Dövlət Sosial Müdafiə Fondu növbəti beynəlxalq müsabiqənin qalibi oldu
Digər xəbərlər

Dövlət Sosial Müdafiə Fondu növbəti beynəlxalq müsabiqənin qalibi oldu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) növbəti beynəlxalq nailiyyət əldə edib: Bu dəfə DSMF Böyük Britaniyada yerləşən nüfuzlu “World Finance” beynəlxalq qurumunun “Pensiya Fondlarının Mükafatları – 2023” beynəlxalq müsabiqəsində qalib gələrək “Ən Yaxşı Pensiya Fondu” adına layiq görülüb.

“Respublika” xəbər verir ki, “World Finance” beynəlxalq qurumu son bir ildə dünyada artan makro qeyri-müəyyənliyin, pulun sürətlə ucuzlaşması şəraitində sistem riskini idarə etməyin pensiya fondu sənayesi üçün çətin olduğunu bildirib. Belə çətin şəraitdə dayanıqlıq nümayiş etdirənlərin, investisiya fəaliyyətini portfelin dekarbonizasiyası üçün mütərəqqi imperativlə balanslaşdırmağa nail olanların, beləliklə, çətin mühitdə aktivlərini səmərəli şəkildə idarə edərək yenilikçi və dinamik yanaşma nümayiş etdirənlərin müsabiqənin qalibləri kimi seçildiyini qeyd edir.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, son illər DSMF-də aparılan ardıcıl islahatlar  beynəlxalq səviyyədə maraqla qarşılanaraq yüksək qiymətləndirilib. Bunun göstəricisi olaraq, DSMF keçən il və bu ilin ötən dövründə 12 beynəlxalq mükafatla (Böyük Britaniyada keçirilən müsabiqələrdə

“2022-ci ilin Beynəlxalq Dövlət Qurumu” və “Sosial təminat  sahəsində islahata görə Mükəmməllik Sertifikatı, 2023-cü ilin Qalibi” ali mükafatları, Beynəlxalq Sosial Təminat Assosiasiyasının mükafatı və 3 Mükəmməllik Sertifikatı, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının mükafatı, Malayziyada keçirilən beynəlxalq müsabiqədə 1 Qızıl, 2 Xüsusi Mükafat və s.) ilə təltif olunub. Ümumilikdə qeyd olunan dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qurumları 36 beynəlxalq mükafat və sertifikatla təltif olunub.

M.MUSTAFAYEV,

“Respublika”