Yüksək intellektli, praqmatik düşüncəli şəxsiyyət
Siyasət

Yüksək intellektli, praqmatik düşüncəli şəxsiyyət

Vaxtilə ölkəmiz nəinki dünya, hətta ittifaq miqyasında o qədər də tanınmırdı. Halbuki respublikamız ittifaqda zəngin yerüstü, yeraltı sərvətləri ilə seçilib. Amma Azərbaycanın adı ucqar milli əyalətlərdən biri kimi çəkilirdi. Məhz 1969-cu ildə Heydər Əliyevin respublika rəhbəri təyin edilməsi ilə Azərbaycanın tarixində sürətli inkişaf dövrü başladı. Heydər Əliyevin ikinci hakimiyyəti dövrü isə müstəqillik qazandığımız çox çətin və mürəkkəb illərə təsadüf edir.

1990-cı illər Azərbaycanın tarixinə ağır faciələrin, çətin günlərin yaşandığı bir dövr kimi daxil oldu. 17 noyabr 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçiriləndə Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq üçrəngli bayrağımız binanın üzərində dalğalandı. Məhz bu hadisə müstəqillik uğrunda mübarizə tariximizin ən parlaq səhifəsidir və bununla da milli azərbaycançılıq ideologiyasının inkişaf dövrü başlandı. Yalnız xalqına, millətinə sonsuz sədaqəti, məhəbbəti olan liderlər belə qətiyyətli addımlar atmağa qadirdilər. Təsadüfi deyil ki, 2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirdi: "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

 Həmin il ölkəmizdə keçirilən prezident seçkilərində birmənalı olaraq yekdil səs çoxluğu ilə İlham Əliyev dövlət başçısı seçildi. "Əgər mənə xalq etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm". Bu sözləri ölkə başçımız andiçmə mərasimində xalqa müraciətində söyləyib. Bəli, xalq etimad göstərdi və İlham Əliyev də ulu öndərin siyasi kursunu uğurla davam etdirdi. O, dövlətin və xalqın gələcəyi ilə bağlı məsuliyyəti öz üzərinə götürərək tarixi bir missiyanı yerinə yetirməklə yanaşı, ölkədaxili, geosiyasi və qlobal müstəvidəki mövcud proseslərə bələd olmaqla nəyi, nə vaxt və necə etməyi də çox dəqiq bilirdi. Azərbaycan xalqı İlham Əliyevin Prezident seçilməsindən sonra 2004-cü ildən etibarən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının qəbulu, ölkədə başlanan canlanma və inkişafın Azərbaycanın simasını dəyişdiyinin şahidi olur. Həmin vaxtdan 20 il ötüb, İlham Əliyev bu dövrdə xalqın, millətin gələcəyi üçün böyük miqyasda işlər görüb, Azərbaycanda uzunmüddətli siyasi sabitliyi təmin edib. Lider cəmiyyətdə fəallığa nail olmağı, onu konkret məqsəd uğrunda səfərbər etməyi bacarmalı, məsuliyyətli və uzaqgörən olmalıdır. Bütün bu keyfiyyətlər İlham Əliyevin şəxsində təcəssüm edir. O, həqiqətən də böyük lider və siyasətçidir.

 Prezidentimizin hakimiyyəti dövründə iqtisadi göstəricilər də yüksəlib: 2003-2022-ci illərdə Azərbaycanda ÜDM 7,3 milyard dollardan 78,7 milyard dollara yüksəlib, dövlət büdcəsinin xərcləri 1,2 milyard manatdan 36,6 milyard manata çatıb, strateji valyuta ehtiyatları 1,4 milyard dollardan 66,1 milyard dollara qədər artıb, orta aylıq əməkhaqqı 77,4 manatdan 839,4 manata yüksəlib, yoxsulluq səviyyəsi 44,7%-dən 5,5%-ə enib. Ölkə başçımız ordu quruculuğu istiqamətində də mühüm işlər görülüb. Milli ordumuz ən müasir silah və texnika ilə təchiz olunub, döyüş qabiliyyəti, hərbçilərimizin peşəkarlığı yüksəlib, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasına daxil olub və s.

 İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günə ölkənin ərazi bütövlüyü, 2023-cü ildə 24 saata dövlətimizin suverenliyi tam bərpa olundu. Bu şanlı qələbə hərb tarixində bir ilkə imza atdı. Tarixdə əbədi qalacaq 44 günün zəfəri 200 il əvvələ gedən, neçə-neçə nəslə acı tale yaşadan problemi kökündən həll etdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz bu qələbənin sevincini kəlmələrlə ifadə etmək mümkün deyil. Bir sözlə, Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyuldu və biz bunu Ali Baş Komandanın uzaqgörən siyasəti və qəhrəman ordumuzun qətiyyəti ilə hərbi yolla həll etdik.

Müstəqillik qazandıqdan sonra Azərbaycanın ən böyük uğuru işğal altında olan torpaqların azad edilməsi və ərazi bütövlüyümüzün təmini oldu. Hazırda işğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işlərinə start verilib. Bu isə illərdir həsrətində olduğumuz Böyük Qayıdışa hesablanan addımdır. Böyük Qayıdışa dair I Dövlət Proqramına görə, ümumilikdə 2021-2023-cü illərdə dövlət başçısı tərəfindən 105 layihənin təməli qoyulub, onlardan 63 müxtəlif təyinatlı tikinti obyektinin açılışı baş tutub. Müharibədən cəmi ilyarım sonra - 2022-ci il iyulun 19-dan başlayaraq azad olunmuş ərazilərə ümumilikdə 679 ailə olmaqla, 2715 nəfər keçmiş məcburi köçkünün doğma yurduna qayıdışı baş tutub. İlin sonuna qədər ümumən 1400-ə yaxın ailə olmaqla, 5000-dən artıq şəxsin geri qayıdışı nəzərdə tutulur. Cəmi 9 aya inşa edilmiş Füzuli hava limanı, Zəngilan hava limanı istifadəyə verilib, Laçın rayonunda hava limanının tikintisi davam edir. 22 yol layihəsindən 6-nın tikintisi artıq başa çatıb, Bərdə-Ağdam, Horadiz-Ağbənd dəmir yolu xətləri üzrə tikinti işləri davam etdirilir. 12 yeni su elektrik stansiyası, 12 yarımstansiya istifadəyə verilib. 100 min hektara yaxın sahə mina və partlamamış hərbi sursatlardan təmizlənib. Biz bu gün bu uğurlara görə Ali Baş Komandana borcluyuq.

 Prezident cənab İlham Əliyevin 20 ildir yürütdüyü siyasət qarşıya qoyulan məqsədlərin uğurla reallaşmasına yol açır.

Röya RÜSTƏMLİ,

"Respublika".