Keçmiş jurnalist özünü “ələ verdi”
Siyasət

Keçmiş jurnalist özünü “ələ verdi”

Britaniyanın gündəlik "The Telegraph" qəzeti Ermənistanın baş naziri Nikol Paşinyanla həmsöhbət olub. Müsahibə zamanı Paşinyan bir sıra mühüm suallara cavab verib. Maraqlısı budur ki, bu dəfə neytral tərəfdə öz fikirlərini səsləndirən baş nazir ürəyi istədiyi kimi yalan danışa bilməyib. Müsahibə həm video, həm də yazı formatında qəzetin rəsmi saytında yer alıb. Jurnalistin ingiliscə danışmasına, suallar verməsinə baxmayaraq, Paşinyan davamlı olaraq erməni dilində danışıb. Görünür, 2020-ci ildə Münxen Təhlükəsizlik Konfransındakı çıxışından sonra erməni nazir ingilis dilində danışmağa tövbə edib. Nə də olmaya atalar demişkən: dili çaşmış və sözün düzünü demişdi. Hələ də gündəmdən düşməyən həmin sözlər isə belə idi: "Qafqaz bürosu Qarabağın Azərbaycanın bir hissəsi olmasına qərar verdi, üzr istəyirəm, bağışlayın Ermənistanın...". Elə o vaxtdan bəri nə vaxt ingilis dilində çıxış etməsi zəruri olsa, soyuq tərlər tökür. Yəqin himayədarları da ona öyrədib ki, sən gəl ən yaxşısı öz dilində danış, onsuz da tək bacardığın elə budur. Onu da qeyd edək ki, Paşinyan üçün orada təyin olunmuş hər hansı bir tərcüməçi də yoxdur. Yəni jurnalist ingiliscə sual verir, baş nazir də birbaşa cavablandırır, daha doğrusu, buna çalışır. Müxbir üçün isə erməni dilindən ingiliscəyə tərcümə edən şəxs yan tərəfdə öz yerini alır.

Gələk əsas məsələyə. Jurnalistin ilk olaraq məhz dövlətlərimiz arasındakı münasibətlə bağlı sual verir: "Azərbaycanla Ermənistan arasında 3-cü dəfə müharibənin baş verməsindən qorxursunuz?". Bunun qarşısında çaşbaş qalan Paşinyanın ilk kəlməsi isə "mən buna qorxu deməzdim..." olur. Bir qədər dayanır, ətrafa göz gəzdirir. Sanki kimdənsə dəstək gözləyir və ya danışmağa yalan axtarır. Heç nə tapmayanda da başlayır Ermənistanın nə qədər "demokratik" və "inkişaf edən ölkə" olmasından söz açmağa. Müsahibə zamanı o, davamlı olaraq sol üst köşəyə baxır. Araşdırmalara və bədən dili nəzəriyyələrinə əsasən, bir insanın göz bəbəkləri sola tərəf baxırsa, ağlını işlədərək bir şey uydurmağa çalışır. Erməni nazirdə bu, açıq formada müşahidə olunur. Həmçinin o, davamlı olaraq göz kontaktına girməkdən qaçır. Çünki yalan danışan şəxslər həmsöhbətinin gözlərinə baxmamağa üstünlük verir. Kulminasiya nöqtəsi isə qəzet əməkdaşının: "Siz Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) tamhüquqlu üzvüsünüz, həmçinin rəsmi olaraq Roma Statutuna da qatılmısınız. BCM hazırda Vladimir Putin haqqında Ukraynada törətdiyi iddia edilən hərbi cinayətlərə görə həbs qərarı çıxarıb. Əgər Vladimir Putin İrəvana gəlsə, onu həbs edərsiniz?", - sualıdır. Yalanı gizlətmək üçün insan, adətən müdafiə mövqeyini tutur, hansı ki, aqressiv reaksiyalar bu kimi situasiyalarda daha çox müşahidə olunur. Bu zaman Paşinyan olduqca qəzəbli formada qaşlarını çatıb jurnalistə baxır. Köhnə media işçisi olduğuna görə o kameralara necə oynayacağını çox yaxşı bilir. Durmadan ağız hissəsini iyrənirmiş kimi hərəkət etdirir, burnunu tərpədir, qaşlarını isə çatır. Gözlərində isə həqiqi qəzəb hiss olunmur. Mənasız baxışlarla əslində o, özünü büruzə verir. Bununla o, bildirmək istəyir ki, mən əslində əsəbi deyiləm, əzizim Putin. Sadəcə söhbəti necə fırladacağımı düşünürəm. Elə belə də olur. Başlayır guya qəzəblənmişcəsinə əl-qol hərəkətləri ilə nə isə danışmağa. Lakin sözləri ilə hərəkətləri arasında təzad hiss olunur. Üzdən əsəbi olan Paşinyanın istifadə etdiyi cümlələr isə belədir: "Roma Statutuna qoşulmaq qərarı Ermənistanın təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə xidmət edir. Hüquqi incəliklərə gəlincə. Hazırda hüquqi təhlil apara bilmirəm, çünki bu, vəkillərin işidir".

Qəzet özü də dərc etdiyi məqalədə vurğulayıb ki, Paşinyan verilən sualın əsas məğzi barədə heç bir cavab verməyib, sadəcə mövzu ətrafında fırlanıb. Mərkəzə yaxınlaşır, lakin yan keçib gedir. Özünə sərf edən hissələri isə pinsetlə dartıb çıxarır və başlayır o haqda danışmağa. Jurnalist isə görünür vəziyyətdən heç də razı deyil. Necə deyərlər, biz deyirik qatıq ağdır, sən isə deyirsən ki, hə, mən də acam. Bunu başa düşən müxbir yenidən sualı təkrarlayır və istədiyi cavabı almaq üçün bir daha cəhd göstərir. Həyəcanlanan nazir isə o an ağlına gələn ilk hekayəni başlayır danışmağa: "İcazə verin, sizə bir sirr açım. 2018-ci ildən sonra Ermənistanda geniş demokratik islahatlar aparılıb. Kimi həbs edib, kimi isə tutmamağa mən qərar vermirəm. Və dediyim kimi, Ermənistan məsuliyyətli dövlət kimi bütün beynəlxalq öhdəliklərinə, o cümlədən Rusiya Federasiyası ilə münasibətdə götürdüyü öhdəliklərə və ölkənin beynəlxalq münasibətlərdə üzərinə götürdüyü öhdəliklərə sadiq qalmalıdır".

Beləcə, məsələdən boyun qaçırır. Bütün bunları danışanda isə onun üzündə qəribə təbəssüm görünür. Danışılan mövzunun ciddiliyinə baxmayaraq, şəxs əgər tamamilə tərs hərəkət edirsə, məsələn, ciddiliyin qarşısında gülümsəyirsə, bu, onun yalan danışdığını göstərir. Həmçinin başını inkar mənasında yavaşca sağa-sola çevirməsi də eyni mənanı verir. Budur, Ermənistanın baş naziri bir daha özünün nə qədər "dürüst" olduğunu göstərdi. Həm də buradan onu da anladıq ki, himayədarları olmadan və ya onların təyin etdiyi jurnalist olmadan Paşinyan heç nə danışa bilmir. Ermənipərəst Qərb medialarının hazırladıqları reportajlarda suallar əvvəlcədən bəlli olur, ciddi hazırlaşılır və deyiləcəklər əzbərlənir. Britaniyanın qəzetinin neytral mövqedə olması erməni nazirin heç də işinə yaramır. Sonda görünür belə bir müsahibə verdiyinə görə də peşman olur. Nəticə etibari ilə onu deyə bilərik ki, Nikolun bədən dili onun yalanlarını ələ verdi. Keçmiş jurnalist özünü gizlədə bilmədi.

Töhfə SƏMƏDOVA,

"Respublika".