Zəngəzur dəhlizi sülhün yaradılması üçün mühüm vasitə ola bilər
Siyasət

Zəngəzur dəhlizi sülhün yaradılması üçün mühüm vasitə ola bilər

Martın 1-də Türkiyənin Antalya şəhərində III Diplomatiya Forumu keçirilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəçiliyi, Türkiyənin Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə bu il üçüncüsü keçirilən forumda dünyanın 110 ölkəsindən təxminən 4600 nümayəndə iştirak edib.

Tədbirin əsas məqsədi yaşadığımız təlatümlü dövrdə davam edən müharibələr, terrorizm, qeyri-qanuni miqrasiya, ksenofobiya və antiislamizm, süni intellektin gətirdiyi gözlənilməz risklər, iqlim dəyişmələri, təbii fəlakətlər, pandemiyalar, genişlənən sosial-iqtisadi dalğalanma kimi problemlərdən birgə çıxış yolları axtarmaqdır. III Antalya Diplomatiya Forumunda ölkəmiz Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdikləri nümayəndə heyəti ilə təmsil olunub. Dövlət rəsmilərimiz müxtəlif panel iclaslarda iştirak edib, çox sayda görüşlər keçiriblər.

Panel müzakirəsində Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov da çıxış edib. Çıxışı zamanı Zəngəzur dəhlizinin önəmindən danışıb, onun Ermənistanla Azərbaycan arasında etimadın möhkəmləndirilməsi və sülhün yaradılması üçün mühüm vasitə ola biləcəyini vurğulayıb. O qeyd edib ki, Zəngəzur dəhlizi nəinki Ermənistanla Azərbaycan arasında birbaşa nəqliyyat əlaqələri yarada, həm də İrəvanın regionda iqtisadi təcridinə son qoya bilər: "Bundan əlavə, bu layihənin həyata keçirilməsi bölgədəki digər ölkələrin, ilk növbədə, Türkiyə, Rusiya və İranın maraqlarına tam cavab verir və onlara fayda gətirəcək. Həmçinin Zəngəzur dəhlizi artıq mövcud olan Orta Dəhlizə alternativ marşrut ola, Çini Mərkəzi Asiya və Cənubi Qafqaz vasitəsilə Azərbaycan və Gürcüstan ərazisindən keçməklə Avropa ilə birləşdirə bilər".

2020-ci il 10 noyabr Bəyanatı ilə mənfur düşmənin məğlubiyyəti rəsmi olaraq təsdiqlənməklə yanaşı, bir neçə mühüm siyasi məqamlar da dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Bu məqamlardan biri isə Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistan tərəfinin üzərinə götürdüyü öhdəlik oldu. Bəyanata əsasən tərəflər arasında Qarabağ münaqişəsinin həlli üçün bir sıra mərhələlər nəzərdə tutulub ki, bunlardan biri də Qarabağ ətrafındakı ərazilərdə kommunikasiyaların bərpasıdır. Azərbaycan və Ermənistanın Naxçıvan ətrafında, əsasən İranla sərhəddə olan kommunikasiyaların açılması regionda nəqliyyat, ticarət əlaqələrinin bərpası, inkişafı üçün əhəmiyyətli bir addımdır və münaqişənin nizamlanması, bölgədə sabitliyin təmin edilməsi məqsədilə atılıb. Zəngəzur dəhlizinin açılması dövlətimizin geoiqtisadi əhəmiyyətinə öz töhfəsini verəcək.

Eyni zamanda nəqliyyat yolu kimi bu dəhliz Azərbaycan və Türkiyə arasında hər cür malların və enerji ehtiyatlarının nəqli üçün əlverişlidir. Bütün bunlar Zəngəzur dəhlizinin iqtisadi əhəmiyyətini vurğulayır. Həmçinin qeyd etmək lazımdır ki, Zəngəzur dəhlizindən digər ölkələr də faydalanacaq.

Zəngəzur dəhlizinin gələcəkdə açılması təkcə ölkəmiz üçün deyil, beynəlxalq aləm üçün də xüsusi əhəmiyyət kəsb edir. Çünki dəhliz təkcə Cənubi Qafqazda yox, bütün Avrasiyada böyük əhəmiyyətə malik yeni kommunikasiya xəttidir.

Röya RÜSTƏMLİ,

"Respublika".