Fransanın Azərbaycana qarşı qərəzli mövqeyi dəyişmir
Siyasət

Fransanın Azərbaycana qarşı qərəzli mövqeyi dəyişmir

Azərbaycan daim Fransa ilə münasibətlərə xüsusi önəm verib, Parisə dost əli uzadıb. Amma qarşılığında Fransanın ədalətsiz, haqsız və qərəzli mövqeyi ilə qarşılaşıb. 44 gün davam edən, qələbə ilə bitən İkinci Qarabağ müharibəsindən sonra Fransa gerçək simasını göstərmiş oldu, Ermənistana və Qarabağdakı erməni separatçılarına dəstək  verməyə başladı. Fransızlar terroru, separatizmi, işğalçılığı dövlət siyasətinin əsası kimi götürən Ermənistanı dəstəkləyirlər. Erməni lobbisinin ciddi təsiri altında olan Fransa hökuməti, eləcə də prezident Makron ermənilərin dəstəyini əldə etmək üçün müharibə dövründə işğalçı ölkəyə siyasi, iqtisadi və hərbi dəstək göstərib. Bir sözlə, Fransanın Azərbaycana olan münasibəti tamamilə qərəz və açıq düşmənçilik üzərində qurulub.

Qeyd etməliyik ki, 2021-ci ildə paytaxt Bakıda düşməndən qənimət kimi götürülmüş döyüş texnikalarının və hərbi sursatların bir qisminin nümayiş etdirildiyi Hərbi Qənimətlər Parkı açıldı. Burada nümayiş olunan bütün materiallar, düşməndən götürülən qənimətlər, habelə erməni əsgərlərinin dəbilqələri və mum maketləri Ermənistanın məğlubiyyətinin göstəricisidir. Ordumuzun qazandığı uğurların maddi sübutu olan Hərbi Qənimətlər Parkının açılması işğalçı və məğlub Ermənistanda isterika ilə qarşılanıb. Həmişə olduğu kimi, bu dəfə də rəsmi Paris ermənipərəst mövqe sərgiləyib və Fransanın Ermənistandakı səfiri Conatan Lakot Hərbi Qənimətlər Parkının açılışı ilə bağlı "müharibə tamaşa predmeti olmamalıdır" fikirlərini söyləyib. Bu sözlər Fransanın 30 ildən sonra Azərbaycanın təcavüzkar Ermənistan üzərində qələbə çaldığını həzm edə bilməməsinin təsdiqidir. Qeyd etmək lazımdır ki, Azərbaycan dünyada oxşar məkan yaradan ilk və tək ölkə deyil. Zəfər qazanmış bir çox ölkədə hərbi qənimətlər parkı və hərb tarixi muzeyləri yaradılıb və bunlardan biri də Fransadır. Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib. Əlcəzairdə Fransanın müstəmləkə işğalına qarşı mübarizə aparan yerli müqavimətçilərin kəllə sümükləri həmin dövrdə Parisə kolleksiya üçün göndərilmişdir. Rəsmi Paris bu gün başda Əlcəzair olmaqla soyqırımı və insanlıq cinayətləri törətdiyi ölkələrdən üzr istəmək əvəzinə, Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümüklərini qənimət kimi saxlayır və ziyarətçilərə qürur mənbəyi kimi sərgiləyir.  Bakıdakı Hərbi Qənimətlər Parkının açılmasını kəskin tənqid edən Fransanın əlcəzairlilərin kəllə sümüyünü Parisdə muzeydə nümayiş etdirməsi ikiüzlülüyün bir simvolu adlanır. Əlcəzair həmin kəllə sümüklərinin 500-nün əlcəzairlilərə məxsus olduğunu bildirərək onları geri istəyir. Fransa isə muzeyin nümayişini dayandırmır, həmin kəllələri qənimət kimi saxlamağa üstünlük verir. Bəlkə də Fransa Hərbi Qənimətlər Parkının açılışı ilə bağlı Azərbaycana irad tutacaq ən sonuncu ölkə belə, deyil. İkili standartlar və riyakarlıq  bütün məqamlarda Fransanın dövlət siyasətinin əsas xəttini təşkil edir. Fransada əlcəzairlilərə qarşı hələ də ən yüksək səviyyədə irqçilik siyasəti tətbiq edilir. Çünki bu ölkədə Əlcəzairin müstəqilliyi ilə hələ də barışmaq istəmirlər. Fransanın əlcəzairlilərə qarşı soyqırımı bu gün də müxtəlif formalarda davam edir.  Bu yaxınlarda 17 yaşlı əlcəzairli yeniyetmənin polis tərəfindən qətlə yetirilməsi bunun sonuncu nümunəsidir.

Bu gün bir-birlərinin ayaqlarını tapdalamayan Fransa və Ermənistan arasında qanlı tarixləri baxımından ciddi oxşarlıqlar var. Tarixi faktlar hər iki ölkənin soyqırımı həvəskarı, işğalçı, uşaq və qadın qatili, mina terrorçusu olduğunu ortaya qoyur. Azərbaycana qarşı olan qüvvələr dərk etməlidirlər ki, onların qarşısında qəhrəman bir xalq, bir dövlət dayanır. Ermənistan 44 günlük müharibədə üzləşdiyi ağır məğlubiyyətin səbəbini təhlil edərək anlamalı, başa düşməlidir ki, dünyada haqqı tapdalamaq, başqa xalqın ərazisini zəbt etmək, mədəni sərvətini talamaq mümkün deyil.

Hərbi Qənimətlər Parkı yenidən torpaq işğal etmək üçün müharibə eşqinə düşənlərə, onlara havadarlıq edənlərə kabus, bütün Azərbaycansevənlərin isə qürur yeridir.

Röya RÜSTƏMLİ,

"Respublika".