Forpostun yeni sərgüzəştləri: hədəfdə KTMT
Siyasət

Forpostun yeni sərgüzəştləri: hədəfdə KTMT

Kollektiv qərb Ermənistanda antirus meyillərini gücləndirir. Forpostun Kremlə xəyanəti havadarları üçün "göydəndüşmə" fürsətdir. Rusiyaya qarşı yaradılan yeni cəbhə planı hələlik uğurla icra olunur. Hədəfdə isə rəsmi Moskvanın nüfuzunun yüksək olduğu iqtisadi-siyasi təşkilatların Ermənistana təsirini azaltmaq dayanır. Təsadüfi deyil ki, hərbi müstəvidə Ermənistan yeni model formalaşdırmağa çalışır və bu çərçivədə fərqli standartlar tətbiq ediləcək. Hayların "dilənçilik" siyasəti nəticəsində əldə etdiyi silah-sursatın, monitorinq missiyalarının səfərlərinin artması da buna xidmət edir. Digər tərəfdən, Paşinyan rejiminin KTMT ritorikası növbəti dəfə baş qaldırıb ki, "dondurulmuş üzv"ün təşkilatdan ayrılma istəyi bütün beynəlxalq tribunalardan səsləndirilir.

Ermənistanın baş naziri Nikol Paşinyan xislətinə uyğun olaraq dəqiq və əməli addımlar atmaq yerinə dolayı və natamam fikirlərlə gündəm olmağı adət halına çevirib. Beynəlxalq ictimaiyyəti aldatmaqla məşğul olan hayların rəsmisi Cənubi Qafqazdakı destabilliyi bu yolla uzatmağa çalışır. Məlumdur ki, Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı haqqında açıqlamaları ilə bu natarazlığı daha da dərinləşdirir. Bir tərəfdən, təşkilatdan ayrılacaqlarını bildirən Paşinyan, digər tərəfdən, bu çərçivədə qəti qərarın olmadığını dilə gətirir. Onun Yunanıstanın "Kathimerini" nəşrinə verdiyi son müsahibəsində də bunu əyani görmək olar. Qeyd edək ki, müsahibədə təkcə KTMT məsələsi deyil, Türkiyə ilə münasibətlərin qurulması, "sülh kəsişməsi" təşəbbüsü də yer alıb.

KTMT, MDB kimi Rusiyanın moderatorluğunun ön planda olduğu təşkilatlardan yayınmaq hayların birbaşa təşəbbüsü deyil. Qərb bloku uğursuz Ukrayna planından sonra bu mexanizmi işə salaraq Ermənistanı müharibəyə hazırlayır. Bəs KTMT-dən ayrılmaq üçün hansı səbəblər əsas götürülür? Bu məqamda da haylar İkinci Qarabağ müharibəsində aldıqları məğlubiyyətdən danışırlar. Yəni Ermənistan 44 günlük Vətən müharibəsi dövründə təşkilatın hərbi-siyasi müdaxiləsini gözləyirmiş. Əlbəttə ki, bu növbəti manipulyasiyadan başqa bir şey deyil. İlk növbədə, Azərbaycan BMT-nin kağız üzərində qalan 4 qətnaməsini icra edərək tarixi ədaləti bərpa edib. Ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda apardığımız mübarizəyə müdaxilə edilməsi həmin təşkilatın məqsəd və hədəflərinə uyğun deyil. Bu, bizim haqq işimizdir və sonacan icra olunacaqdır. Digər tərəfdən, Paşinyan rejimi də yaxşı anlayırdı ki, təşkilata üzv olan ölkələrlə Azərbaycanın olduqca güclü iqtisadi-siyasi əlaqələri var. Təkcə iki türk dövlətinin təşkilatdakı üzvlüyünü nəzərə alsaq, bu suala da cavab tapmaq olar.

Sadəcə bu bəhanə haylara yeni siyasi-hərbi modelin qurulması üçün vacibdir. Sözsüz ki, haylara yeni növ silahların pay verilməsi, NATO standartlarına uyğunlaşma prosesi KTMT ilə əlaqələrin dondurulmasına gətirib çıxarır. Xatırlatmaq lazımdır ki, Rusiya Federasiyası Sərhəd İdarəsinin sərhədçiləri Ermənistanın Türkiyə və İran ilə dövlət sərhədini qoruyur. Bu, Ermənistan və Rusiya arasında 1992-ci ildə imzalanmış müqaviləyə əsasən həyata keçirilir. Bundan başqa, Ermənistanda RF FTX Sərhəd İdarəsi Ermənistan MTX Sərhəd Qoşunları ilə birlikdə "Zvartnots" hava limanı və İranla sərhəddə avtomobil yolu üzərindəki "Aqarak" buraxılış məntəqəsində sərhədin mühafizəsini icra edir. Lakin Paşinyan rejimi bildirib ki, artıq Rusiyanın köməyinə ehtiyacı yoxdur. Həmçinin Rusiya sərhədçilərinin "Zvartnots"u tərk etmələri ilə bağlı 2024-cü il avqustun 1-dək vaxt verildiyi də Ermənistan parlamentinin spikeri Alen Simonyan tərəfindən açıqlanıb.

Son proseslər Ermənistanın KTMT-dəki fəaliyyətini dayandırması ilə yanaşı, təşkilatın nüfuzunun aşağıya düşməsi məsələsini də gündəmə gətirir. Belə ki, Ermənistan KTMT Parlament Assambleyasının "Crocus City Hall"dakı terror aktını pisləyən bəyanatına qoşulmayaraq, üzv ölkə kimi öhdəlikləri yerinə yetirməyərək, sammitlərdə iştirakdan imtina edərək təşkilatın legitimliyini sual altında qoyur. Yəni təşkilatda yekdil qərarların alınmasına bu, olduqca böyük maneədir.

Yunanıstan nəşrinə verilən müsahibənin əsas hədəfi məhz rəsmi Moskvadır və Paşinyan Rusiyaya Qərb blokuna meyilləri daha da artıracağını bildirir. Baş nazir qeyd edib ki, Kremlin təzyiqlərinə baxmayaraq, istənilən ölkə ilə əməkdaşlıq davam etdiriləcəkdir. Məhz müsahibənin Yunanıstan nəşrinə verilməsi, aprelin 5-də Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen və ABŞ dövlət katibi Antoni Blinken ilə Brüsseldə görüşəcəyi deyilənlərə əyani misaldır. Təsadüfi deyil ki, sözügedən görüş Ermənistanın Rusiyadan uzaqlaşmasını bildirən növbəti həmlə olacaq. Bu hadisəni Cənubi Qafqaz üçün müsbət qiymətləndirmək mümkün deyil. Məlumdur ki, baş nazir adətən havadarlarının qanadları altında sülhpərəst mövqedən daha çox "sərhədlərin müqəddəsliyi", "özünümüdafiə" kimi yalanlardan istifadə edir. Məhz Yunanıstan nəşrinə verilən müsahibədə də bununla bağlı məqamlara yer verilib.

Ümumiyyətlə, Paşinyan rejimi "müstəqil" siyasət aparmaq üçün Ermənistanı Qərbə sürüklədiyini desə də, bu, sadəcə haylar arasındakı narazılığı və xaosu sakitləşdirmək məqsədi daşıyır. Rusiyadan uzaqlaşaraq buna nail olacaqlarını bildirən Paşinyan rejimi əslində Qərbin boyunduruğu altına keçdiyini yaxşı anlayır. Regiondakı sülh və sabitliyə əngəl olan davranışların necə nəticələnəcəyi, Kremlin bu xəyanəti hansı aspektdən dəyərləndirəcəyi isə hələlik sual altındadır.

Nurlan ABDALOV,

"Respublika".