Ağdamda yenə də ağ evlər ucalır
Sosial həyat

Ağdamda yenə də ağ evlər ucalır

Düşmənin viran qoyduğu, altını üstünə çevirdiyi Ağdam Birinci Qarabağ müharibəsində Ermənistan tərəfindən ekosidə məruz qalıb, bu qədim şəhər etnik nifrət zəminində və məqsədli şəkildə xarabalığa çevrilib, təbiətinə, tarixi abidələrinə amansız və qəddar münasibət göstərilib. Ağdamda ermənilərin müharibə cinayətləri ölçüyəgəlməzdir, bu dağıntılar düşmənin qorxulu və təhlükəli mahiyyətindən xəbər verir. Haylar burada Azərbaycanın tarixi-mədəni irsinə qarşı görünməmiş vandallıq törədib. Rayondakı bütün abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, dini inanc yerləri təhqir edilib.

Qəddarlığın və erməni vəhşiliyinin qurbanı olan Ağdamda indi işğalçıların vurduğu yaralar sağalır, ölü zonaya çevrilmiş yurd yerimizə firavan həyat qayıdır. Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə yeni və müasir, dünyada bənzəri olmayan Ağdam şəhəri tikilir. Şəhərin Baş Planına əsasən Ağdam Qarabağın ən böyük sənaye mərkəzi, mədəniyyət ocağı, elm məbədi, musiqi beşiyi, ən gözəl və ecazkar bir yaşayış məntəqəsi olacaq. Ağdam həm də yaşıl bir şəhərə çevriləcək. Hazırda Ağdam şəhəri və 6 kənd yenidən qurulur, cənab Prezident 2021-ci ilin may ayında Ağdam şəhərinin Baş Planını təsdiq etdikdən dərhal sonra burada bir sıra layihələrin təməli qoyulub və bərpa-tikinti işlərinə başlanılıb. Dövlət başçısının tapşırığına uyğun olaraq birləşdirilən kəndlərlə və əhalinin artımı da nəzərə alınaraq şəhər 100 min nəfər əhali üçün nəzərdə tutulur. Qalib Ali Baş Komandan İlham Əliyevin güclü siyasi iradəsi və müzəffər ordumuzun qazandığı tarixi qələbə nəticəsində bir güllə atılmadan işğaldan azad edilən və "Qafqazın Xirosiması" adlandırılan Ağdam şəhəri demək olar ki, sıfırdan qurulur, dövlətimizin gücü ilə yeni və müasir bir şəhər tikilir. Özünəməxsus zəngin tarixi-mədəni irsə, əsrarəngiz təbiətə malik, Qarabağ iqtisadi rayonuna daxil olan Ağdamın bərpası və sürətli inkişafı doğrudan da qürurvericidir, bu, hər şeydən əvvəl dövlətimizin gücünü göstərir. Qədim şəhərin keçmiş ənənələri nəzərə alınmaqla, müasir şəhərsalma üslubunda tikilir və yeni Ağdam həm də mühüm nəqliyyat qovşağına çevrilir, Qarabağa və Şərqi Zəngəzura gedən yollar burada birləşir. Dünyanın musiqi sənətinə töhfələr verən görkəmli incəsənət xadimlərinin, ədəbiyyatımızın korifeylərinin, bir sözlə, qəhrəman oğulların beşiyi Ağdam şəhəri düşmənin vəhşiliklə törətdiyi xarabalıqlar arasından başqa bir görkəmdə boylanır. Qalib Ali Baş Komandan İlham Əliyevin və müzəffər ordumuzun dəmir iradəsi və qəhrəmanlığı sayəsində 27 il 4 aydan sonra doğma torpağımıza qədəm qoyduq, uzun illər həsrət qaldığımız yurdun torpağına səcdə etdik, havasını udduq, suyundan içdik.

Təsadüfi deyil ki, BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT), Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə "Dayanıqlı İnkişaf Məqsədləri" və "Yeni Şəhər Gündəliyi" - postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi" mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu kimi mötəbər tədbirin birinci günü Ağdamda keçirilib. Qeyd edək ki, Forumda 40-dan çox ölkənin nümayəndələri iştirak edib. Beynəlxalq tədbirdə çıxış edən Prezident İlham Əliyev ermənilərin 30 il ərzində Qarabağda və Şərqi Zəngəzurda törətdikləri vəhşiliyini, qəsbkarlığını, barbarlığını və vandalizmini diqqətə çatdıraraq bildirib ki, biz Qarabağı və Zəngəzuru yenidən quracağıq. Buna heç bir şübhəmiz yoxdur. Necə bahalı olursa-olsun, bunu edəcəyik. Bu, bizim milli ideyamızdır. Əvvəllər bizim milli ideya torpaqlarımıza qayıtmaqdan, ədaləti və ərazi bütövlüyümüzü bərpa etməkdən ibarət idi və bütün Azərbaycan xalqı bu ideya ətrafında birləşmişdi, özünü buna hazırlamışdı. İndi artıq işğal damğasından azad olunmuş Azərbaycan yüksəlməkdədir və mən əminəm ki, Azərbaycan ən uğurlu ölkələrdən biri olacaq və söhbət təkcə bizim regiondan getmir.

Hazırda rayonun Kəngərli, Sarıcalı və Xıdırlı kəndlərinin tikintisi həyata keçirilir. "Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" tərəfindən bildirilib ki, Xıdırlıda 719, Sarıcalıda 203, Kəngərlidə isə 292 evin tikintisinin bu ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur. Kəngərli kəndində evlərin əksəriyyətində hörgü işləri tamamlanıb, dam örtüyünün vurulması və evlərin daxilində suvaq işləri davam edir. Tikintidə Ağdamın Şahbulaq yatağında istehsal olunan mişar daşlarından istifadə edilir. Hər bir evin damında Günəş paneli quraşdırılacaq, alternativ enerji mənbələrindən istifadə olunacaq. Yaxın zamanlarda məktəb, uşaq bağçası, rabitə qovşağı, tibb məntəqəsi, klub icma mərkəzi, inzibati mərkəzin tikintisinə başlanılacaq. Bu işlərin, həmçinin mərkəzi kommunikasiya sisteminin və yol infrastrukturunun da inşasının bu ilin sonunadək tamamlanması nəzərdə tutulur. Qeyd edək ki, Ağdam rayonunda ilkin mərhələdə 1 şəhər və 12 kəndin bərpası planlaşdırılır. Sarıcalı, Xıdırlı və Kəngərli kəndlərində 2024-cü ilin sonunadək işlərin birinci mərhələsinə yekun vurulacaq.

Azərbaycan dünya təcrübəsi də nəzərə alınmaqla, işğaldan azad olunmuş ərazilərin bərpası prosesində qarşıya çıxan məsələləri müəyyən ardıcıllıqla, sistemli şəkildə həll edir. Birinci mərhələdə idarəetmə və təhlükəsizlik məsələləri: ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi, dövlət sərhədi üzrə nəzarətin təşkili, dövlət qurumlarının fəaliyyətinin bərpası təmin edilir. İkinci mərhələdə baza infrastrukturunun yaradılması məsələləri: magistral nəqliyyat və mühəndis kommunikasiyalarının, meliorasiya sistemlərinin baş qurğularının tikintisi təmin olunur. Üçüncü mərhələdə sosial məsələlər: yaşayış məntəqələrinin bərpası və yenidən qurulması - yaşayış evləri, təhsil və səhiyyə müəssisələri, mədəni-məişət xidməti obyektləri və sair tikilərək istifadəyə verilir. Dördüncü mərhələdə isə genişmiqyaslı iqtisadi məsələlər: məcburi köçkünlərin repatriasiyası prosesi ilə paralel iş yerlərinin yaradılması, iqtisadi fəaliyyət obyektlərinin istifadəyə verilməsi təmin edilir. Ağdamda da əhalinin məşğulluğu ilə bağlı heç bir problem olmayacaq. Ağdama köçəcək ailələrin üzvlərinin hansı peşələrə, ixtisaslara sahib olmaları barədə məlumatlar toplanılıb. Bura köçən insanların bir hissəsi inşaat sektorunda çalışacaq. Əhalinin məşğulluğunun təmin edilməsində Ağdam sənaye parkında yaradılan müəssisələrin də böyük rolu olacaq. 2025-ci ildə soydaşlarımızın doğma Ağdam şəhərinə qayıdışına başlanılacaq və ilkin mərhələdə təxminən 10 min nəfər köçürüləcək.

Salman ALIOĞLU,

"Respublika".