KİTABXANAYA GEDİRSİNİZMİ?..
Sosial həyat

KİTABXANAYA GEDİRSİNİZMİ?..

Bu gün əksər kitabxanalarımızın üzləşdiyi çətinliklər demək olar ki, hamımızda narahatlıq doğurur. Əslində mövcud problemlərə baxmayaraq, bütün dünyada kitabxanalar olub, var və gələcəkdə də olmalıdır.

Bəs, kitabxanalarımızın vəziyyəti, oxucuların laqeydliyini doğuran amillər nədir, daxilimizdə həyəcan təbili çalan hansı hissdir, biz niyə narahatıq?

Faktlar, vəziyyətin statistik və analitik təhlili göstərir ki, kitabxanalara maraq gündən-günə azalır. Son nəticədə isə kitabxanalar ixtisar olunur. Vaxtilə Gəncədə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin tabeliyində 25 filial fəaliyyət göstərirdi. Bu gün onların sayı 21-dir. Kitab fondunun sayı da ötən illərlə müqayisədə azalıb. Bu bir həqiqətdir ki, kitabxanalar sosial institut kimi yox olmaq təhlükəsi ilə üzləşib. Faktların təhlili göstərir ki, kitabxanaların öz dövrünü başa vurması haqqında söhbətlər artıq ən yüksək kürsülərdən gəlir. Ayrı-ayrı dövlət idarələri nəzdində fəaliyyət göstərən kitabxanaların ixtisarı barədə məsələ qaldırır və buna nail olurlar. Acınacaqlı haldır ki, bu prosesə təhsil müəssisələri arasında da meyillər var.

Cəmiyyətdə müəyyən dairələrdə belə fikirlər səslənsə də, çox sevindirici haldır ki, ölkə başçısı kitabxanaların fəaliyyətinə xüsusi diqqət və qayğı göstərir. Bu gün kitabxana sisteminin təkmilləşdirilməsi, elektron kitabxana sisteminin yaradılaraq məişətimizə daxil edilməsi məqsədilə tədbirlər planı müəyyənləşdirilmişdir. Elektron kitabxanaların yaradılması ilə bağlı dövlət başçısı tərəfindən imzalanmış sərəncamlar, habelə bir sıra digər sənədlər buna ən gözəl misaldır. Ölkə başçısı İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncamı və eyni məqsədlə imzalanmış "Latın qrafikası ilə 2004-cü ildə yenidən çap olunmuş kitabların bölgüsünün təsdiq edilməsi haqqında" sərəncamı da kitabxanalarımızın kitab fondunun latın əlifbası ilə nəşr edilmiş kitablarla zənginləşdirilməsi məsələsinin həllinə sanballı töhfələr verir. Heç təsadüfi deyildir ki, Gəncə Mərkəzləşdirilmiş Kitabxana Sistemi bu yaxınlarda daha 976 adda yeni kitab almışdır. Hazırda həmin kitabların komplektləşdirilməsi həyata keçirilir və tez bir zamanda oxucuların istifadəsinə veriləcək. Kitabxanaların cəmiyyətdə oynadığı rolu ulu öndər ifadə edirdi: "Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir".

Təqdirəlayiq haldır ki, bu tapşırıq və tövsiyələrin həyata keçirilməsi üçün bir sıra tədbirlər görülmüşdür və bu iş uğurla davam etdirilir. Başlıca məqsəd də kitabxanaları informasiya mərkəzinə çevirməklə oxucuları kitabxanalara cəlb etmək, onların mütaliəsinə nail olmaqdır.

Yuxarıda qeyd etdiyimiz kimi, son illərdə Mərkəzləşdirilmiş Kitabxana Sisteminə daxil edilən kitabxanaların sayı 25-dən 21-ə enmişdir.

Problem nədən yaranır?

Bəzi insanlar israr edirlər ki, internetdən lazımi informasiyanı almağın mümkün olduğu bir vaxtda kitabxanalara heç bir ehtiyac yoxdur. Onlar kitabxanalara ehtiyacın olmadığı qənaətindədirlər.  Düzdür, bütün dünya bu faktla üz-üzə qalsa da kitabxanalar qorunmalı, xilas edilməlidir.

Biz bazar iqtisadiyyatına əsaslanan, yeni dövrdə dəyişən dünyaya kitabxanaları necə ötürməli, necə adaptasiya etməliyik?

Mütaliə insanın dünyagörüşünün formalaşmasında xüsusi rol oynayır. Bu problemin həllində kitabxanaların rolunun artırılması çox mühüm məsələdir.

Gəncə şəhəri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin müdiri G.İsgəndərova deyir ki, Mərkəzləşdirilmiş kitabxana sistemi ilə məktəb, lisey, ali məktəb kitabxanalarının qarşılıqlı əlaqəsi möhkəmləndirilir, ilk nəticələr də ümidvericidir. Bu əlaqələr təsadüfi xarakter daşımamalı, kütləvi hal almalıdır. Hazırkı informasiya dövründə oxucuların kitabxanalara cəlb edilməsi, mütaliə probleminin həlli istiqamətində axtarışların davam etdirilməsi sahəsində uğurlu nəticələrə nail olunması başlıca vəzifə kimi qarşıya qoyulmalıdır. Kitabxanaların gələcəkdə də mövcudluğu məhz bu problemin uğurlu həlli ilə bilavasitə bağlıdır.

Gəncədə mərkəzi kitabxana ilk dəfə 1935-ci ildə fəaliyyətə başlamışdır. Müxtəlif dillərdə və ayrı-ayrı qrafika ilə nəşr edilmiş 370 minə yaxın kitab fondu var. Oxucuları kitabxanaya cəlb etmək üçün elektron kitabxana və elektron kataloq yaradılmışdır.

Qarşıda duran ən başlıca vəzifələrdən biri kitabxana fondlarının latın qrafikası ilə nəşr edilmiş kitablarla zənginləşdirilməsidir. Xüsusilə də kitab bayramlarının keçirilməsi, yaradıcı insanlarla vaxtaşırı görüşlərin təşkili də müsbət nəticələr verə bilər. Kitabxanalarda müxtəlif dərnəklərin təşkili də gündəmdə olmalıdır. Uşaqlarda kitaba maraq körpə yaşlarından aşılanmalıdır. Bu sahədə valideynlərin də üzərinə çox böyük vəzifələr düşür. Ailədə başlayan bu proses məktəbdə müəllimlər tərəfindən inkişaf etdirilməli, kitabxanalar isə bu vərdişin gündəlik davranış qaydasına çevrilməsi üçün mütərəqqi metod və üsullar işləyib hazırlamalı və həyata keçirməlidir.

Mütaliə infrastrukturunun - kitabxana, təhsil və məktəb industriyasının inkişafı da daim diqqət mərkəzində olmalıdır. Bu sahədə media nümayəndələrinin rolu da önəmlidir.

Vaqif TANRIVERDİYEV,

"Respublika".