Ermənistanın puç olan xəyalları
Siyasət

Ermənistanın puç olan xəyalları

Ötən əsrdə dünya tarixinə qanlı iz qoyan Birinci Qarabağ müharibəsi… 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatlar, terror aktları ilə başlamış bu münaqişə Azərbaycana qarşı hərbi təcavüzlə nəticələnib. Bunun ardından XX əsrin son illərində tarixi dədə-baba torpaqlarımızın amansızcasına işğal edilməsi çətin və ağrılı yolun başlanğıcı olub. Həmin illərdə Ermənistanın şiddətlənən hərbi təcavüzü, həmçinin Azərbaycanda yaranmış vətəndaş müharibəsi təhlükəsi, hərc-mərclik, iqtisadi böhran ölkəni məhv olmaq təhlükəsi ilə üzbəüz qoyub. Davam edən 30 il müddətində doğma torpaqlarımızda ermənilərin hegemonluğu, ərazilərimizin talanıb məhv edilməsi vandalizmin açıq nümunəsidir. Nəticə etibarilə tarixi diyarlarımız məhv edilib, abidələr, dini evlər dağıdılıb və ya tövlə halına gətirilib.

Prezident İlham Əliyev və rəşadətli Azərbaycan ordusunun gücü nəticəsində 30 il müddətində davam edən özbaşınalıq 44 gün ərzində sona çatıb. Lakin saxtakar düşmən müharibə zamanı da çirkin əməllərindən əl çəkmirdi. Gəncə, Bərdə, Ağdam, Tovuz, Mingəçevir kimi böyük şəhərlərimizə qəsdən ballistik raketlər ataraq terror aktı törədirdi. Təsadüfi deyil ki, siyasi arenada olan bir sıra qurum və təşkilatlar bu aktları "müharibə cinayəti" adlandırırdı. Bunun əksinə Azərbaycan sadəcə öz qisasını hərb meydanında alıb və dinc əhaliyə qarşı heç bir cinayət əməli törətməyib. Bunu Prezident İlham Əliyev Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayındakı çıxışı zamanı bildirib: "Biz şəhidlərimizin qanını döyüş meydanında aldıq, qisasımızı düşməndən döyüş meydanında aldıq. Onların qanı yerdə qalmadı, bu, onların yaxınları üçün, qohumları üçün, bütün Azərbaycan xalqı üçün təsəlli verir. Biz bütün dünyaya sübut etdik ki, XXI əsrdə necə müharibə aparmaq lazımdır, ləyaqətlə müharibə aparmaq lazımdır, müasir üsullarla müharibə aparmaq lazımdır və cəmi 44 gün ərzində Ermənistan ordusu tamamilə məhv edilmişdir".

Lakin Hayastan tərəfi daima çirkin əməllərə əl atıb və ya bir çox ölkələrdən kömək istəyib. Bu mənada ilk başda gələn ölkələrdən biri də elə Rusiyadır. Lakin İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın Rusiyaya bağladığı ümidlər puça çıxıb. Hələ müharibə zamanı Rusiyanın neytral tərəfdə çıxış etməsi və Ermənistanın gözləntilərini qarşılamaması xalqı Rusiyaya qarşı qaldırıb. Onlar elə düşünürdülər ki, Rusiya onların əvəzinə vuruşacaq. Lakin düşündükləri kimi olmadı. Həmçinin onu da qeyd edə bilərik ki, indiki şəraitdə regionda gedən proseslərlə bağlı Rusiyanın mövqeyi Azərbaycanın mövqeyi ilə daha yaxındır. Bu isə Ermənistan tərəfində qıcıq yaradır.

Ümumiyyətlə, Ermənistan həmişə ikili siyasət aparan və dostlarına xəyanət edən ölkə kimi tarixə düşüb. İndi də gah Rusiyanın siyasətini dəstəkləyir, gah da qərbyönümlü siyasət yürütmək üçün hazırlıq görür. Məlum məsələdir ki, Rusiyanın dəstəyi olmasa, Ermənistan ayaqda qala bilməz. Lakin buna baxmayaraq, Ermənistan hələ də ikili siyasətindən dönmür. Ermənilərin Azərbaycana qarşı aqressiv, xəyanətkar mövqeyi yavaş-yavaş Rusiyaya qarşı yönəlir. Bunun isə bütün dünya fərqindədir. Xarici mətbuatda: "Paşinyandan uçuruma doğru növbəti addım" başlıqlı məqalələr dərc edilib.

Bununla yanaşı, Hayastanın KTMT-yə olan ümidləri də puç olub. Belə ki, KTMT-dən onlar üçün prinsipial məsələyə aydınlıq gətirilməsini - Ermənistanda məsuliyyət zonasını dəqiqləşdirməyi xahiş ediblər, lakin KTMT-dən bir cavab gəlməyib. Əslində isə Paşinyan öz ərazi iddialarını ortaya ataraq KTMT qüvvələrinin Azərbaycanla üz-üzə gəlməsinə cəhd edirdi. Lakin buna nail ola bilmədi, çünki KTMT-yə üzv dövlətlər bundan imtina edib. Ardınca isə Paşinyan qeyd edib ki, guya Aİ onun ərazi iddialarına müsbət cavab verib və müttəfiqlərini göndərəcəyini bildirib. KTMT-yə qarşı yönəldilən bu iddialara Vladimir Putin cavab olaraq: "Ermənistan KTMT-nin üzvüdür, bizim onun qarşısında müəyyən öhdəliklərimiz var. Rusiyanın Təşkilat çərçivəsində müqavilə öhdəliklərinin icrası məsələsinə gəldikdə, biz həmişə öz öhdəliklərimizi yerinə yetirmişik və yetirəcəyik. Lakin hərbi əməliyyatlar Ermənistanın ərazisində getmir", - deyib. Bu isə Ermənistanın gözlədiyi bir cavab deyildi. Həmçinin Nikol Paşinyan iclasda Rusiya sülhməramlılarını tənqid edib, hətta təhdid etməkdən də çəkinməyib. O, Rusiya sülhməramlılarının fəaliyyətinin qənaətbəxş olmadığını və digər təşkilatlara müraciət edəcəyini bildirib.

Qısası, Rusiya tərəfi də artıq Ermənistanın etdiklərinə göz yummurlar. Bu mənada Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev qeyd edib ki, dinc şəhərlərin və onların sakinlərinin hücum obyektlərinə çevrilməsi yolverilməzdir: "Son vaxtlar Ermənistanın rəsmi orqanlarının yalnız bir şeyə - sülh danışıqları prosesini pozmağa və münaqişənin gərginləşməsinə səbəb ola biləcək hərəkətlərini müşahidə etdik. Səmimi, istiqanlı insanların yaşadığı gözəl Gəncə şəhərinin atəşə tutulması, bu zaman 9 nəfərin həlak olması, daha 34 nəfərin yaralanması rəsmi Ermənistanın günahı kimi qalacaq. Şəhərin atəşə tutulmasından sonra sosial şəbəkələrdə yerləşdirilmiş kadrlarda dağıdılmış evləri görəndə insanın ürəyi sıxılır". O, müharibə zamanı daima Ermənistan tərəfindən işğal edilmiş rayonların mərhələli şəkildə Azərbaycana qaytarılmasını tələb edib.

Əlbəttə, Ermənistan dövləti unutmamalıdır ki, həm siyasi, həm hərbi, həm də iqtisadi baxımdan Moskvadan asılı dövlətdir. Aparılan bu anti-Rusiya təbliğatlar isə intihar cəhdindən başqa bir şey deyil.

Bundan başqa, tərəfdaş dedikdə Ermənistanın "bacısını" da unutmamalıyıq. Fevral ayında keçirilən Münxen Təhlükəsizlik Konfransı zamanı Fransa Prezidenti Emmanuel Makron nitqinin əsas hissəsində Ermənistanın dostluq mesajlarına və anti-Rusiya çıxışlarına yer verib. O, bildirib ki, Fransa hər zaman Ermənistanın yanındadır. Tarix boyu Fransanın anti-Türk, anti-İslam çıxışları dünyaya məlumdur. Bu da iki ortaq mövqeli dövlətin "bacı" olmasına təkan verir. Şübhəsiz ki, Fransa uzaq məsafədən bölgədə gedən proseslərə müdaxilə etməyə çalışır. Hazırda gündəmdə olan məsələ isə Hayastanla sülh müqaviləsinin imzalanmasıdır. Bu müstəvidə əgər Fransanın anti-Azərbaycan hərəkətləri davam etsə Fransa Hökuməti tərəfindən bitərəflik təminatı verilməyənədək onun Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesində iştirakına imkan verilməyəcəyi, bu məsələlər barəsində Fransa rəsmiləri ilə hər hansı müzakirənin aparılmayacağı ilə bağlı Milli Məclisin 15 noyabr qətnaməsində bildirilib. Bundan başqa, 2020-ci ilin noyabrında Fransa Respublikası Senatı "Dağlıq Qarabağ respublikası"nın tanınmasına dair qətnamə layihəsi qəbul edib. Bu da haqlı olaraq Azərbaycanın etirazına səbəb olub. Bundan başqa, ötən il yenə Fransa Senatı qondarma iclas keçirərək Azərbaycana qarşı nifrət çıxışları edib. Bu nöqteyi-nəzərdən Azərbaycan və Ermənistan arasındakı normallaşma prosesinə Fransanın bu kimi rəftarı zərbə vurur və ləngidir. Əlbəttə, Fransanın məqsədi "bacısının" yanında olmaq yox, regionda özünə yer etməkdir. Kolonializm keçmişinin ətaləti əsasında hərəkət edir və bu səfərin hədəfi də elə Qərb qonşumuzdur. Lakin Hayastanın riyakar və saxta davranışları tarix boyu məlumdur. Qonaq olduğu torpaqlarda necə deyərlər dağdan gəlib bağdakını qovur psixologiyasına dayanaraq insanlarımıza qarşı amansız vandalizm törədib. Görünür Ermənistan riyakarlıq yolunda özünə yoldaş tapıb və Hayastanın riyakar davranışı Fransanın kolonial niyyətini həyata keçirməyə imkan verməyəcək.

Ermənistanın əksinə, Azərbaycan müharibə başlayan gündən sona qədər sadəcə öz gücü və siyasətinə arxalanıb. Bu da Azərbaycanın bölgədəki münaqişənin həllinə olan etimadının artmasına və beynəlxalq arenada güclənməsinə səbəb olub. Ölkəmizin müharibədə qalib gəlməsinin əsas səbəblərindən biri də strateji planlanma olub. Ali Baş Komandan və onun ordusu münaqişə ərazisindəki mövqeyini səmərəli şəkildə qiymətləndirib və qələbə üçün planlama aparıb. Ermənistan tərəfinin çirkin əməllərinə baxmayaraq, Azərbaycan öz gücü hesabına qalib gəlib.

Töhfə SƏMƏDOVA,

"Respublika"