Bu tarixi biz yaşamış, iz yaratmışıq
Siyasət

Bu tarixi biz yaşamış, iz yaratmışıq

Cənubi Qafqazda artıq yeni dövr başlayıb. Azərbaycan regionda yürütdüyü uğurlu siyasi kurs nəinki ölkəmizin, həmçinin, ümumilikdə yerləşdiyimiz regionun inkişafına təkan verir. 44 günlük Vətən müharibəsi Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi ilə nəticələndi. Müharibədən sonra imzalanan üçtərəfli Bəyanatın bəndlərinə əməl etməyən Ermənistanın qeyri-konstruktiv mövqeyi ümumi inkişafa mane olur. Düşünmək olardı ki, İkinci Qarabağ müharibəsindəki məğlubiyyətindən Ermənistan nəticə çıxararaq, xalqının taleyini düşünəcək, qonşuluq münasibətlərinin nizama salınmasına çalışacaqdır. Təəssüf ki, belə olmadı. Əksinə Ermənistanda azərbaycanofobiya artır, faşist ideologiyası davam edirdi.

 Müharibədə diz çökən Ermənistan bir dövlət və cəmiyyət olaraq öz daxilindəki qara qüvvələrdən ya xilas ola bilmir, ya da məğlubiyyəti qəbul etmək istəmir. Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək istəyən ermənipərəst qüvvələr bunu Ermənistan vasitəsilə həyata keçirirlər. Onların tək məqsədi Azərbaycan ilə Ermənistan arasında sülh prosesini pozmaqdır. Öz ağlı, fikri ilə hərəkət etməyən Ermənistan da bu səbəbdən sülh prosesindən uzaqlaşırdı.

Azərbaycanın Qarabağda uğurlu antiterror tədbirləri Ermənistanı faktiki olaraq yenidən sülh prosesinə qayıtmağa vadar etdi. Bu qürurverici proses tək dövlətimiz üçün deyil, ümumilikdə region üçün böyük əhəmiyyət daşıyır. Azərbaycan torpaqların işğaldan azad etdi və separatizmə son qoydu. Böyük Ermənistan yaratmaq xülyasında olanlar bu gün bu reallıqla barışmaq məcburiyyətindədir. İkinci Qarabağ savaşında əldə etdiyimiz qələbə bölgədə yeni reallıqlar yaradıb. Bu, bir tərəfdən təhlükəsizlik amili, digər tərəfdən isə yeni iqtisadi əməkdaşlıq imkanlarıdır.

Azərbaycanın dövlət siyasəti və bu siyasətin əsas prioritet istiqamətləri ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində müstəqil, güclü və nüfuzlu dövlət, həmçinin etibarlı tərəfdaş kimi tanınmasını təmin edib. Azərbaycan münaqişə başa çatandan sonra iki ölkə arasındakı sərhədlərin delimitasiyası və demarkasiyası, bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması prinsipi əsasında sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu bildirsə də, bu təkliflərlə bağlı Ermənistan tərəfindən hələ də münasibət bildirilməyib. Halbuki, belə bir sazişin imzalanması bu regiona daimi sülh gətirə, hər iki ölkə arasında əməkdaşlığa zəmin yarada bilər.

Son 20 ildə Azərbaycan bütün ölkələrlə ikitərəfli və çoxtərəfli münasibətlərdə böyük uğur qazanıb. Qarabağda separatçı xuntanın fəaliyyətinə son verilməsi regionda sabitliyə, yüksək səviyyəli iqtisadi-siyasi əməkdaşlıqlara təkan verəcək.

Problemləri diplomatiya yolu ilə həll etmək üçün yaradılan "3+3" formatlı əməkdaşlıq platforması, həmçinin Cənubi Qafqazda yeni dövrün əsasını qoyacaq. Platforma digər qüvvələrin bölgəyə müdaxilə etməsinə mane olacaq. Elə bu səbəbdən, ABŞ bu platformadan çox da razı deyil. Əgər bu, uğurla reallaşarsa, regionda sabitliyin təmin olunmasında çox mühüm rol oynaya bilər.

Ölkə başçımız cari ilin oktyabr ayında Xankəndidə dövlət bayrağımızı qürurla qaldırdı. Bu hadisə yeni uğurlu gələcəyin başlanğıcıdır. 20 il ərzində həyata keçirilən siyasətin yalnız bir amalı, məqsədi vardı - işğal faktına son qoyaraq suverenliyimizin tam bərpası.

Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdıqdan sonra çıxış edərkən deyib: "İkinci Qarabağ müharibəsi dayananda da Azərbaycan xalqı bilirdi ki, mən bunu bilirəm. O gündən üç il keçməmiş biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. İndi bu tarix haqqında danışmaq mənim üçün bəlkə o qədər də düzgün deyil. Çünki bu tarixi biz yaşamışıq, bu tarixi biz yaratmışıq".

Röya RÜSTƏMLİ,

"Respublika".