İmperializmə qarşı kanak səsləri yüksəlir
Siyasət

İmperializmə qarşı kanak səsləri yüksəlir

Yeni Kaledoniya və Fransa arasında gərginlik Sakit okean arxipelaqının siyasi statusu, müstəqillik əldə etmək istəyindən qaynaqlanır. Yeni Kaledoniyadakı vəziyyət müasir dövrdə müstəmləkə siyasəti yürüdülməsi və öz müqəddəratını təyinetmə hüququ ilə bağlı ciddi narahatlıqları ifadə edir.

Yeni Kaledoniya 1853-cü ildə Fransa tərəfindən ilhaq edilib və bu, yerli kanak xalqının köçürülməsi və marjinallaşması da daxil olmaqla ciddi sosial və siyasi dəyişikliklərə səbəb olub. Yelisey sarayı bu gün də Yeni Kaledoniyada mövcudluğunu davam etdirməyə çalışır.

Yerli kanak xalqının müstəqillik uğrunda, öz müqəddəratını təyin etmək üçün mübarizə aparmasına, çoxsaylı referendumlar keçirməsinə baxmayaraq,  onların səsi eşidilməyib. Üstəlik, burada fransız dili və mədəniyyətinin üstünlüyü çox vaxt kanak adət-ənənələrini kölgədə qoyur, bu da bəzi narahatlıqlara səbəb olur.

XX əsrin sonlarında müstəqillik tərəfdarı olan Kanak və Sosialist Milli Azadlıq Cəbhəsi (FLNKS) və Fransa ilə davamlı əlaqələri dəstəkləyən sadiq qruplar arasında 1980-ci illərdə qarşıdurmalar başladı. Bu gərginliklər 1988-ci ildə Matinyon razılaşmasına gətirib çıxardı. 1998-ci ildə isə Yeni Kaledoniyanın müstəqilliyilə bağlı üç referendumun keçirilməsini nəzərdə tutan Noumea Sazişi bağlandı. Lakin kanak xalqının istəklərini həyata keçirmək üçün daha düşünülmüş yanaşmalar tələb olunur.

2018-ci ildə keçirilən ilk referendumda seçicilərin 56,4 faizi Fransanın tərkibində qalmağı seçib. 2020-ci ildə keçirilən ikinci referendumda 53,3 faiz müstəqilliyin əleyhinə səs verib. 2021-ci ilin dekabrında keçirilən üçüncü və son referendum müstəqillik tərəfdarı olan qrupların boykotu ilə yadda qalıb. Buna baxmayaraq, böyük əksəriyyət Fransanın tərkibində qalmağın lehinə səs verib, lakin aşağı seçici fəallığı və boykot onun legitimliyinə şübhə yaradıb.

Müstəqillik tərəfdarı olan qruplar kanak mədəniyyətinin və suverenliyinin tanınması zərurətini əsas gətirərək xalqın öz müqəddəratını təyin etmək üçün səylərini davam etdirirlər. Mayın 21-də Yeni Kaledoniya Parlamentinin üzvü, "Proqressiv Multikultural Yeni Kaledoniya" siyasi təşkilatının sədri Maria Isabella Salıga-Lutovıka Fransa Prezidenti Emmanuel Makronun Yeni Kaledoniyaya səfərinə etiraz olaraq müraciət ünvanlayıb. Məktubda Fransa prezidentinin seçici sayının genişləndirilməsi ilə bağlı qanunsuz qərarının kanak xalqında qəzəbə səbəb olduğu, xalqın dekolonizasiya ilə bağlı haqlı tələbinə Fransanın yüksək vəzifəli şəxslərinin nifrət və təkəbbürlə yanaşdığı bildirilir. Bu yanaşma ilə Parisin Yeni Kaledoniyanın "koloniya status-kvosu"nu saxlamaq istədiyi vurğulanır. Maria Isabella bildirib ki, Makron Yeni Kaledoniyanın yenidən koloniyaya çevrilməsini konstitusionallaşdıran prezident kimi Fransa tarixinə düşəcəyini zənn etsə də kaledoniyalılar bununla barışmayacaqlar.

Maria Isabella Salıga-Lutovıka Fransanın və ələlxüsus Emmanuel Makronun Yeni Kaledoniyada baş verən faciəyə görə məsuliyyət daşıdığını bildirib, bu xüsusda, kanakların qətlə yetirilməsinə diqqət çəkib. O, hazırda baş vermiş faciə nəticəsində zərər çəkmiş kanaklar üçün "Yeni Kaledoniyada 2024-cü ilin may ayındakı iğtişaşların qurbanları kollektivi"nin yaradıldığını bildirib və baş verənlərə görə Fransa dövlətindən təzminatın tələb ediləcəyini vurğulayıb.

Yeni Kaledoniyada müstəqillik tərəfdarları ilə polis arasında toqquşmalar hələ də davam edir. Mayın 22-də toqquşmalar nəticəsində infrastruktura zərər dəyib, avtomobillər yandırılıb. Fransa hökumətinin rəsmi nümayəndəsi Priska Teveno Nazirlər Şurasının iclası zamanı Emmanuel Makronun Yeni Kaledoniyaya səfər edəcəyini bildirib. Daha əvvəl isə məlumat verilmişdi ki, Makronun sədrlik etdiyi Fransa Müdafiə Şurası etirazlar fonunda Yeni Kaledoniyaya əlavə hərbi qüvvə göndərmək qərarına gəlib.

Davam edən müzakirələrdə torpaq hüquqları, iqtisadi bərabərsizlik və mədəni tanınma kimi məsələlərə diqqət yetirilməsi xüsusilə vacibdir. Yerli kanak əhalisinin istəklərinin Yeni Kaledoniyanın gələcək siyasi statusu ilə bağlı müzakirələrə daxil edilməsini təmin etmək, yerli iqtisadiyyatı şaxələndirmək və davamlı inkişafı təşviq etməklə Fransadan iqtisadi asılılığın azaldılmasına nail olmaq kimi, məsələlərin həlli böyük əhəmiyyət kəsb edir.

Nurcan SÜLEYMANOVA,

"Respublika".