İqtisadi yüksəliş, sosial tərəqqi illəri
İqtisadiyyat

İqtisadi yüksəliş, sosial tərəqqi illəri

Ölkəmizdə son 20 ildə vətəndaş rifahının artırılması istiqamətində mühüm irəliləyişlərə nail olunub

Dinamik iqtisadi inkişafı və beynəlxalq münasibətlər sistemində nüfuzlu mövqeyi ilə seçilən, öz ərazi bütövlüyünü və bununla ədaləti, beynəlxalq hüququ təmin etmiş qalib Azərbaycan vətəndaş rifahının təminatı istiqamətində mühüm irəliləyişlərə yol açan güclü sosial siyasət yürüdür. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu uğurlu sosial siyasətin Prezident İlham Əliyev tərəfindən ötən 20 ildə davam və inkişaf etdirilməsi nəticəsində ölkəmizdə bütün sahələrdə, o cümlədən əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb.

Ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsi Prezident vəzifəsində cənab İlham Əliyevin əsas fəaliyyət istiqamətlərindən biri olmuşdur. Dövlət başçısının "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" 2003-cü il 24 noyabr tarixli Fərmanı ilə müəyyən edilmiş strategiya ölkənin hərtərəfli  inkişafına dair davamlı və sistemli proqramların əsasını qoymuş, sosial-iqtisadi inkişafın real dinamikasını təmin etmişdir. Aparılan uğurlu, qətiyyətli siyasət, həyata keçirilən Dövlət proqramları və iqtisadi layihələr Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafına təkan verməkdədir. Ötən dövrdə əməkhaqlarının, pensiya və digər sosial ödənişlərin mütəmadi olaraq artırılması, regionların və özəl sektorun inkişafı şəraitində yeni iş yerlərinin açılması, sosial müdafiə və reabilitasiya əhəmiyyətli yeni müəssisələr şəbəkəsinin qurulması, məşğulluq imkanlarının sosial təminat sisteminin əhəmiyyətli dərəcədə genişləndirilməsi təmin edilib. Dövlət başçısının qeyd etdiyi kimi, "Azərbaycan sosial dövlətdir və biz bunu sözlə yox, əməlimizlə təsdiqləyirik".

Prezident İlham Əliyevin diqqət və qayğısı, eyni zamanda Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və dəstəyi ilə ölkə üzrə təhsil, səhiyyə və mədəniyyət ocaqlarının   tikintisi və yenidən qurulması sahəsində irimiqyaslı layihələr həyata keçirilmişdir.  Son 20 ildə paytaxtda və regionlarda 3630 məktəb, 760-dək səhiyyə müəssisəsi tikilmiş və ya əsaslı təmir olunmuşdur. Əhalinin sosial müdafiəsi, xüsusilə ən həssas kateqoriyadan olan insanların sosial təminat məsələləri, bütövlükdə əhalinin sosial-iqtisadi rifah halının yaxşılaşdırılması cənab Prezidentin daim diqqət mərkəzində olmuşdur. Hər il dövlət büdcəsi tərtib edilərkən onun  sosialyönümlü olmasına xüsusi diqqət yetirilmişdir. Bunun nəticəsidir ki, 2003-2023-cü illərdə sosial təyinatlı büdcə xərcləri 20 dəfədən çox artmışdır. Ötən 20 ildə orta aylıq nominal əməkhaqqı 12 dəfə, minimum əməkhaqqı isə 38 dəfədən çox artmışdır. Orta aylıq pensiya 18 dəfəyə yaxın, minimum pensiya məbləği isə 14 dəfə yüksəlmişdir. 

Yoxsulluğun azaldılmasına, məşğulluq imkanlarının artırılmasına, işsizliyin aradan qaldırılmasına, qaçqın və məcburi köçkün ailələrinin güzəranının yaxşılaşdırılmasına yönəlmiş ardıcıl tədbirlər görülmüşdür. Əgər 20 il əvvəl yoxsulluq səviyyəsi 45 faizə yaxın idisə, hazırda cəmi 5,5 faiz təşkil edir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar yaralanmış və əlil olmuş şəxslərin müalicəsi, şəhid ailələrinin və müharibə iştirakçılarının sosial-məişət şəraitinin yaxşılaşdırılması daim dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir. İndi qaçqın və  məcburi köçkün statusundan qurtulmuş soydaşlarımızın yaşayış şəraitinin yaxşılaşdırılması və onların sosial problemlərinin həlli istiqamətində  həyata keçirilmiş proqramlar çərçivəsində 121 qəsəbə və yaşayış kompleksi inşa edilmişdir.

2018-ci ilin aprelində ölkəmizdə keçirilən seçkilərdə cənab İlham Əliyevin ölkə seçicilərinin mütləq əksəriyyətinin səsini qazanaraq yenidən Azərbaycan Prezidenti seçilməsi onun rəhbərliyi ilə 2003-2018-ci illərdə ölkənin nail olduğu dinamik inkişaf kursunun, bütün sahələrdə, o cümlədən sosial sahədə qazanılmış mühüm nailiyyətlərin uğurla davam etdirilməsinə imkan yaradıb: "Azərbaycan xalqı ildən-ilə daha yaxşı yaşamalıdır. Bizim artan iqtisadi gücümüz ölkəmizin güclənməsinə, ilk növbədə, xalqımızın rifah halının yaxşılaşmasına yönəlməlidir və biz bunu edirik", - deyən Prezident  İlham Əliyevin fərman və sərəncamları ilə 2018-2023-cü illərdə əməkhaqqı və digər sosial ödənişlərin artırılması məqsədilə 4 sosial islahat paketi icra olunub. Ümumilikdə, 4 milyondan çox vətəndaşı əhatə edən bu islahatların hər biri üzrə illik əsasda ayrılan əlavə vəsaitlərin ümumi məbləği 7 milyard manata yaxındır. Bu islahatlar nəticəsində 2018-2023-cü illərdə ölkəmizdə minimum pensiya 2,5 dəfə, minimum əməkhaqqı 2,7 dəfə, orta aylıq pensiya 2,1 dəfə, yaşa görə orta aylıq pensiya 2 dəfə,  orta aylıq əməkhaqqı 70 faiz, sosial müavinət və təqaüd ödənişləri 5 dəfə, median əməkhaqqı 2,1 dəfə, əməkhaqqı fondu 2,6 dəfə, işsizliyə görə sığorta ödənişlərinin orta aylıq məbləği 52 faiz artıb. Aztəminatlı ailələrə dövlət dəstəyi olan ünvanlı dövlət sosial yardımı proqramının icrasına da Prezident İlham Əliyevin təsdiq etdiyi qanunla 2006-cı ildə başlanılıb. Ötən dövrdə ünvanlı sosial yardım sistemi elektronlaşdırılıb, habelə qanunvericilikdə bir sıra dəyişikliklər edilərək proqramın əhatə dairəsi genişləndirilib.

Postmüharibə dövründə 5300, ümumilikdə, ötən dövrdə  14100, o cümlədən son 20 ildə 13 mindən çox mənzil, həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 44 günlük Vətən müharibəsindən sonra 324 avtomobil, ümumilikdə, ötən dövrdə 7500-dən çox, o cümlədən son 20 ildə 6500-dən çox  avtomobil verilib. Postmüharibə dövrü üzrə qeyd olunan sosial dəstək proqramı şəhid ailələri və müharibə iştirakçılarından ibarət 124 min şəxsi əhatə edərək onlara dəstək yönümlü 309 min xidmət göstərilib. Bu xidmətlərə mənzil və avtomobillə təminat tədbirlərindən əlavə olaraq, həmin şəxslərdən ibarət 103 min şəxsə 115 min aylıq sosial ödənişin təyin olunmasını, 11 min nəfərə 51 min sosial-psixoloji dəstək və reabilitasiya xidmətinin göstərilməsini, 20 min şəxsin məşğulluğunun təmin edilməsini və s. aid etmək olar.

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə yanaşı, digər həssas qruplardan olanların da mənzillə təminatı həyata keçirilir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə son illərdə Abşeron rayonunda çoxmənzilli yaşayış binaları inşa edilərək dövlət uşaq müəssisələri məzunlarının istifadəsinə verilib. Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin "Məzun evi" sosial müəssisəsi kimi fəaliyyət göstərən həmin yaşayış binalarında 365 məzun mənzillə təmin olunub. Həmçinin gözdən əlilliyi olan şəxslərə dövlət tərəfindən yüzlərlə mənzil verilib.

İnsana qayğı, onun maddi-mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Prezident İlham Əliyevin apardığı siyasətin mühüm prinsiplərindəndir. Ölkəmizdə uğurlu sosial siyasətin həyata keçirilməsi, ilk növbədə, bu siyasətin əsas məqsədi Azərbaycanda sosialyönümlü dövlət quruculuğunu təmin etməkdir. Dövlət başçısı hər zaman öz çıxışlarında sosial siyasəti dövlət siyasətinin ən zəruri sahələrindən biri kimi dəyərləndirərək vurğulayıb ki, layiqli sosial siyasət qarşıdakı illərdə də Azərbaycan hökumətinin fəaliyyətinin prioriteti olaraq qalacaq.

Mustafa KAMAL,

"Respublika".