Dünyanı birləşdirən qlobal nəqliyyat qovşağı
İqtisadiyyat

Dünyanı birləşdirən qlobal nəqliyyat qovşağı

Böyük infrastruktura malik ölkəmiz Avrasiyanın tranzit və logistika mərkəzi kimi yeni mərhələyə qədəm qoyub

Müasir dövrdə beynəlxalq nəqliyyat dəhlizləri artıq bir dəyər zəncirinə çevrilib. Dəhlizlərin daha əlverişli və qısa ərazilərdən keçməsi arzuolunandır. Bununla yanaşı, məsafələrin qısaldılması mümkün olmadıqda belə, daşınma müddətini azaltmaq imkanları mövcuddur. Ölkəmizin Böyük İpək Yolu və Şimal-Cənub, Şərq-Qərb magistral xətlərinin üzərində yerləşməsi onun nəqliyyat infrastrukturunun yüksək inkişafına şərait yaradır.

2022-ci il iyunun 29-da Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında Prezident İlham Əliyevin bildirdiyi fikirlər diqqətəlayiqdir: "Azərbaycan Vətən müharibəsində Qələbədən və Ermənistanla münaqişənin həllindən sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, o cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlər görməyə başlayıb. Zəngəzur dəhlizi artıq reallığa çevrilir". Dövlətimizin başçısının uğurlu siyasətinin nəticəsi olaraq Azərbaycan nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində gedən qlobal rəqabətdə böyük uğurlar qazanır. Beləliklə, ölkəmizin tranzit və logistik imkanlarının genişlənməsi baxımından yeni mərhələ başlayıb.

Bölgələrdə yeni beynəlxalq aeroportların tikilməsi, yolların salınması, regional layihələrin icrasında aparıcı rol oynaması Azərbaycanın məqsədyönlü siyasətinin tərkib hissəsi kimi həm daxili nəqliyyat infrastrukturunun inkişafına töhfə verir, həm də ölkəmizi Avrasiyanın nəqliyyat qovşağına çevirir. Azərbaycan Prezidentinin uzaqgörən siyasətinin nəticəsi olaraq bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Azərbaycan həyata keçirdiyi irimiqyaslı infrastruktur layihələri vasitəsilə əlverişli regional tranzit mərkəzinə çevrilir. Respublikamızın ərazisindən Şərq-Qərb və Şimal-Cənub kimi iki mühüm dəhliz keçir və bu beynəlxalq səviyyəli marşrutlar Orta Dəhlizdə Azərbaycanın önəmini artıran amillərdəndir.

Avropa və Asiya arasında əlverişli coğrafi mövqedə yerləşən Azərbaycan ölkə ərazisindən keçən Orta Dəhlizin rəqabətqabiliyyətinin artırılması istiqamətində bir sıra layihələr həyata keçirib. 2007-ci il fevralın 7-də Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə dair Saziş imzalanıb. Elə həmin ilin noyabrında Gürcüstanın Marabda məntəqəsində dəmir yolu xəttinin təməli qoyulub. 2008-ci ilin iyulunda isə Qars şəhərində Qars-Gürcüstan sərhədi hissəsinin tikintisinin təməlqoyma mərasimi keçirilib. Ümumi uzunluğu təxminən 850 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstan, 79 kilometri isə Türkiyə ərazisindən keçir. 2017-ci il oktyabrın 30-da istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu Orta Dəhlizin bir hissəsi kimi Şərqlə Qərb arasında nəqliyyat bağlantısını təmin etməklə, qədim İpək Yolunun polad magistrallar üzərində bərpasıdır. Adıçəkilən dəmir yolu Çindən Avropaya yüklərin Orta Dəhlizlə çatdırılması müddətinin dəniz daşımalarına nisbətən iki dəfədən çox azaldılmasına imkan yaradır.

Tarixən mühüm nəqliyyat qovşağı hesab olunan İpək Yolunun Azərbaycandan keçməsi ölkəmizin logistika sahəsində qədim ənənələrə malik olduğunu göstərir. Tarixi İpək yolunun bərpası istiqamətində nəhəng qlobal təşəbbüsün mühüm həlqəsi kimi çıxış edən Azərbaycan təkcə tranzit ölkə kimi yox, eyni zamanda Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi kimi layihələrin də təşəbbüskarı və icraçısıdır. Ölkəmiz coğrafi və iqtisadi mövqeyinə görə xüsusi əhəmiyyət daşıyır, həmçinin Şimalla Cənubu da birləşdirən mühüm tranzit rolunu oynayır. Şimal-Cənub nəqliyyat dəhlizi Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Şimali Avropa ölkələrini birləşdirəcək. Azərbaycan dünyada yeganə ölkədir ki, onun həm Rusiya ilə, həm İranla quru sərhədi var və bu coğrafi yerləşmə üçtərəfli regional əməkdaşlığın inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.

23-cü Asiya Forumunda bu region üzrə ölkələr arasında ticarətlə bağlı təqdim olanan proqnozlar iqtisadi fəaliyyətlərin intensivliyi və təkmilləşdirilmiş infrastruktur hesabına iştirakçı dövlətlər arasında ticarət həcmlərini davamlı olaraq artıracaq. Çinin Sian şəhərində istismara verilmiş Qazaxıstan terminalından başlayaraq Aktau və Abşeron stansiyasiyalarından keçən və uzunluğu 7 min kilometr olan marşrutu 11 günə qət edən qatar Orta Dəhlizin rəqabətqabiliyyətini artırmaqla, multimodal daşıma sahəsində ölkələr arasında ticarət, gömrük sahələrində regional inteqrasiya təşəbbüslərini sürətləndirəcək. Eyni zamanda həmin Mərkəz vasitəsilə Azərbaycana ayda 10 konteyner qatarının yola salınması Orta Dəhlizin inkişaf etdirilməsi və yeni yüklərin cəlb edilməsi ilə yükdaşımaların həcminin əhəmiyyətli artırılmasına dəstək verəcək.

Azərbaycanın tranzit sahəsində potensialının reallaşdırılması baxımından Çinin "Bir kəmər, bir yol" təşəbbüsü də ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan bu strategiyanı dəstəkləyən ilk ölkələrdəndir. Rəsmi Bakının məqsədi Trans-Xəzər Tranzit Dəhlizini "Bir kəmər, bir yol" layihəsinə inteqrasiya etmək və bütün iştirakçı ölkələrin ümumi iqtisadi maraqlarına uyğun fayda əldə etməkdir. Bu təşəbbüs, eyni zamanda Azərbaycanın qeyri-neft sektorunun inkişafı və qeyri-neft məhsullarının ixracı üçün geniş bazarların açılmasında əhəmiyyətli addımdır.

Güclü infrastruktura malik olan Azərbaycan nəqliyyat şəbəkələrinin inkişafına böyük sərmayə qoyaraq strateji üstünlüyünü daha da möhkəmləndirməklə mühüm nəqliyyat qovşağına çevrilir. Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanlarının davamlı inkişaf etdirilməsi məqsədilə 2018-ci ildə Qaradağ rayonunun Ələt qəsəbəsində ölkənin əsas dəmir yolları və avtomobil yolları şəbəkəsinin kəsişdiyi ərazidə yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı istifadəyə verilmişdir. Tarixən mühüm nəqliyyat qovşağı hesab olunan İpək yolunun Azərbaycandan keçməsi ölkəmizin logistika sahəsində qədim ənənələrə malik olduğunu göstərir.

Onu da qeyd edək ki, Ələt terminalında azad iqtisadi zonanın yaradılması ölkəmiz üçün uzunmüddətli iqtisadi perspektivlər vəd edir. Orta Dəhlizin digər marşrutlara inteqrasiyası isə gözlənilən dividendləri daha da artıracaq. Orta Dəhliz marşrutu ilə daşınan yüklər həm də Azərbaycanın ərazisindən keçən Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinə inteqrasiya edilmiş yollarla daşına bilər. Eyni zamanda 44 günlük Vətən müharibəsində işğaldan azad edilmiş Şərqi Zəngəzur regionunda da dəhlizin inkişaf etdirilməsi perspektivləri mövcuddur. Zəngəzur vasitəsilə Naxçıvandan Türkiyəyə, oradan isə daha geniş coğrafiyaya çıxış mümkündür. Başqa sözlə desək, Zəngəzur dəhlizi açıldıqdan sonra Azərbaycanın Orta Dəhliz vasitəsilə daşınma imkanları daha da genişlənəcək və bu da bütün region dövlətləri üçün yeni fürsətlər yaradacaq.

İşğaldan azad olunmuş ərazilərdə yeni hava limanlarının tikintisi, gəmilərin inşası, Bakı Beynəlxalq Dəniz  Ticarət Limanında görülən işlər, dəmir yolu infrastrukturunun şaxələndirilməsi, beynəlxalq avtomagistralların tikintisi və yenidən qurulması üçün ayrılan vəsaitlər göstərir ki, Azərbaycan nəqliyyat habına çevrilmək istiqamətində ardıcıl addımlar atır, qətiyyətli iradə ortaya qoyur. Dövlət başçısının 2023-cü il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024-2026-cı illər üçün" Fəaliyyət Planı böyük əhəmiyyət kəsb edir. Bu mühüm dövlət sənədində konkret məsələlər üzrə 24 istiqamətdə müxtəlif tədbirlərin reallaşdırılması nəzərdə tutulur ki, bu da nəqliyyat-tranzit-logistika xidmətlərini büdcənin əsas gəlir mənbələrindən birinə çevirməyə, ölkəmizin mövcud daşıma xidmətləri potensialından daha səmərəli şəkildə istifadə etməyə şərait yaradacaq.

Səmərqənddə keçirilən Şanxay əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində Prezident cənab İlham Əliyev çıxış edərkən Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin bu regiondakı dövlətlər arasında əhəmiyyətli regional kommunikasiya layihələrinin həyata keçirilməsinə böyük təsir göstərdiyini bildirmişdir. Azərbaycan Qərb qonşuları Gürcüstan və Türkiyə, Şərqdə isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Respublikamız Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğu üçün ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırıb. Bütün bunlar təsdiq edir ki, ölkə başçısının uzaqgörən siyasəti nəticəsində həyata keçirilən transmilli layihələr öz müsbət nəticəsini verir.

Mustafa KAMAL,

"Respublika".