MİLLİ MƏTBƏX FESTİVALI
Sosial həyat

MİLLİ MƏTBƏX FESTİVALI

Azərbaycan Milli Kulinariya Assosiasiyasının təşəbbüsü ilə hər il oktyabr ayının 20-si Beynəlxalq Kulinariya Günü kimi qeyd olunur. Mətbəxinin zənginliyi, rəngarəngliyi ilə seçilən Lənkəran rayonu  Azərbaycanın mətbəx ənənələrini layiqincə yaşadır. Təsadüfi deyil ki, 2021-ci ildə UNESCO-nun Şəhərlər Platforması tərəfindən "Qastronomiya" nominasiyası üzrə Lənkəran şəhəri Yaradıcı Şəhərlər sırasına daxil edilib. Ötən iki ildə rayonda respublika səviyyəli kulinariya festivalları və elmi-praktik konfranslar keçirilib.

Bu günlərdə Lənkəran Dövlət Universiteti, Lənkəran-Astara Regional Mədəniyyət  İdarəsi, Azərbaycan Milli Kulinariya Assosiasiyası, TÜRKSOY-un Dünya Türk Mətbəx Kültürü, Elm və Sənət Birliyi  tərəfindən Lənkəran Dövlət Universitetində və Q.Vəliyev adına Lənkəran Şəhər Mədəniyyət Mərkəzində "Azərbaycan mətbəxi türk mətbəx mədəniyyətinin təcəssümü kimi" növbəti respublika elmi-praktik konfransı və milli mətbəx festivalı keçirildi.

Festivalda Lənkəran-Astara Reginal Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov çıxış edərək cənub bölgəsinin zəngin mətbəx mədəniyyətinə malik olduğunu, Lənkəranın mətbəx mədəniyyətinin elmi cəhətdən öyrənilib təbliğ olunmasının vacibliyini diqqətə çatdırdı.

Lənkəran Dövlət Universitetinin rektorunun müşaviri, texnika elmləri doktoru Mikayıl Məhərrəmov cənub regionunun kulinariya mədəniyyətinin zənginliyindən söhbət açdı.

Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti, respublikanın Əməkdar mədəniyyət işçisi, professor Tahir Əmiraslanov qeyd etdi ki, mətbəx mədəniyyəti hər bir bölgənin tarixini, adət-ənənələrini, qonaqpərvərliyini əks etdirir.

Festival çərçivəsində milli mətbəximizin motivlərini əks etdirən rəsm və sənətkarlıq sərgisi nümayiş olundu.

Türk xalqlarının növbəti milli mətbəx festivalları və elmi-praktik konfranslar 2024-cü ildə Özbəkistanda, 2025-ci ildə isə Türkmənistanda keçiriləcək.

Əlisəfa HƏSƏNOV,

"Respublika".