Haqlı və ədalətli humanist aksiya
Digər xəbərlər

Haqlı və ədalətli humanist aksiya

Azərbaycan vətəndaşlarının, QHT nümayəndələrinin, ekofəalların və könüllülərin iştirakı ilə dinc və haqlı aksiyalar davam edir. Xalqımız ekologiyamıza qarşı törədilən vandalizm aktından hiddətləndiyini bildirir: ekoloji terror və talançılıq əsla qəbul edilə bilməz, təbii sərvətlərimizin qanunsuz istismarı yolverilməzdir.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Azərbaycanın müvafiq dövlət qurumlarının "Qızılbulaq" və "Dəmirli" yataqlarında monitorinqinə icazə verilmədiyi üçün dinc aksiyalar hələ də davam edir. Onlar hava şəraitinin necə olmasından asılı olmayaraq, müntəzəm şəkildə öz tələblərini səsləndirirlər. Aksiyanın siyasiləşdirilməsi ilə bağlı Ermənistan mətbuatında yayılan məlumatların da heç bir real əsası yoxdur və həqiqəti əks etdirmir. Əsassız olaraq Laçın yolunun azərbaycanlılar tərəfindən tutulması və Qarabağda yaşayan ermənilərə qarşı humanitar böhran yaranması ilə bağlı səslənən iddialar heç bir fakta söykənmir. Guya azərbaycanlıların bu yolu tutmaqla "etnik təmizləmə" kimi cəfəng fikirlərin tirajlanması erməni lobbisinin və ermənipərəst qüvvələrin təxəyyülünün məhsuludur. Ermənistan və ermənipərəst dairələr feyk məlumatlar yayır ki, Azərbaycan guya aksiya keçirilən yerdə yolu tam bağlayıb. Halbuki, burada yolun blokadaya alınmasından ümumiyyətlə söhbət getmir. Fakt budur ki, burada heç bir siyasi tələblər irəli sürülmür. İnsanların toplaşmasının mahiyyəti isə siyasi deyil. Aksiya ekofəalların və Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin ekologiyamıza qarşı həyata keçirilən terrora, təbii sərvətlərimizin qanunsuz istimarına etirazını ifadə edir. Azərbaycan ərazisində bütün təbii sərvətlərin istismarı ölkə qanunvericiliyi əsasında həyata keçirilməlidir. Aksiya iştirakçıları tələbləri yerinə yetirilənə qədər dinc aksiyanın davam etdiriləcəyini bildirirlər. Ekofəallar, vətəndaş cəmiyyəti nümayəndələri, QHT təmsilçiləri, tələbələr, ümumilikdə bütün aksiya iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər. Ekoloqların başlatdığı dinc aksiyaya Azərbaycanın hər yerindən böyük dəstək var.

Qeyd etmək lazımdır ki, Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycan tərəfi heç zaman yolun bağlanması istiqamətində hər hansı addım atmayıb. Tam əksinə, Azərbaycan münaqişə başa çatdıqdan sonra Laçın yolunu Rusiya sülhməramlılarının müvəqqəti nəzarətinə verməklə, Ermənistanın Qarabağla əlaqəsinin təmin olunması üçün şərait yaradıb. Lakin bu yol humanitar məqsədlər üçün nəzərdə tutulsa da, sonrakı müddətdə yoldan, eyni zamanda, erməni silahlılarının döyüş texnikası ilə təchizatı, sursat əldə etməsi və hətta 2021-ci ildə istehsal olunan minaların daşınması və ərazilərimizdə yerləşdirilməsi müşahidə olundu. Ermənilər işğaldan azad olunan ərazilərdə bir milyondan çox mina basdırıb. Təəssüf ki, sülhməramlıların fəaliyyətsizliyi üzündən bu cinayətlərini hələ də davam etdirirlər. Mina terrorunun qurbanlarının sayı da artmaqdadır.

Bir vacib məqamı qeyd etmək lazımdır ki, aksiyanın keçirilməsinə baxmayaraq, yol humanitar məqsədlər üçün açıqdır. Belə ki, aksiya iştirakçıları bu günlər ərzində bu mövqeni nümayiş etdirərək Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus maşınlarda həm ermənilərə humanitar yardım, həm də sülhməramlılara məxsus təminat yükünün aparılmasına şərait yaradırlar. Rusiya sülhməramlılarına məxsus avtomobillər Xankəndi-Laçın yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edə bilirlər. Bunu əks etdirən video kadrlar sosial şəbəkələrdə nümayiş olunur. Bu, bir daha göstərir ki, Azərbaycan dövlətinin və aksiya keçirən fəalların dinc erməni əhalisi ilə heç bir problemi yoxdur. Digər məqam odur ki, havanın son dərəcə soyuq olması QHT və media nümayəndələrinin Şuşa-Xankəndi yolunda toplaşma gücünü sarsıda bilmir. Oradakı insanların sülh niyyətləri, hətta həkimlərimizin rusiyalı sülhməramlılara tibbi yardım təklifi Azərbaycan xalqının nə qədər humanist və sülhsevər olduğunu təsdiq edir.

Mustafa KAMAL,

"Respublika".