətlər tərəfindən talan edilməsi, qazıntılar zamanı ekoloji terror törədilməsinə qarşı yönəlmiş dinc etiraz aksiyası davam edir və davam edəcək. Xarici səyyahlardan birinin dediyi kimi, insanların öz torpaqlarının qeydinə qalmasından gözəl nə ola bilər ki?!.

Zümrüd QURBANQIZI,

"Respublika".