Milli Məclisin plenar iclasında
Siyasət

Milli Məclisin plenar iclasında

Dekabrın 5-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasının növbəti iclası keçirilib. İclasda Baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak ediblər.

"Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsini təqdim edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, 2024-cü ilin dövlət büdcəsi layihəsi bir aydan çoxdur parlamentin komitələrində və plenar iclaslarında geniş və ətraflı müzakirə edilir. Komitə sədri qanun layihəsində nəzərdə tutulan dəyişikliklər barədə məlumat verib. Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, 2024-cü il üçün dövlət büdcəsi layihəsinin plenar iclaslarda birinci və ikinci oxunuşları zamanı 73 deputat fikrini bildirib. "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra parlamentin sədri gündəliyin növbəti 2-ci və 3-cü məsələlərinin "Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi haqqında" (üçüncü oxunuş) və "İşsizlikdən Sığorta Fondunun 2024-cü il büdcəsi haqqında" (üçüncü oxunuş) qanun layihələri olduğunu söyləyib.

Məsələlərlə bağlı Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Gündəliyin növbəti məsələsi - "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" qanun layihəsi (üçüncü oxunuş) barədə də Tahir Mirkişili məlumat verib. Sənəd səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra komitə sədri Musa Quliyev "Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsini (üçüncü oxunuş) diqqətə çatdırıb. Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Milli Məclisin sədri Sahibə Qafarova bununla da büdcə zərfinə daxil olan qanun layihələrinin üçüncü oxunuşda qəbul edildiyini bildirib və çıxış üçün sözü Baş nazir Əli Əsədova verib.

İclasda çıxış edən Baş nazir Əli Əsədov qeyd edib ki, təməli Ulu Öndər tərəfindən qoyulmuş xarici və daxili siyasət kursu bu gün Prezident tərəfindən müasir dünyanın çağırış və tələblərinə uyğun olaraq yeni məzmun və keyfiyyətdə uğurla davam etdirilir. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən əsas prioritet xərc istiqamətləri əsasında 2024-cü ildə həyata keçiriləcək tədbir və layihələrin uğurlu icrası üçün büdcədə tələb olunan maliyyə təminatı yaradılıb.

Baş nazir qeyd edib ki, 2024-2027-ci illərdə makrofiskal çərçivənin parametrləri büdcə qaydasının ortamüddətli lövbərlərinə əsaslanaraq hazırlanıb. Postpandemiya dövründən sonra milli iqtisadiyyatın artım tempi bərpa olunsa da, qlobal iqtisadiyyatda qeyri-müəyyənliklər, geosiyasi vəziyyət, beynəlxalq maliyyə mühitində sərtləşmələr ölkə iqtisadiyyatı qarşısında yeni çağırışlar formalaşdırır. Hazırda strateji valyuta ehtiyatlarımız 68,3 milyard ABŞ dolları təşkil edir ki, bu da Ümumi Daxili Məhsulun 97 faizinə bərabərdir. 2024-cü ilin makroiqtisadi çərçivəsi də ölkə iqtisadiyyatının real artımı, məqbul inflyasiya səviyyəsi və profisitli tədiyə balansı ilə proqnozlaşdırılır. Büdcədə neftin qiyməti 60 ABŞ dolları müəyyən edilib.

Diqqətə çatdırılıb ki, "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda qoyulmuş hədəflərin, Böyük Qayıdışa dair I Dövlət Proqramının və hərbi xərclərin maliyyə öhdəliyi büdcə xərclərinin miqyasına əhəmiyyətli təsir edir. Əgər dövlət büdcəsi xərclərinin ÜDM-də payı 2017-ci ildə 25 faiz idisə, 2024-cü ildə 31 faizə yüksəlib və xərclərin həcmi 2 dəfədən çox artıb.

2024-cü il üçün dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat proqnozlaşdırılır ki, bu da 2023-cü ilin proqnozu ilə müqayisədə 282,5 milyon manat çoxdur.

2024-cü ildə dövlət büdcəsinin qeyri-neft gəlirlərinin cari xərcləri təminetmə səviyyəsi 75 faizi keçib. Qeyri-neft sektoru üzrə büdcə gəlirləri son 7 ildə 2 dəfəyə yaxın artıb.

Dövlət büdcəsinin xərcləri 36 milyard 763 milyon manat proqnozlaşdırılır ki, bu da 2023-cü illə müqayisədə 138,2 milyon manat çoxdur. Dövlət büdcəsi kəsirinin ÜDM-də payı 2,2 faiz proqnozlaşdırılır. Bütövlükdə isə 2024-cü il üçün icmal büdcənin gəlirləri 38 milyard 997 milyon manat, icmal büdcənin xərcləri 42 milyard 376 milyon manat proqnozlaşdırılır.

Baş nazir deyib ki, makroiqtisadi çərçivə proqnozlaşdırılan zaman Strategiyada ortamüddətli dövrdə iqtisadi artımla bağlı müəyyənləşdirilmiş hədəflər nəzərə alınıb. Belə ki, iqtisadi artımın proqnozlaşdırılan orta illik tempi 2,9 faiz, həmçinin qeyri-neft sektoru üzrə 4,8 faiz nəzərdə tutulub. 2023-cü ilin sonuna orta illik inflyasiyanın birrəqəmli səviyyədə olacağı proqnozlaşdırılır. Dövlət Statistika Komitəsinin ilkin rəqəmlərinə görə, artıq 2023-cü ilin 11 ayında orta illik inflyasiya birrəqəmli 9,4 faiz olub, illik inflyasiya 2,6 faiz təşkil edib. Eyni zamanda, Nazirlər Kabinetində "İnflyasiya və qiymət monitorinqi" üzrə yaradılmış İşçi qrup tərəfindən inflyasiya proseslərinin və onun səbəblərinin araşdırılması və təhlili istiqamətində zəruri işlər görülür.

2024-cü ilin dövlət büdcəsi xərclərinin 43 faizi, büdcənin cari xərclərinin isə 70 faizi sosialyönlü xərclərdir (15,8 milyard manat). 2020-ci illə müqayisədə bu xərclər mütləq ifadədə 6 milyard manat və ya 1,6 dəfə artıb. Son beş ildə 4 milyon nəfəri əhatə edən 4 sosial islahat paketi icra olunub, bu islahatlara 7 milyard manata yaxın əlavə vəsait yönəldilib.

Əli Əsədov, həmçinin deyib ki, Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası istiqamətində mühüm işlər görülüb. Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban Əliyeva ilə birgə möhtəşəm bərpa-quruculuq işlərinə bilavasitə başçılıq edirlər. Qələbədən sonrakı üç il müddətində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonundakı bərpa-quruculuq işlərinə dövlət büdcəsindən 12 mlrd manat vəsait ayrılıb. 2024-cü ilin dövlət büdcəsində isə 4 milyard manat vəsait nəzərdə tutulub. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr, verilən vergi, gömrük, sosial sığorta, investisiya təşviqi, kredit və digər güzəştlər paketi həmin rayonların sürətlə dirçəlməsinə, əhalinin məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir.

Baş nazir qeyd edib ki, artıq Böyük Qayıdışa dair I Dövlət Proqramı üzrə qayıdış prosesinin ilkin mərhələsinə start verilib, 2026-cı ilədək 34,500 ailənin və ya 140 min vətəndaşımızın köçürülməsi nəzərdə tutulub. İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış Proqramına uyğun olaraq ümumilikdə 987 ailənin (3932 nəfər) köçürülməsi təmin olunub. Cari ilin sonunadək əlavə olaraq 215 ailənin köçürülməsi gözlənilir. Qarabağ iqtisadi rayonunun əraziləri - Xankəndi, Ağdərə, Xocalı, Xocavənd və bütövlükdə işğaldan azad olunmuş rayon və şəhərlərin yerli xərcləri üzrə büdcədə 50 milyon manatdan artıq vəsait nəzərdə tutulub.

Onun sözlərinə görə, müdafiə və milli təhlükəsizlik xərcləri üçün 2024-cü ilin dövlət büdcəsi xərclərinin 17,5 faizi həcmində və ya 6,4 milyard manatdan artıq vəsait nəzərdə tutulub. Bu da 2023-cü ilə nisbətən 366 milyon manat və ya 6 faiz çoxdur. Növbəti il üzrə təhsil xərclərinə 4,5 milyard manat vəsait proqnozlaşdırılır ki, bu da 2023-cü illə müqayisədə 3,2 faiz çoxdur. Ölkə Prezidentinin davamlı diqqət və qayğısı, həyata keçirilən proqramlar və Heydər Əliyev Fondunun dəstəyi ilə son 20 il ərzində 3600-dən çox məktəb binası tikilib və ya əsaslı təmir edilib. Nəticədə yenilənmiş məktəblər bütün məktəblərin təxminən 80 faizini təşkil edir. Son 3 ildə 275 məktəbin tikintisi və ya əsaslı təmiri nəticəsində ölkəmizdə qəzalı məktəblərin sayı 30 faiz azalıb.

Baş nazir bildirib ki, bir neçə gün əvvəl noyabrın 28-də dövlət başçısının Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması haqqında Sərəncam imzalaması Qarabağ regionunun zəngin təhsil ənənələrinin yaşadılmasına, həmin regionda yüksəkixtisaslı kadrların hazırlanmasına əhəmiyyətli töhfədir.

Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi də cənab Prezident tərəfindən Hökumət qarşısında strateji vəzifə kimi qoyulub. 2024-cü ilin dövlət büdcəsində ərzaq təhlükəsizliyi tədbirləri üçün 500 milyon manatdan çox vəsait nəzərdə tutulur.

Ölkədə yerli istehsalın özünütəminetmədə rolunun artırılması ilə bağlı da tədbirlər həyata keçirilir. Bu baxımdan ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, idxaldan asılılığın azaldılması prioritet istiqamətlərdəndir.

O, eyni zamanda, diqqətə çatdırıb ki, mövcud su ehtiyatlarından səmərəli istifadə olunması, fermerlərin suvarma suyu ilə təchizatı və suvarma sahələrinin genişləndirilməsi tədbirləri üçün 2024-cü ilin dövlət büdcəsindən 500 milyon manat vəsait ayrılacaqdır.

Baş nazir qeyd edib ki, son dövrlər regionda baş verən geosiyasi proseslər fonunda Şərqlə Qərb arasında ənənəvi logistik zəncirlərin qırılması ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin aktuallığını artırıb. Bu baxımdan Orta Dəhliz mühüm əhəmiyyət kəsb edir. Bu dəhlizdə fəal iştirak Azərbaycanın regional ticarət və tranzit qovşağı kimi mövqeyini gücləndirir. Bu isə ölkəmizin Asiya və Avropa üçün strateji tərəfdaş kimi əhəmiyyətini artırır və iqtisadiyyatımızda əlavə dəyərin yaranmasına töhfə verir. Bütün bunları nəzərə alaraq, dövlət başçısı tərəfindən "Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024-2026-cı illər üçün Fəaliyyət Planı" təsdiq edilib.

Əli Əsədov onu da deyib ki, 2024-cü ilin dövlət büdcəsində investisiya xərcləri üçün nəzərdə tutulan vəsaitin 890,4 milyon manatı sosial və infrastruktur təyinatlı layihələrin maliyyələşdirilməsinə yönəldiləcək.

Qeyd olunub ki, "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın icrasına isə 249 milyon manat vəsait nəzərdə tutulub. Ortamüddətli perspektivdə xərclərin artımının dayanıqlı gəlir mənbələri ilə uzlaşdırılması və Neft Fondunun aktivlərinin dayanıqlı səviyyədə saxlanılması da təmin olunacaqdır. Daxili bazarda sağlam rəqabət mühitinin təmin olunması istiqamətində aidiyyəti qurumlarla birgə "Qiymət İzləmə Sistemi"nin tətbiqi ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən subyektiv səbəblərə (rəqabət pozuntuları, bazarların bölüşdürülməsi və qiymət manipulyasiyasına) yol verən bazar subyektlərinə qarşı nəzarət tədbirləri gücləndiriləcək və ciddi tədbirlər görüləcəkdir. Rəqabət Məcəlləsinin qəbul olunması da bu proseslərə təkan verəcəkdir.

Baş nazir sonda bildirib ki, büdcə müzakirələri zamanı qaldırılan bütün məsələlər Hökumət və aidiyyəti qurumlar tərəfindən diqqətə alınacaq, qeyd edilən problemlərin həlli istiqamətində mümkün olan bütün zəruri tədbirlər görüləcəkdir.