Fransa müstəmləkə irsini yaşadır
Siyasət

Fransa müstəmləkə irsini yaşadır

Fransa keçən əsrlərdə Afrika, Asiya, Amerika və Sakit okeandakı əraziləri əhatə edən müstəmləkə imperiyası olub.

Əlcəzair, Hind-Çin (Vyetnam, Laos, Kamboca), Madaqaskar, Qərbi Afrika (Seneqal, Fil Dişi Sahili) və Karib dənizinin hissələri (Haiti, Qvadelupa) və sair imperiyaya daxil idi. Fransa XIX və XX əsrlərdə Britaniyadan sonra dünyanın ikinci böyük müstəmləkə imperiyası olub. Fransız müstəmləkəçiliyi təbii sərvətlərin istismarını, məcburi əməyi və mədəni assimilyasiyanı əhatə edib. İkinci Dünya müharibəsindən sonra dekolonizasiya prosesləri baş verib. Lakin bu gün də Fransanın müstəmləkəçilik tarixi onun siyasətini və beynəlxalq münasibətlərini formalaşdırmağa davam edir.

Fransa XIX əsrdə Əlcəzairi müstəmləkəsinə çevirib. Ölkə 1962-ci ildə müstəqillik qazanana qədər bir əsrdən çox müddət ərzində Fransa tərəfindən idarə edilib. Əlcəzairlilər ayrı-seçkiliyə, iqtisadi istismara məruz qalıb. Xalq xüsusən də Əlcəzair Müstəqillik Müharibəsi (1954-1962) zamanı qırğınlar, işgəncələr və köçkünlük də daxil olmaqla şiddətli repressiyalarla üzləşib. Müstəmləkəçilik dövrü Əlcəzair cəmiyyətində dərin iz buraxıb və bu gün də Fransa-Əlcəzair münasibətlərinə təsir etməkdə davam edir. Yelisey sarayı hələ də keçmişdə baş vermiş qətliamlara, məkrli siyasətə görə üzr istəməyib. Çünki Paris bu gün də eyni siyasəti həyata keçirir.

Səudiyyə Ərəbistanı Krallığının Londonda nəşr olunan nüfuzlu "Əş-Şərq əl-Avsət" qəzetində "Fransada əlcəzairlilərə işgəncə verməkdə məşhur olan əsgərin xatirəsinə ucaldılan mübahisəli heykəl" sərlövhəli məqalə yayımlanıb. Yazıda fransız tarixçilərin şənbə günü Fransanın şərqindəki Tul bələdiyyəsinin 1950-ci illərdə Əlcəzair və Hind-Çində işgəncələrdə iştirak edən desant polkovniki Marsel Biqardın heykəlini ucaltmaq qərarına kəskin etiraz etdikləri qeyd olunub.

Nəşrin yazdığına görə, Fransanın histoirecoloniale.net saytına müsahibə verən tarixçilər Fabris Riçeputi və Alen Russio deyiblər ki, Biqardın heykəlinin ucaldılması Fransanın müstəmləkə tarixi ilə fəxr etməsi mənasına gəlir, bu addım əsla təqdir edilə bilməz. Həmçinin Fransanın "Histoire et Memoire dans le Respect des Droits Hiumains" təşkilatı Tul bələdiyyəsindən tələb edib ki, Biqardın heykəlinin şəhər meydanında qoyulması layihəsindən imtina etsin.

Məqalədə qeyd olunur: "Əlcəzair xalqının cəlladı Marsel Biqardın xatirəsini yad edən lövhələrin nəhayət, ictimai yerlərdən yığışdırıldığı bir vaxtda Tul bələdiyyəsinin onun heykəlini ucaltmaq qərarı heç də doğru addım deyil. Bələdiyyənin səylərinə etirazları dəstəkləmək üçün fransalı tarixçilər Fabris Riçeputi və Alen Russio 1957-ci ildə baş vermiş "Əlcəzair döyüşü" zamanı paraşütçü Biqardla bağlı Fransa arxivlərində yer alan işgəncə aktları siyahısında həbs edilmiş yüzlərlə əlcəzairlinin işgəncələrə məruz qaldığını və bu işgəncələrin birbaşa Hind-Çindən gələn desant polkovnikinin əmri ilə yerinə yetirildiyini müəyyən ediblər. Biqardın əmri ilə işgəncələrə məruz qalan "Əlcəzair döyüşü"nün ən məşhur liderləri arasında 23 fevral 1957-ci ildə həbs edilən qəhrəman şəhid Məhəmməd Larbi Ben Mehdi də yer alıb. Mehdi silahdaşlarını satmadığı üçün müxtəlif işgəncələrə məruz qalıb, daha sonra isə asılıb. Onun öldürülməsinin 67-ci ildönümü ilə bağlı Fransadakı 20 təşkilat martın 4-də Yelisey sarayına məktub yazıb və Əlcəzair inqilabı zamanı "Fransa dövlətindən işgəncəyə görə məsuliyyətini etiraf etməyi" tələb edib.

Əlcəzairlilərə işgəncə verməklə məşhurlaşan əsgərin xatirəsinə heykəl qoymaq qərarı, şübhəsiz ki, kəskin reaksiyalara səbəb olmaqla bərabər, barışığı və sülhü baltalayacaq. Bu heykəlin qoyulması Fransa tarixində qaranlıq bir səhifəni tərifləmək, əlcəzairlilər üçün yaşanan pis günləri yenidən təkrarlamaq deməkdir. Qəddarlığı ilə məşhur olan bu şəxsə heykəl qoymaq əvəzinə, müstəmləkə hakimiyyəti zamanı insanların çəkdiyi əziyyətlər etiraf olunmalı və barışıq istiqamətində çalışmaq üçün səylər göstərilməlidir. Lakin Paris tərəfi bu gün də neokolonist siyasətini davam etdirir.

Nurcan SÜLEYMANOVA,

"Respublika".