ƏSRLƏRİN YADİGARI - “ÇÖKƏK HAMAM
Region

ƏSRLƏRİN YADİGARI - “ÇÖKƏK HAMAM"

Azərbaycana üz tutan səyyahların geniş maraq dünyasını zənginləşdirən, Odlar yurdunun ən qədim mədəniyyət mərkəzi olan Ulu Gəncə Qafqazın füsunkar guşələrindən biri kimi tanınır. Gəncənin qədimiliyini əks etdirən memarlıq abidələri yetərincədir.

Belə ki, 500-dən çox tarixi abidə siyahıya alınmışdır ki, bunlardan 300-ə yaxını dövlət tərəfindən qorunur. VIII əsrə aid tarixi memarlıq abidələri Gəncənin memarlıq məktəbinin gözəl nümunələri, sözün əsl mənasında, tarixin yadigarıdır. Hər bir divarında, daşında bənzərsiz naxışlar, yazılar insanları valeh edir. Eyni zamanda Gəncə Azərbaycanın istiqlaliyyət tarixini qoruyub saxlayan şəhəridir. Milli dövlətçiliyimizin əsası məhz bu şəhərdə qoyulub. Tarixi keçmişimizə hörmət əlaməti olaraq, şəhərdəki bütün abidələr yenidən qurulur. İndiki Gəncə şəhərindən 6-7 kilometr şimal-şərqdə yerləşən, qədim Gəncə şəhərini əhatə edən üçqatlı müdafiə sədlərinin və qala divarlarının inşa edildiyi tarixi dəqiq bilinməsə də, məlumdur ki, Gəncə hələ Şəddadilər dövlətinin paytaxtı olarkən qala divarı ilə əhatə edilmişdir. Gəncə haqqında bilgiləri ərazidə aparılan arxeoloji qazıntılar, salnaməçi-tarixçilər, səyyahların məlumatları verir. Şəhərin ərazisində müxtəlif dövrlərdə arxeoloji qazıntı işləri aparılsa da, bu işlər tamamilə yekunlaşmayıb. Qazıntılar zamanı qala divarlarının bir hissəsi, şəhərin müxtəlif ictimai binalarının qalıqları və çoxlu maddi mədəniyyət nümunələri aşkarlanıb. Arran memarlıq məktəbinə uyğun olaraq Gəncə qalasının divarları kərpicdən inşa edilmişdir.

Qədim Gəncənin nadir incilərindən olan "Çökək hamam" abidəsi memarlıq kompozisiyası, planlaşdırma, konstruktiv və bədii-dekorativ xüsusiyyətlərinə görə orta əsr Azərbaycan memarlığının incilərindəndir. İnsanların təhlükəsizliyi üçün bir-birinə yaxın yerlərdə yerləşən Karvansara, Çökək hamam və Şah Abbas məscidi ilə yeraltı yollarla əlaqələr mövcud olub. Gəncədə səfəvi şahının 400 illik yadigarı olan "Çökək hamam" tarixi abidədir. 

Səfəvi hökmdarı I Abbasın əmri ilə 1601-ci ildə Gəncədə Cümə məscidinin (yaxud Şah Abbas məscidi) inşasına başlanmışdır. 1606-cı ildə isə memar Şeyx Bəhaəddinin layihəsi əsasında məscidin yaxınlığında hamam tikilmişdir. Səfəvi Şah Abbasın əmri ilə tikildiyi üçün el arasında ona "Şah Abbas hamamı" da deyirlər. Hamamın "Çökək hamam" adlandırılması isə texniki quruluşundan irəli gəlir. Belə ki, suyun təzyiqini təmin etmək üçün hamam çökəkdə inşa edilib. Hamam odunla qızdırılırdı. Tikilinin altındakı zirzəmidə iki buxar qazanı yerləşir və bu qızdırıcı soba rolunu oynayırdı. Su Şatır arxı və Hacı Bağır kəhrizləri üstündə qurulan supaylayıcıdan götürülürdü. Su qızdırılan zaman qazanın altında yandırılan odunun tüstüsü zirzəmiyə yönəlir, buxar vasitəsilə, isti su ilə birgə hamamın divarlarında və döşəməsində quraşdırılmış keramik borularla buxar zallara ötürülürdü. Buxar bərabər ölçüdə dövr edir və bütün otaqları qızdırırdı. Beləliklə, həm zallar, həm də hamamın divarları isinirdi. Binanın tikintisində gil-əhəng qatışığı və qırmızı kərpicdən istifadə olunub. Bina günbəzlidir. Hamamın tikintisində o zamanın ənənəvi materialları - qırmızı kərpic və yumurtanın ağı, gil və əhəngin bərkidici qarışığından istifadə edilib. Hamam iki iç-içə zaldan ibarətdir: mərkəzində çarhovuz və fəvvarə olan əsas zal istirahət üçün, kiçik zal isə yuyunmaq üçün nəzərdə tutulub. Burada isti və soyuq su ayrıca kiçik hovuzlara yığılaraq istifadə olunurdu. Hamamın keçmişdə şamla isidilməsi də iddia edilir. Bir giriş qapısı olan hamamın arxa tərəfdən tunelə oxşar yolu mövcuddur ki, bu yol Gəncədə olduqca əhəmiyyətli yeraltı yollara birləşir. Bu yollardan vaxtilə daldalanacaq kimi də istifadə edilib. Baxımsızlıq səbəbindən dağılıb. Hamamın iki böyük və beş kiçik günbəzi var. Şəhərə gələn qonaqlar, dindarlar bu hamamdan istifadə ediblər. Məşhur "O olmasın, bu olsun" filminin bəzi epizodları burada çəkildiyi üçün bəzən sakinlər bura "Məşədi İbad hamamı" da deyirlər. Dörd yüz illik tarixi olan bu sistem 1963-cü ilədək mükəmməl işləyib. 2002-ci ildən "Çökək hamam" beynəlxalq əhəmiyyətli mədəniyyət abidəsi statusu alıb və UNESCO tərəfindən mühafizə olunur. Abidə 2013-cü ildə təmir edilib. Restavrasiya zamanı tarixi orijinallığı saxlanılıb. Eyni zamanda daxildən suların hamama axmaması üçün izolyasiya işləri aparılıb. Abidənin erroziyaya uğrayan hissələri, həmçinin dam örtüyü yenidən bərpa olunub.

Zabit XƏLİLOV,

"Respublika".