Hayastan istədiyinə çata bilməyəcək
Digər xəbərlər

Hayastan istədiyinə çata bilməyəcək

Azərbaycanlılara qarşı sonsuz nifrətləri onları tarixin girdabına sürükləyir

Xeyir-şər, yaxşı-pis, sevgi-nifrət... Hər zaman "qoşa atılan, ancaq qoşa düşməyən" zər kimidir. Özümüzü tanıyandan dərk edirik bu məfhumların əsl mahiyyətini. Təkcə dərk etmir, həm də elə görünməyə çalışırıq, yəni kimisi yaxşı, xeyir, sevgi yolunu seçir, kimisi də əksinə... Mənə isə elə gəlir ki, dediklərimiz seçilmir, o, insanın daxilində, təbiətində, qanındadır, özü ilə doğulur. Hərdən qəddar, qaniçən, zalım birisindən yalnız özü kimisi, yaxud da əksinə oddan, alovdan gül törər deyirlər. Maraqlısı budur ki, bu sadalanan keyfiyyətlər bəzən bütöv bir xalqa da xas olur. Yəni dağıdıcı, terrorçu... xalqlar da, qurucu, sülhpərvər xalqlar da var. Əlbəttə, bunları da tarix, zaman özü dəyərləndirir...

Yeri, yurdu bəlli olmayan, özünü dünyaya xalq, özü də "mədəni" xalq kimi tanıdan, lakin toplum, qəbilə statusundan uzağa gedə bilməyən erməniləri dəyərləndirmək üçün isə heç bir mizana, tərəziyə ehtiyac yoxdur. Çünki erməni elə şər cildində, pis niyyətlə, nifrət donunda doğulur. Öz maraqları üçün nə dinə, nə məzhəbə baxar... Türklərə qarşı nifrətinin isə həddi-hüdudu yoxdur. Bir türk cocuğunu divara mıxlayıb, deşilmiş bədənindən damcı-damcı axan qanını stəkana doldurub içəcək, onun saralıb, taqətdən düşəcəyi, son nəfəsini verəcəyi məqamı saniyələrlə ölçüb, ölümlə mübarizəsinə, hətta türkün dözümlülüyünə qibtə edəcək qədər qəddardır erməni. Lakin dünyanın gözündə başqa dondadır erməni, "məzlum", "yazıq" cildində çoxlarının "ərköyün bəbəyi"dir. İstədiyini almayana qədər, nə verərlər "yox!" deyər...

"Bizim resurslarımızı beynəlxalq bazarlara nəql etməyimiz üçün ən qısa yol Ermənistandan keçir və biz 1990-cı illərdə bunu onlara təklif etmişik. Biz dedik əraziləri boşaldın, gəlin, Ermənistan ərazisindən keçməklə Naxçıvan və sonra Türkiyəyə daxil olan kəmər tikək, onda biz bütün ölkələrin maraqlarını birləşdirərək regionun bütün ölkələrini müəyyən mənada bir-birindən asılı edərik və bu, sülhün təminatı olar. Onlar dedilər "yox"... Onlar hər şeyə "yox" deyiblər". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Vətən müharibəsi dövründə "BBC News" televiziya kanalına müsahibəsində deyib.

Bəli, ermənilər öz xislətlərindən əl çəkmirlər. Hər şeyə "yox" demək isə onların şakərindədir. Aprelin 23-də Laçın sərhəd-nəzarət-buraxılış məntəqəsinin qurulması onların simasızlığını aydınlığı ilə açıb göstərdi. Nəzarət-buraxılış məntəqəsi ətrafında çıxarmadıqları oyun, göstərmədikləri tamaşa qalmadı. Dünyaya Qarabağda yaşayan ermənilərin guya blokadaya alındıqları üçün acından öldüklərini bəyan edən ermənilər nədənsə, bölgəyə ərzaq və lazımi avadanlığın çatdırılması üçün təklif olunan alternativ, Ağdam-Xankəndi yolundan imtina etdilər. Üstəlik Azərbaycan Qızıl Aypara Cəmiyyəti vasitəsilə göndərilən humanitar yardımı da sərhəddə saxlayıblar. Bütün bunlar isə hər şeydən əvvəl nifrətdən doğur. Ermənilərin nifrəti sonsuzdur, onlar türkün qanına susayıb.

Tayqulaq Andranikin silahdaşı N.Bayazitli Vaorom özünün quduz hərəkətlərinə görün necə haqq qazandırır: "Mən heç nəyə məhəl qoymadım... türk (yəni azərbaycanlı) əhalisini məhv etdim. Lakin bəzən gülləyə heyfim gəlirdi. Bu işlər üçün ən doğru üsul döyüşdən sonra salamat qalanları quyuya doldurmaq və üstünə ağır daş tökməkdir. Elə etmək ki, bir nəfər də sağ qalan olmasın. Mən belə etdim...". Ümumiyyətlə, ermənilərin vəhşiliklərini əks etdirən tarixi materialları sakit nəzərdən keçirmək mümkün deyil, vərəqlədikcə adamı dəhşət bürüyür. Fikirləşirsən ki, ilahi, bu qədər qəddar, qaniçən, nanəcib yaratmaqla onun xislətini qalan nəsillərə nümunə göstərmək istəmisən bəlkə də? Bilmirəm. Fəqət bəlli olan odur ki, bəşər tarixində ermənilərin Azərbaycanda törətdikləri vəhşiliklərə bərabərini tapmaq çətindir.

Son 120 ildə ermənilərin tərcümeyi-hallarını çözələdikcə onların toplu halda Yer kürəsinin müxtəlif guşələrində, xüsusən də Türkiyədə və Azərbaycanda törətdikləri vəhşilikləri, bir sözlə, erməni məkrini, "erməni xəstəliyi"ni yalnız və yalnız vandalizmin ən bariz nümunəsi kimi səciyyələndirmək lazımdır. Başqa bir müqayisə bu çərçivəyə sığmır.

Zaqafqaziya seymi özünü buraxması ərəfəsində ZS-nin erməni bölməsi İrəvanın hələ mövcud olmayan Ermənistana verilməsi barədə azərbaycanlı bölməsinə rəsmən müraciət etdi. Belə ki, Ermənistanın müstəqillik aktını elan etməsi üçün öz paytaxtına malik deyildi. Azərbaycanlıların nümayəndə heyəti bir şərtlə buna razılıq verdi: erməni terrorçuları, quldur dəstələri dinc əhalini qırmaq, vəhşiliklə öldürmək, onların üzərinə basqınlar etmək və s. əməllərə son qoymalıdırlar. Beləliklə, 1918-ci il mayın 28-də Azərbaycan şəhəri İrəvan torpaqlarımızdan qoparılaraq "Daşnaksütyun" beynəlxalq terror təşkilatının əsas kök saldığı bir mərkəzə çevrildi. Bu gün həmin şəhərdə artıq bir türk də yaşamır.

Ancaq ermənilər İrəvana sahib olandan sonra qəddarlıqlarını bir qədər də artırdılar. Qubada, Şamaxıda erməni daşnaklarının zülmü yenə də ərşə qalxdı.

Zaqafqaziyanın dinc sakinlərinə zülm edən erməni quldur dəstələrini məhv etmək üçün Xəlil paşanın rəhbərliyi ilə türk qoşunlarının hücum edəcəyi ehtimalından qorxuya düşən Ermənistan hökuməti rəsmən üzr istəyərək kütləvi qırğınlar törədən quldur başçılarını və fəal iştirakçıları Xalqlar Məhkəməsinə verəcəyini vəd etdi. Beynəlxalq aləmin təpkisindən ehtiyatlanan erməni hökuməti məcburən, həm də etiraf etdi ki, 1918-ci il müddətində 400 min azərbaycanlını, 120 min gürcünü, 15 min kürdü, 22 min ləzgini məhv ediblər. Təbii ki, bu rəqəmlər həmin mənzərəni tam əks etdirməsə də ermənilərin vəhşi simasını lazımınca aşkarlayır: əsl siması budur erməninin...

Erməni heç dəyişmədi, Vətən müharibəsindəki məğlubiyyəti də ona dərs olmadı. Bəzən insanın başı daşdan-daşa dəyəndə ayılır, doğru, haqq yoluna qayıdır. Erməniləri isə heç "Dəmir yumruq" da ayıltmadı. Yox, ayılmağına ayıldı, lakin içindəki nifrətin gücünə qalib gələ bilmədi. Ancaq nifrəti nə qədər güclü olsa da Azərbaycanın qarşısında durmağa gücü çatmayacaq...

Zümrüd QURBANQIZI,

"Respublika".