Ermənistanda Paşinyanı devirmək istəyənlər açıq bəyanatlar verirlər...
Siyasət

Ermənistanda Paşinyanı devirmək istəyənlər açıq bəyanatlar verirlər...

İkinci Qarabağ müharibəsində Azərbaycan ordusunun əldə etdiyi şanlı Zəfər və Ermənistanın kapitulyasiyası Nikol Paşinyanın hakimiyyəti üçün təhlükə yaratdı. Bundan sonra baş nazir Rusiyanı Ermənistana xəyanətdə ittiham etməyə başladı. 3 ildir ki, Ermənistanın daxili və xarici siyasətində dəyişən tendensiyalar özünü göstərir. 2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağ ərazisində apardığı antiterror tədbirlərində erməni silahlı birləşmələrinin məğlubiyyətindən, İrəvanda Paşinyana qarşı kütləvi etirazlar başladıqdan sonra məğlub liderin istefası tələbi Ermənistanın anti-Rusiya siyasətini kulminasiya nöqtəsinə çatdırdı.

Hakimiyyəti öncəki iqtidarı ittiham edərək əldə edən baş nazir Avropa Parlamentində çıxışında növbəti dəfə Rusiyanı hədəf alaraq müttəfiqlərini xəyanətdə, Ermənistan hökumətini devirmək üçün çağırışlar etməkdə günahlandırdı. Açıq şəkildə ölkəsinin Rusiya ilə siyasi əlaqələri kəsərək Fransanın himayəsinə keçmək niyyətində olduğunu bildirdi.

Erməni mətbuatında yayılan xəbərlərə görə, oktyabrın 10-da baş nazir hakim partiyadakı yaxın çevrəsi ilə qapalı görüş keçirib. Görüşdə Paşinyan Fransadan perspektivli təkliflər aldığını və bu səbəbdən xarici siyasətində istiqaməti şimaldan qərbə doğru dəyişəcəyini bildirib. Nazirlər Kabinetinin rəhbərinin KTMT-nin Minskdə keçiriləcək sammitində iştirakdan imtina etməsi İrəvanın Qərbə üz tutmaq, KTMT ölkələri ilə müttəfiqlik münasibətlərini pozmaq niyyətini bir daha nümayiş etdirir. Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı mövqeyi standart Qərb ssenarisidir və bu, onu deməyə əsas verir ki, Paşinyan və komandası hakimiyyətdəki "mikroskopik" gücünü qorumaq üçün Qərbin Rusiyanı Cənubi Qafqazdan çıxarmaq məqsədi daşıyan "böyük oyunun" oyuncağına çevrilib.

Paşinyanın bu addımları Ermənistanda daxili ictimai-siyasi vəziyyəti gərginləşdirir. Müxalifət ötən aylarda Nikol Paşinyanın və onun komandasının hakimiyyətdən uzaqlaşdırılması üçün Milli Komitənin yaradıldığını bəyan etmiş, noyabrın 11-də isə Nikol Paşinyanın istefasını tələb etmişdi. "Daşnaksütyun" partiyasının nümayəndəsi İşxan Saqatelyan bu tələb yerinə yetirilmədiyi təqdirdə parlamentində müxalifətin növbədənkənar iclasını keçirərək Nazirlər Kabinetinin rəhbərini hakimiyyətdən uzaqlaşdıracaqlarını bildirib. Paşinyanı devirmək istəyənlərin açıq bəyanatları və müxalif deputatların onu impiçment etməklə hədələməsi yaxın aylarda ölkə daxilində "siyasi hərarətin" yüksələcəyinə işarə edir.

Paşinyan iqtidarında monolitlik heç də sağlam deyil. Üstəlik, Paşinyanın komandasına daxil olan fiqurlar vaxtaşırı ziddiyyətli bəyanatlar verməkdədirlər. Bu da muxalifətin əlini daha da gücləndirir. Müxalifət Paşinyanı Ankara və Bakının ortaq sülh strategiyasına xidmət göstərməkdə ittiham edir. Maraqlı detallardan biri də odur ki, Paşinyanın Azərbaycanla sülh müqaviləsinin imzalanmasını gecikdirməsini, müxalifət baş nazirin xalqa öz "uğuru" kimi göstərməsi olaraq qiymətləndirir. Avropanın marioneti olan Paşinyan da sadəcə öz mənfəətini güdən, yalandan milliyyətçi maskası taxmış müxalifət də erməni xalqının ən böyük fəlakətidir.

Aiza ŞABANOVA.