İrəliləyişi etiraza çevirənlər: müxalifət nə istəyir?
Siyasət

İrəliləyişi etiraza çevirənlər: müxalifət nə istəyir?

Hazırda Hayastanın daxilində vəziyyət getdikcə gərginləşir, ölkədə qarışıqlıq və hərc-mərclik hökm sürür. Paşinyan hakimiyyəti son vaxtlar baş verən hadisələrin qarşısını ala bilmir. Hər nə qədər bu istiqamətdə addımlar atılsa da, mövcud siyasi-ictimai böhran davam edir. İrəvandakı mürəkkəb situasiyanın, siyasi-ictimai böhranın səbəbi isə məlumdur: Azərbaycanla sərhəd bölgəsində delimitasiya və demarkasiya prosesinə başlanılması.

Əfsuslar olsun ki, Hayastanda revanşist qüvvələr sözügedən prosesə qarşı çıxmaqla ona mane olmağa çalışırlar. Onlar boş və absurd arqumentlər gətirməklə Paşinyan hakimiyyətini fikrindən daşındırmağa cəhd edirlər. Erməni radikalların sərhədlərin delimitasiya prosesini kütləvi iğtişaşlar üçün bəhanə kimi istifadə etdiyini də söyləmək mümkündür. Bu gün Ermənistanın ərazisi bir növ savaş poliqonuna çevrilib, Azərbaycanla sərhəd olan və delimitasiya prosesinə start verilən bölgəsini kütləvi etiraz dalğası bürüyüb. Etirazlar paytaxt İrəvan da daxil olmaqla, bütün ölkə ərazisinə yayılıb. Radikallar etirazlar çərçivəsində daxili və dövlətlərarası magistral yolları bloklamaqla öz istəklərini reallaşdırmağa çalışırlar. Onlar bununla ölkədə idarəetməni ələ keçirmək, Paşinyana təzyiq göstərməklə baş naziri fikrindən daşındırmaq istəyirlər. Amma delimitasiya və demarkasiya prosesinin yeni başladığını nəzərə alsaq, bu etirazların xeyli davam edəcəyini söyləmək mümkündür. Çünki bu gün mövcud vəziyyət Azərbaycanın xeyrinə dəyişir və bu proses davam edəcək. Başqa sözlə desək, rəsmi İrəvan Azərbaycana aid digər kəndləri də ölkəmizə geri qaytarmalı olacaq. Bir məqamı da qeyd edək ki, Nikol Paşinyan hakimiyyətinin prosesin mümkün qədər sürətlə aparılmasına maraqlı olduğu da nəzərə çarpır. Hətta baş nazir rəsmi Bakı ilə sərhədlərin dəqiqləşdirilməsini müəyyən mənada Ermənistanın təhlükəsizlik maraqlarının əsas təminatı kimi qiymətləndirir. Prosesə əngəl törətməyə çalışan erməni radikallar isə hazırda Ermənistanı növbəti dəfə savaş təhlükəsi ilə üz-üzə qoymaq istəyirlər.

Delimitasiya və demarkasiya prosesindən sonra geniş vüsət alan aksiyalardakı şüarlar və müxalifətin fəaliyyəti də xeyli diqqət çəkir. Belə ki, nümayişçilər baş nazir Nikol Paşinyanı qıcıqlandırmaq üçün "Hamısını verək, dinc yaşayaq!", "Sus, qoy, hamısını versin!" və s. kimi şüarlar səsləndirirlər. Müxalifət hər vəchlə Ermənistanın Azərbaycanla razılığa gəlməsinə mane olmağa çalışır. Ermənistan hakimiyyətinə qarşı çıxan keçmiş iqtidar təmsilçilərinin övladları da etirazlarda xüsusilə fərqlənirlər. Belə ki, vaxtikən qərb qonşumuzun xeyli hərbçisinin yanaraq ölməsinə görə tutduğu vəzifədən qovulan və məsuliyyətə cəlb olunan polkovnik Miqtan Maxsudyanın oğlu Vaaqn Maxsudyan da aksiyalarda fəal iştirak edir. Etirazçılar arasında hətta keçmiş prezidentlər, uşaq qatilləri, əlləri azərbaycanlıların qanına bulaşan Serjik Sarkisyan və Robert Koçaryanın başçılıq etdiyi partiyaların nümayəndələri də var. Əslində, Ermənistan müxalifətinin bu cür etirazlarla çıxış etməsi heç də təsadüfi deyil. Azərbaycanın həmin torpaqları məhz Ermənistandakı keçmiş iqtidarların dövründə işğal olunub. Bununla yanaşı, həmin yerlərə qanunsuz olaraq ermənilərin köçürülməsi də həyata keçirilib. Daha dəqiq desək, sabiq vəzifəli şəxslərin sözügedən dövrdəki cinayətlərini ört-basdır etmək üçün başqa çıxış yolu yoxdur. Bu kontekstdə, onlar sərhədlərin müəyyənləşdirilməsinə etiraz edirlər.

Bir məqamı da xatırladaq ki, 4 kəndin qaytarılması haqqında razılaşma Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası üzrə ikitərəfli komissiyanın 19 aprel tarixli sonuncu görüşündə əldə olunub. Artıq delimitasiyanın müəyyən hissəsi həyata keçirilib. Bununla belə, müxalifət sərhəddə yerləşən kəndlərə getməklə Azərbaycanla razılaşmaları pozmaq üçün əhalini kütləvi etirazlara sövq edirlər.

Polis tərəfindən müxalifətçilər, o cümlədən bir sıra deputatlar saxlanılıb. Bu gün Ermənistandakı pozucu qüvvələr prosesə mane olmağa çalışsalar da əldə olunan irəliləyiş bir çox böyük güclər tərəfindən alqışlanır. Məsələn, aprelin 26-da Almaniya Kansleri Olaf Şolts Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi brifinq zamanı da bunu diqqətə çatdırıb. O.Şoltsun sözlərinə görə, 2024-cü il regionda sülh ili ola bilər. Demarkasiya ilə bağlı ilkin razılıqların Almaniya tərəfini sevindirdiyini deyən Kansler bu dinamikanı saxlamağı və bu istiqamətdə cəsarətli addımlar atılmasını dəstəklədiyini vurğulayıb. Bununla yanaşı, aprelin 29-da ABŞ dövlət katibi Antoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı da bunu söyləməyə əsas verir. Şübhəsiz, mövcud beynəlxalq dəstək fonunda 3-5 nəfər müxalifətçi Ermənistan hakimiyyətini fikrindən yayındıra bilməyəcək. Bu, baş versə belə itirən tərəf yenə də rəsmi İrəvan olacaq. Amma necə deyərlər, "kifirə sabun, dəliyə öyüd neyləyər"...

Nəzrin ELDARQIZI,

"Respublika".