Dirçəlişin Laçın səhifəsi
Sosial həyat

Dirçəlişin Laçın səhifəsi

Mayın 24-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri, o cümlədən hərbi attaşelər Qarabağa və Şərqi Zəngəzura növbəti dəfə səfər edib. Səfər çərçivəsində Laçın seyrəngahında COP29-la bağlı təqdimat mərasimi keçirilib. Diplomatik korpus nümayəndələri Laçında həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış olublar. Təqdimat mərasimində Azərbaycanın ev sahibliyi etdiyi COP29-un əhəmiyyəti ilə bağlı bir sıra perspektivli məsələlərə, özəlliklə də əhəmiyyətli məqamlara aydınlıq gətirilib. Daha sonra diplomatlar Qarabağ və Şərqi Zəngəzur ərazisində ekosistemin bərpasına töhfə vermək məqsədilə Həkəri çayının Laçın ərazisindən keçən hissəsinə balıqların buraxılması prosesini izləyib, 28 May - Müstəqillik Gününə həsr olunan "Xalça belə yarandı" sərgisinin açılışında iştirak ediblər.

Müzəffər Ordumuzun 44 günlük Vətən müharibəsi zamanı döyüş meydanında qazandığı qələbənin davamı olaraq Laçın rayonu 2020-ci il dekabrın 1-də işğaldan azad olundu. Hazırda işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında tikinti-quruculuq işləri aparılır, böyük layihələr icra edilir. İşğal dövründə ermənilər tərəfindən dağıdılıb, viran qoyulan kəndlər, şəhərlər, o cümlədən yaşayış evləri, müəssisələr tikilir. 2022-ci ilin sentyabr ayında şəhərin Baş planına uyğun olaraq yeni evlərin tikintisinə başlanılıb və işlərin böyük bir qismi artıq başa çatır. Şəhərdə yeni evlərin gözəl dizaynı və mənzərəsi baxanları heyran edir. Laçında yenidən qurulan 8 yaşayış binası iki və dörd mərtəbədən ibarətdir. Şəhərdə 30-dan çox ictimai binanın tikintisi nəzərdə tutulub ki, onların çoxunun inşası başa çatıb və artıq istifadəyə verilib. Şəhərə köçən sakinlərin məşğulluğu üçün işlər mütəmadi davam edir.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun Zabux, Sus kəndlərinə artıq keçmiş məcburi köçkünlərin qayıdışı başlayıb. Laçında beynəlxalq hava limanında da işlər sürətlə davam edir. Plana uyğun olaraq 2024-cü ilin sonu 2025-ci ilin əvvəlinə kimi hava limanı təhvil veriləcək. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa edilən Laçın Beynəlxalq Hava Limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Hava limanından şəhərə qədər olan məsafə 38,1 km, Şuşa şəhərinə qədər olan məsafə 75 km, Kəlbəcərə isə 59,2 km təşkil edir.

İşğaldan azad edilmiş əzəli torpaqlarımızda aparılan abadlıq, quruculuq işlərinin miqyasını göstərən Laçın Beynəlxalq Hava Limanının inşası ümumilikdə bölgənin sosial, iqtisadi inkişafına təkan verəcək və turizm potensialının artırılmasına səbəb olacaq. Aqro Sənaye Parkında da işlər yekunlaşır. Burada mebel fabriki, balıqçılıq kompleksi, heyvandarlıq sahəsi kimi müxtəlif çeşidli qırxdan çox müəssisənin yaradılması nəzərdə tutulub. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Laçın şəhərinin daxili yollarının bərpası layihəsi sürətlə və keyfiyyətlə icra olunur. Uzunluğu 59 km olan yolların hər birinin eni 3,5 metr olmaqla iki hərəkət zolaqlıdır, layihə üzrə torpaq yatağının eni 8-15 metr təşkil edir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri də uzunluğu 76,3 kilometr olan Kəlbəcər-Laçın avtomobil yoludur. Yol boyu tikintisi nəzərdə tutulmuş 12 avtomobil tunelinin tikinti işləri uğurla davam etdirilir.

Ölkə başçısının göstərişləri və tapşırıqlarına uyğun olaraq həyata keçirilən işlərdə əsas məqsəd insanların təhlükəsizliyi və rahatlığıdır. Azərbaycan dövləti Laçın şəhər mərkəzinə və kəndlərə insanların təkcə köçürülməsini təmin etmir, eyni zamanda burada köçürülən insanlar üçün hər cür şərait yaradılır. Yeni istifadəyə verilən iş yerləri, sənaye məhəllələrinin, parkların salınması, rahat və komfortlu evlərin tikilib istifadəyə verilməsi uzun müddət məcburi köçkün düşmüş laçınlıların öz ata-baba yurdlarına daimi qayıtmasını təmin etmək məqsədilə həyata keçirilir.

Laçının flora və faunası, eləcə də su ehtiyatları ümumilikdə rayonun gələcəkdə dağ sağlamlıq turizminin inkişafına imkan verəcək ki, bu da əhalinin və rayonun iqtisadi inkişafına şərait yaradacaq. İşğaldan əvvəl Laçın şəhərində fəaliyyət göstərən kinoteatrın binası bu günlərdə yenidən bərpa olunaraq istifadəyə verilib. İşğal dövründə ermənilər tərəfindən tamamilə dağıdılan kinoteatr binası 8 aya bərpa olunub və ilk dəfə olaraq Laçında "Mən burdayam, ilahi" adlı Azərbaycan filminin nümayişi olub.

Həkəri çayının sahilində Laçın bulvarı da salınıb ki, bu da şəhərin həm gözəlliyinə gözəllik qatır, həm də insanların təbiət qoynunda dincəlməsinə xidmət edir. İşğal dövründə Laçında tarixi mədəni abidələr, Ağoğlan məbədi, Soltan Əhməd sarayı, Qız qəbri abidəsi və digər onlarla tarixi tikililər də vandalizmə məruz qalıb ki, onlar da Prezident İlham Əliyevin göstərişi ilə Heydər Əliyev Fondu tərəfindən bərpa olunur.

Tacir SADIQOV,

"Respublika".