Hayların Azərbaycanın göndərdiyi hər şeyə
Digər xəbərlər

Hayların Azərbaycanın göndərdiyi hər şeyə "yox" deməsi irqçilikdir

"Sülhün təmininə başlamaq üçün ən yaxşı yol Ermənistanın üzr istəməsi olardı".

Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Arab News"a müsahibəsində deyib. Prezidentin köməkçisi bir sıra mühüm məsələlər, həmçinin həll olunmalı mövzular haqqında söz açıb. Bildirib ki, sülhü təmin etmək və keçmişin dəhşətlərini arxada qoymaq üçün atılmalı olan addımlar var. Şübhəsiz ki, prosesin başlanması üçün atılmalı ən mühüm addım Ermənistanın üzr istəməsidir.

Jurnalist tərəfindən yönləndirilən növbəti sual isə Qarabağda yaşayan ermənilər haqqında olub. Prezidentin köməkçisi Laçın yolu ətrafında vəziyyətin BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılması və Ermənistanın Qarabağın erməni əhalisinin "humanitar böhran" yaşaması iddiasını təkzib edib və bu fikirlərin tamamilə əsassız olduğunu vurğulayıb: "Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin blokadasından söhbət belə gedə bilməz. Azərbaycanın təklifi birdən çox yolun olmasıdır və mühüm yollardan biri də Ağdam-Xankəndi yoludur. Qarabağ bölgəsi ilə əlaqə saxlamaq üçün daha səmərəlidir və daha çox logistik imkanlara malikdir, çünki Azərbaycan onu tamamilə yenidən qurub".

  Ermənilərin İkinci Qarabağ müharibəsindən sonra guya Azərbaycanın yolları blokadaya salmaqla bağlı xəbərləri artıq adətə çevrilib. Belə ki, ötən il soydaşlarımız 138 gün boyunca dinc aksiya keçirib. Nəticədə Laçın-Xankəndi yolunun başlanğıcında sərhədçilərimiz tərəfindən sərhəd-nəzarət mexanizmi yaradılıb, bununla da yolda hərəkət üzrə şəffaflığın, qanunun aliliyinin təmin edilməsi məsələsi öz əksini tapıb. Ekofəallar nə silah, nə də top-tüfəngdən istifadə edib. Dinc formada bölgədə həm iməcilik işləri görüb, həm də doğma torpaqları üçün ədalət mübarizəsi aparıb. Hayastan isə dinc aksiyanı orada yaşayan insanlara qarşı yönəlmiş bir aksiya kimi göstərməyə çalışırdı. Lakin aksiyaçıların toplaşdığı ərazidən keçən yolda ilk gündən sona qədər sərbəst hərəkətə heç bir maneə olmayıb və yol humanitar məqsədlər üçün tam olaraq açıq olub. Lakin qondarma media iddia edirdi ki, biz guya yolu bağlamışıq.

Bununla yanaşı, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclası zamanı bildirib ki, guya ölkəmiz qərb qonşumuzla sərhəddə, həmçinin Laçın yolunda vəziyyəti gərginləşdirir, güc tətbiqi siyasəti yürüdür. O, iddia edib ki, guya Qarabağ ərazisində məskunlaşmış erməni sakinlərinə qarşı etnik təmizləmə planlaşdırılır. Əlbəttə, bu gülünc iddiaların heç bir əsası yoxdur. Lakin bu çıxışdan cəmi 4 gün qabaq isə Ermənistan televiziyalarından birinə verdiyi müsahibə zamanı tam əksini bildirib: "Ermənistanla Azərbaycan arasında çox intensiv danışıqlar aparılır. Əgər bu intensivlik davam edərsə və beynəlxalq ictimaiyyətdən güclü yardım olarsa, o zaman ilin sonuna kimi sülh sazişi imzalamaq imkanı yaranır. Biz mümkün qədər tez saziş imzalamaqda qərarlıyıq". Ermənistan elitasının öz daxilində də belə qərəzli və ikiüzlü mövqe nümayiş etdirməsi onun bir dövlət kimi artıq tamamilə özünü gözdən salması deməkdir.

"Arab News"un suallarını şəffaflıqla cavablayan Hikmət Hacıyev hazırda Laçın-Xankəndi yolunun işlək vəziyyətdə olduğunu və Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə Qızıl Aypara Cəmiyyətinin bu yolla konvoylar apardığını bildirib: "Biz deyirik ki, Ağdam-Xankəndi yolunu açaq. Bu, inteqrasiyanı təmin edəcək, beləliklə, Azərbaycanın Xankəndiyə birbaşa çıxışı və Qarabağ erməniləri ilə birbaşa əlaqəsi olacaq, onlar da öz növbəsində Azərbaycanın digər bölgələrinə getmək üçün Azərbaycanın əsas yol sistemindən istifadə etmək şansı əldə edəcəklər.

Amma təəssüflər olsun ki, Azərbaycanın həmin ərazilərində mövcud olan erməni marionet rejiminin başında duranlar humanitar vəziyyətdən öz mənafeləri, Azərbaycanın suverenliyini qəbul etməyən separatçı qurum kimi varlıqlarını uzatmaq üçün istifadə edirlər. Beynəlxalq ictimaiyyətdən təbliğat, dezinformasiya vasitəsi kimi istifadə edirlər".

Qeyd edək ki, Ağdam-Xankəndi yolu hər mənada daha əlverişlidir. Bu yol bir çox cəhətdən üstünlük təşkil edir. Yolun texniki və təbii göstəriciləri, xüsusilə işğaldan sonra yenidən qurulmaqda olan Bərdə-Ağdam yolu malların daha sürətli və səmərəli şəkildə çatdırılmasına imkan yaradır. Lakin buna baxmayaraq, özünü qondarma rejimin təmsilçiləri adlandıran şəxslər bu yoldan istifadədən imtina edirlər. Ermənistan Azərbaycanın bu əlverişli təklifini rədd edir və yersiz narahatlıq yaradır.

Azərbaycan tərəfi bu yoldan istifadə edərək bölgəyə un dolu TIR-lar göndərib. Lakin ermənilər bunu qəbul etməyib. Prezidentin köməkçisinin qeyd etdiyi kimi, ermənilərin Azərbaycanın göndərdiyi hər şeyə "yox" deməsi, qida məhsulunu mənşəyinə görə qəbul etməyəcəklərini bildirmələri irqçilikdir.

Təəssüf ki, bu məsələlərdə bir çox beynəlxalq təşkilat və qurumlar qərəzli mövqedən çıxış edir. Dünyanın ən çox oxunan və qədim qəzetlərindən olan "New York Times" (NYT) bir sıra yalan məlumatlar yayıb. Buna əsasən, Hikmət Hacıyev NYT-yə açıq məktub ünvanlayıb. Hazır sənədi öz rəsmi sosial media hesabında paylaşan Prezident köməkçisi NYT-nin bütün səslər üçün ədalətli platforma olmaq əvəzinə, alternativ baxışlara təhlükəsizlik divarları və bürokratik maneələr qoymasına təəssüfləndiyini bildirib: "X" mənim ölkəmə qarşı sovet üslubunda təbliğat aparan bəzi qərb media orqanlarının informasiya monopoliyasına qarşı daha güclü alternativ, azad və açıq platforma təqdim edir. Bu məqalələrin hamısını, o cümlədən NYT-ni yoxlayanda belə təəssürat yaranır ki, onların hamısı eyni hökumət studiyasında və ya erməni lobbisi və hökuməti tərəfindən maliyyələşdirilən PR şirkətində yazılıb".

NYT-də yer alan məqalədə iddia edilib ki, Laçın yolu "blokada"dadır. Bu vəziyyətdən narahat olan muzdlu köşə yazarının sözlərinə görə, guya ölkəmiz Rusiyanın Ukrayna münaqişəsi ilə məşğul olmasından istifadə edir. Sanki bunu fürsət bilən Azərbaycan da "bəşəriyyətə qarşı cinayətlərini" törədir. Köşə yazarı ABŞ və Böyük Britaniyanı ölkəmizə qarşı daha çox təzyiq göstərməyə çağırıb. Maraqlısı odur ki, soydaşlarımıza Ermənistan tərəfindən işgəncələr törədiləndə və ya 30 il müddətində torpaqlarımız, sözün əsl mənasında, talananda "peşəkar" köşə yazarları gözlərini yummuşdu. Lakin nə olubsa, bu gün bir çoxu ayağa qalxıb, tək dərdləri əslində Qarabağda kef içində yaşayan, lakin onların "səfalət" içində yaşadıqlarını iddia etdikləri ermənilər olub. Muzdlu yazarlar niyəsə qulaqlarını ölkə başçımızın sözlərinə yumub, eşitməkdən boyun qaçırırlar. Lakin danılmaz faktdır ki, Prezident İlham Əliyev dəfələrlə xarici və yerli medialara müsahibəsi zamanı bildirib ki, Qarabağ ərazisində yaşayan ermənilər Azərbaycan Konstitusiyasının qanunlarını qəbul etdikləri təqdirdə, onlar da bizim digər soydaşlarımız kimi vətəndaşımız sayılırlar.

Töhfə SƏMƏDOVA,

"Respublika".