Hayların ritorikası artır: Simonyandan utopik təklif
Siyasət

Hayların ritorikası artır: Simonyandan utopik təklif

Son dövrlər Ermənistan tərəfinin açıqlamalarında konstitusiya məsələsinin qabardıldığı açıq şəkildə özünü büruzə verir. Belə ki, ölkə rəsmiləri müxtəlif səbəblər gətirərək həm özlərinin, həm də digər dövlətlərin konstitusiyalarında dəyişiklik edilməsinin "vacibliyi" barədə fikirlər səsləndirirlər.

Bu dəfə isə Ermənistan Parlamentinin spikeri Alen Simonyan iddia edib ki, Azərbaycan Konstitusiyasına düzəlişlər edilməli və bu, Ermənistanla güzgü prinsipi əsasında olmalıdır: "Növbəti dəfə Ermənistan rəsmilərindən yeni Konstitusiyaya ehtiyacın nə dərəcədə Bakının tələbi ilə bağlı olduğunu soruşmaq istəyəndə bilin ki, danışıq aparan erməni rəsmilər də Azərbaycan Konstitusiyasına dəyişikliklərin zəruriliyini gündəmə gətirirlər. Azərbaycan Konstitusiyasında da güzgü effekti ilə dəyişdirilməli olan müddəalar var. Əgər danışıqlar zamanı hər hansı təkliflər irəli sürülürsə, o zaman gələcək davamlı sülh naminə onlar həm Ermənistanı, həm də Azərbaycanı narahat etməlidir".

Simonyanın ölkəmizin konstitusiyası ilə bağlı açıqlamaları absurddur. Çünki dövlətimizin konstitusiyasında beynəlxalq hüququn normaları və insan azadlıqlarının müdafiəsi vacib tələb kimi ortaya qoyulur. Simonyanın isə hansı maddələrdə dəyişiklik istədiyini açıqlamaması da onun sadəcə beynəlxalq ictimaiyyətin fikrini qarışdırmaq üçün belə fikir səsləndirdiyini təsdiqləyir. Məlumdur ki, Azərbaycan Konstitusiyasında Ermənistan üçün təhlükə ola, yaxud onları maraqlandıra biləcək heç bir müddəa yoxdur. Hayastanın müstəqillik bəyannaməsində isə qondarma "miatsum"dan bəhs olunmaqla yanaşı, Qarabağa ərazi iddiası açıq şəkildə öz əksini tapıb. Bütün bunlar bir daha Simonyanın heç bir fakta əsaslanmadan Ermənistanın hər zamankı "böhtan" kampaniyasını davam etdirdiyindən xəbər verir. Simonyanın bu "təklifi" şübhəsiz ki, utopik və mümkünsüzdür.

Bundan öncə Ermənistanın baş naziri Nikol Paşinyan isə ölkə konstitusiyasının dəyişməsinin vacibliyini diqqətə çatdırmışdı. O, yanvarın 19-da Ədliyyə Nazirliyində baş tutan iclasdakı çıxışı zamanı bildirmişdi ki, Ermənistanın öz demokratik "legitimliyini" və həyat qabiliyyətini təmin etmək üçün konstitusiya islahatına deyil, tamamilə yeni konstitusiyaya ehtiyacı var. Paşinyan, həmçinin parlamentli idarəetmə sistemini dəstəklədiyini və onu Ermənistan üçün uyğun hesab etdiyini də söyləmişdi. Baş nazirin bu açıqlamaları sensasion kimi qiymətləndirilsə də, çoxları bunun Azərbaycanın xeyrinə olacağını düşünürdü. Çünki Hayastanın indiki konstitusiyasında qonşu dövlətlərə ərazi iddiasını əks etdirən bir sıra bəndlər yer almaqdadır. Ermənistanın müstəqilliyinin ilk illərində ölkədəki hakim siyasi güclər özgə torpaqlara göz dikmiş, ərazi iddialarını əsas qanuna salmışdılar.

Bir məqamı da nəzərə çatdıraq ki, müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaradıb. Bu, həmçinin ölkəmizin inkişafına güclü təkan verməklə yanaşı, hakimiyyət bölgüsünün əsas prinsiplərini də müəyyənləşdirib. Əsas Qanunda dövlətin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşdirilməsinə və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, bazar iqtisadiyyatına xas olan münasibətlər formalaşmasını təmin etmək kimi məsələlər təsbit olunub.

Şübhəsiz, Azərbaycan tərəfi Simonyanın bu iddialarını cavabsız qoymayıb. Qərbi Azərbaycan İcmasının bəyanatında Simonyanın söylədikləri məsuliyyətsizlik kimi dəyərləndirilib.

Nəzrin ELDARQIZI,

"Respublika".