Forumda növbəti panel sessiya tənzimlənməyən miqrasiya və sosial təsirlərə həsr edilib
Siyasət

Forumda növbəti panel sessiya tənzimlənməyən miqrasiya və sosial təsirlərə həsr edilib

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində növbəti panel sessiya "Tənzimlənməyən miqrasiya və sosial təsirlər: beynəlxalq təhlükəsizlik üçün təhdid və imkanlar" mövzusuna həsr edilib.

AZƏRTAC xəbər verir ki, panel sessiya Mədəni İnfuziya və Müxtəliflik Atlasının təsisçisi və prezidenti Piter Mousaferiadisin moderatorluğu ilə keçirilib.

Sessiyada çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov qeyd edib ki, Azərbaycan nizamlı miqrasiya proseslərini asanlaşdırmaq üçün strukturlaşdırılmış yollardan fəal şəkildə istifadə edir.

O bildirib ki, bu gün Azərbaycanın miqrasiya idarəetmə sistemi tam avtomatlaşdırılıb, miqrantlara göstərilən bütün miqrasiya xidmətləri elektron qaydada aparılır. "Geniş kommunikasiya kanallarımız, eləcə də maarifləndirmə tədbirləri vasitəsilə ölkəmizə gələn miqrantların mövcud miqrasiya qaydaları haqqında mütəmadi olaraq məlumatlandırılmasını təmin edirik. Maarifləndirmə ilə yanaşı, Azərbaycan nizamsız miqrasiyanı minimuma endirmək üçün əsas qabaqlayıcı strategiya kimi nizamlanmadan istifadə edir", - deyə Vüsal Hüseynov vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan çoxmillətli ölkə kimi multikulturalizm dəyərlərinin təbliği dövlət siyasətində mühüm yer tutur ki, bu da miqrasiya idarəçiliyi sisteminin tərkib hissəsidir.

O əlavə edib ki, Azərbaycanda bütün millətlərin və etnik qrupların nümayəndələrinin vahid ailə kimi, qarşılıqlı anlaşma və hörmət şəraitində yaşaması baxımından inteqrasiya proseslərinə yardım etmək məqsədi daşıyır. Müxtəlif kateqoriyalardan olan miqrantların hüquqlarının müdafiəsi və onların özlərini vətənlərindəki kimi hiss etmələrinin təmin edilməsi diqqət mərkəzindədir.

"Qeyri-qanuni miqrasiya probleminin həllinə və davamlı inkişaf üçün miqrasiya potensialının açılmasına gəldikdə, ikitərəfli və çoxtərəfli tərəfdaşlığın təşviqi bizim diqqət mərkəzimizdə olan digər sahədir. Biz müntəzəm miqrasiyanın təşviqi, qeyri-qanuni miqrasiyanın qarşısının alınması, qabaqcıl təcrübə mübadiləsinin asanlaşdırılması və miqrantların hüquqlarının müdafiəsi məqsədilə mənşə və təyinat ölkələri ilə ikitərəfli müqavilələr imzalamışıq. Azərbaycan çoxtərəfli səviyyədə "Çempion ölkələri" sırasına daxil olmaqla Miqrasiya üzrə Qlobal Sazişin fəal müdafiəçisi olub, regional və qlobal səviyyədə məlumatlılığın və potensialın artırılması istiqamətlərində vasitəçi rolunu oynayıb və müxtəlif çoxtərəfli təşəbbüslərə rəhbərlik edir", - deyə xidmət rəisi qeyd edib.

Vurğulanıb ki, müntəzəm miqrasiya yollarını təşviq etməklə ölkəmiz nəinki qeyri-qanuni miqrasiyanın miqyasının və təsirinin azalmasına töhfə verir, həmçinin miqrasiyanın inkişaf faydalarını genişləndirir.

Belə ki, miqrantlar mədəni mübadilə və dialoq agentləri olmaqla yanaşı, əmək bazarındakı boşluqları doldurmaqla, innovasiyalar, bacarıq və biliklər gətirməklə inkişafa töhfə verirlər.

Daha sonra Türkiyənin Baş ombudsmanı Şərəf Malkoç, "Agora Diplomatica"nın prezidenti Pablo Fontanal Errera, Qlobal Dialoq Fondunun sədri və icraçı direktoru Piter Gorgievski, Beynəlxalq Miqrasiya Təşkilatının miqrasiya və sərhədlərin subregional idarəetmə mütəxəssisi Pier M.Rossi-Longhi, Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Ramil İsgəndərli və BMT-nin Azərbaycandakı Rezident Əlaqələndirici Ofisinin rəhbəri xanım Kanako Mabuchi panel sessiyada məruzələrlə çıxış ediblər.