Yeni idarəetmə modeli özünü doğruldacaq
Digər xəbərlər

Yeni idarəetmə modeli özünü doğruldacaq

Bunu işğaldan azad olunmuş ərazilərdəki nümayəndəliklərin fəaliyyəti də təsdiqləyir

Dövlət idarəetməsi sosial-siyasi funksiya olub, ictimai həyatın bütün sferalarının tənzimlənməsində, davamlı inkişafın, rifah və məmnunluq səviyyəsinin təmin olunmasında peşəkar və səmərəli dövlət qulluğunun formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir. İdarəetmə inkişaf proseslərinin tənzimlənməsinə yönəlmiş xüsusi sosial funksiyadır və o, hər bir dövrün tələblərindən irəli gələn model və metodlar əsasında həyata keçirilir.

Müasir dövrümüzdə də dövlətlərin idarəetmə sistemində təzahür edən modernləşmə yeni idarəetmə modellərinin yaradılmasını zərurətə çevirir. Bu gün respublikamızda aparılan ardıcıl islahatlar da idarəetmənin təkmilləşdirilməsinə xidmət edir. Ölkədə ümummilli lider Heydər Əliyevin idarəçilik təliminin siyasi varislik, milli maraqlar, sosial ədalət və demokratiya kimi prinsiplərinə əsasən milli və müasir idarəetmə modelinin qurulması istiqamətində ardıcıl islahatlar aparılır. Bu islahatlar səmərəli və demokratik idarəçiliyin formalaşdırılması, dövlət orqanlarının fəaliyyətində şəffaflığın, operativliyin, çevikliyin artırılması, xidmətlərin daha keyfiyyətli, rahat və müasir innovasiyalarla həyata keçirilməsi və nəticə etibarilə ölkə vətəndaşlarının rifah və məmnunluq səviyyəsinin təmin olunması kimi amillər əsasında həyata keçirilir.

Prezident İlham Əliyevin uğurlu və məqsədyönlü siyasəti, ölkəmizin yeni inkişaf mərhələsinə keçməsi, müasir demokratik mexanizmlərin yaradılması və xalqa xidmət müstəvisində səmərəli və şəffaf, müasir idarəetmə modelinin, vətəndaş-dövlət qulluqçusu münasibətlərində yeni düşüncə tərzinin, kadr potensialının formalaşdırılması korrupsiya yarada bilən səbəbləri aradan qaldırmaq üçün zəmin olmuşdur. Dövlət başçısının 20 illik fəaliyyəti dövründə onun siyasi iradəsilə vətəndaşa, insan faktoruna yönəldilmiş müasir idarəetmə modelinin formalaşdırılması, korrupsiyanın aradan qaldırılması üçün kompleks tədbirlər həyata keçirilmişdir. Qurulan yeni modeldə "dövlət qulluqçusu" anlayışı "cəmiyyətə, xalqa qulluq" mənasını ifadə edir, vətəndaşla məmur arasındakı münasibətlərdə yeni düşüncə tərzi formalaşdırır.

Yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində dövlət başçısı kadr islahatlarından, ölkədə tətbiq edilən yeni idarəetmə modelindən danışarkən demişdir: "Qarabağ və Zəngəzurda tətbiq edilən yanaşma sonra bütün ölkə üzrə də tətbiq olunacaq. İndi yeni idarəetmə modeli üzərində işlər aparılır. Kadr potensialı çox önəmlidir. Azad edilmiş torpaqlarda daha çevik, daha operativ, bürokratiyaya, xoşagəlməz hallara qurşanmamış yeni strukturlar yaradılıb".

Təbii ki, söhbət nümayəndəliklərin yaradılmasından gedir. Belə ki, Azərbaycan Prezidenti müharibədən sonra işğaldan azad edilmiş torpaqlarda başlanılan bərpa-quruculuq işlərinin daha effektiv şəkildə aparılması məqsədilə 2021-ci il fevralın 4-də xüsusi nümayəndəliklərin yaradılması ilə bağlı Fərman imzalamış, Fərmana əsasən, ilk olaraq Şuşa şəhərində Prezidentin xüsusi nümayəndəsi fəaliyyətə başlamışdır. Onun ardınca Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə xüsusi nümayəndəliklər formalaşdırılmış, yeni yaradılan qurumların rahat işləməsi üçün inzibati binalar tikilib istifadəyə verilmişdir. Bu da xüsusi nümayəndələrin ölkə başçısının qəbul etdiyi qərarların dövlət orqanları tərəfindən müvafiq ərazidə həyata keçirilməsinin vəziyyətini qiymətləndirmək, bununla bağlı aidiyyəti üzrə məlumat vermək və s. işlərin həyata keçirilməsinə imkan verir. Onu da qeyd edək ki, ötən dövrdə Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri daha geniş vüsət almış, müsbət nəticələr əldə edilmişdir.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda görülən işlərin həcmini nəzərə alsaq deyə bilərik ki, bu, Azərbaycan dövlətinin, xalqımızın daha bir qələbəsidir, çünki belə qısa zamanda əldə olunan nəticələr dünyanın özünü də təəccübləndirir, dostlarımızı heyran edir. Şuşada, Füzulidə, Zəngilanda, Ağdamda geniş infrastruktur yaradılır, bölgələrimizə tədricən yeni həyat qayıdır. Ötən ilin fevral ayında dövlət başçısının iştirakı ilə Laçında "Güləbird" SES işə salındı. Bu stansiyada istehsal olunan enerji 7000 nəfər əhalini gecə-gündüz fasiləsiz elektrik enerjisi ilə təmin edəcək. Həmçinin rayonun cənub hissəsində və ətraf ərazidə yaradılan zəruri infrastruktur obyektlərini elektrik enerjisi ilə təmin etməyə imkan verəcək. Həmin ərəfədə 110/35/10 kilovoltluq "Kəlbəcər" yarımstansiyasının da açılışı olub.

Qarabağ iqtisadi rayonunda olduğu kimi, Şərqi Zəngəzur zonasında da avtomobil yolları salınır, bu yolların çətin keçilən hissələrində tunellər çəkilir. Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq 11,6 kilometrlik tunelin təməli qoyulub və hazırda burada iş sürətlə davam etdirilir.

Onu da qeyd edək ki, Kəlbəcər və Laçının torpaqları olduqca məhsuldardır və tarixən burada kənd təsərrüfatı, heyvandarlıq kimi sahələr inkişaf etdirilib. Bu ərazilərdə hazırda aqrar sahənin inkişaf etdirilməsi məqsədilə işlər görülür. Qızıl, civə kimi yeraltı sərvətlərin, mərmərin çıxarılması və emalı sənayesinin təşkili, xalçaçılığın genişləndirilməsi də ölkə iqtisadiyyatına böyük fayda gətirəcək.

Bu zonada su mənbələrinin çoxluğu da diqqət çəkir. Elə ölkəmizin mineral su ehtiyatlarının da 40 faizə qədəri Şuşa, Laçın, Kəlbəcərin payına düşür. Ümumiyyətlə, azadlığa qovuşmuş ərazilərimizdə 20-dək müxtəlif tərkibli mineral su yataqları var. Turşsu, İstisu, Bağırsaq, İlıqsu, Minkənd sularının müalicəvi əhəmiyyəti böyükdür. Onlar da bərpa olunacaq.

İşğaldan azad olunmuş ərazilərdə yeni hava limanlarının tikintisi də buradakı işlərin həcminin real göstəricisidir. 2021-ci il avqustun 16-da Laçın Beynəlxalq Hava Limanının təməli qoyulub. Onun 2025-ci ilin əvvəlində tamamlanması proqnozlaşdırılır. Bundan əvvəl isə Füzuli və Zəngilan hava limanları istifadəyə verilib. Bütün bunlarla paralel olaraq Qarabağın hava məkanında aeronaviqasiya xidmətinin bərpa prosesi gedir.

Zəngilan rayonunda "ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülməsi 30 illik yurd həsrətinə son qoymaqla, həm də dövlətimizin gücünün nümayişi oldu. Belə ki, otuz il yurd həsrəti ilə yaşayan ailələr yeni salınmış və ən müasir infrastrukturu olan kənddə onlara verilmiş evlərdə məskunlaşıblar. Köçürülən ailələr əsasən, müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasında seçilib və bu zaman köçürülmə üçün təqdim edilən yaşayış sahələrinin həcmi nəzərə alınıb. Bu ilin sonuna isə Laçın rayonunun sakinlərinin bir qismi doğma yurdlarına qayıdacaqlar. Hazırda rayonda yeni yaşayış evlərinin tikintisi davam edir.

Bəli, bu gün Qarabağda və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri sürətlə davam edir. Məqsəd o yerlərin əbədi sakinlərinin əzəli torpaqlarına qayıdışını təmin etməkdir. Bu Böyük Qayıdışın ilk addımları atılıb, lakin görüləsi iş hələ çoxdur. Əsas hədəflərə çatmaq üçün isə Azərbaycan bütün bərpa proseslərinin öhdəsindən layiqincə gəlmək iqtidarındadır. Bu işdə indi üzərində işlənilən yeni idarəetmə modelinin də özünü doğruldacağı şəksizdir. Bunu işlərin gedişi və nəticələr də təsdiq edir. İnanırıq ki, Qarabağa, Şərqi Zəngəzura böyük köç tezliklə başlayacaq.

Zümrüd QURBANQIZI,

"Respublika".