Ermənilərin biabırçı məğlubiyyət etirafı
Siyasət

Ermənilərin biabırçı məğlubiyyət etirafı

Erməni ordusunda baş vermiş özbaşınalıqlardan fərqli olaraq İkinci Qarabağ müharibəsi zamanı ordumuzun tək bir əsgəri belə geri çəkilməmişdir.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev   öz çıxışlarında erməni əsgərlərinin fərariliyindən söz açmışdır. Azərbaycan Prezidenti 2021-ci il avqustun 16-da Kəlbəcər şəhərində dövlət bayrağının ucaldılması mərasimində çıxış edərkən bu barədə demişdir: "Erməni əsgəri fəraridir, qorxaqdır. Onlar özləri etiraf etdilər bu da sübut olundu ki, müharibə dövründə Ermənistan ordusunda 10 min fərari olmuşdur. Azərbaycan Ordusunda bir nəfər olsun fərari olmamışdır. Yəni bu mif darmadağın edildi. Erməni əsgəri fəraridir". Cənab Prezident, həmçinin 2020-ci il noyabrın 20- Ağdam rayonunun işğaldan azad olunması münasibətilə xalqa təbrik müraciətində Ermənistan ordusundan fərarilik edənlərin sayının 10 mini ötdüyünü bildirmişdir.

Tavuş rayonunun Açarkut kəndində 44 günlük müharibə zamanı həlak olmuş David Şahnazaryanın anım tədbirində Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Akopyan bildirib ki, bu müharibə zamanı erməni ordusunda fərarilərin sayı 11 min nəfər təşkil edib.

Siyasi ekspert Samir Hümbətov Anna Akopyanın bu etirafının həqiqəti əks etdirdiyini deyib: "Onu qeyd etmək lazımdır ki, bu gün Ermənistanda bir-birini ittiham edən qruplar çoxdur. İkinci Qarabağ müharibəsi məsələsi ilə bağlı artıq məhkəmələr qurulub. İstər hərbçilər, istər mülki şəxslər, istərsə dövlət strukturunda çalışan məmur təbəqəsi müharibədəki məğlubiyyətlərini bir-birinin üzərinə atmağa çalışırlar. Amma bir reallıq da var ki, Azərbaycan tərəfi bu müharibənin mütləq qalibidir, bunu heç kim dana bilməz. Azərbaycan xalqı, dövləti, ordusu ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə bir yumruq kimi birləşdi, 44 gün ərzində 30 il işğal altında olan ərazilərimiz azad edildi. Nəzərə almaq lazımdır ki, Ermənistan öz havadarlarının dəstəyi ilə bu əraziləri 3 il ərzində işğal etmişdi. Ancaq biz torpaqlarımızı 44 gün ərzində geri qaytardıq. Bu, Azərbaycan ordusunda nizam-intizamın, döyüş ruhunun yüksək olmasından, eyni zamanda Azərbaycan xalqının öz torpağı uğrunda canından keçməsindən xəbər verir. Onu da deyək ki, Azərbaycan İkinci Qarabağ müharibəsində 3000-dən çox şəhid verdi 10 minə yaxın qazimiz oldu. Bu gün Ermənistanda 11 min fərarinin olması heç kim üçün şübhəli sirli məsələ deyil. Bu ondan qaynaqlanır ki, fərarilər özləri yaxşı başa düşürdülər ki, Qarabağ onların torpağı deyil gec-tez Azərbaycan o torpaqları geri alacaqdır.

Erməni cəmiyyətində əksəriyyət Paşinyanı günahlandırır. Anna Akopyan öz etirafı ilə erməni xalqının döyüş ruhunun olmadığını bəyan etdi. Düşünürəm ki, Anna Akopyanın çıxışı həm erməni, həm Azərbaycan cəmiyyətinə ünvanlanmış bir mesajdır: erməni xalqı döyüşə bilmir, vətənpərvərlik ruhunda deyil. Onların əsas işi fərarilik etmək idi, onu da etdilər".

Həqiqətən , Anna Akopyan öz çıxışında erməni qorxaqlığı erməni satqınlığını əks etdirən gerçəklikləri bir daha etiraf etdi.

Nəzrin CAVADZADƏ,

"Respublika".