Laçın dirçəlir, əzəli yurda dönüş davam edir
Sosial həyat

Laçın dirçəlir, əzəli yurda dönüş davam edir

"Ötən ilin may ayında mən 30 ildən sonra oraya qayıdan Laçın şəhərinin ilk sakinlərinə evlərinin açarlarını təqdim etdim. Hazırda isə növbəti sakinlər oraya qayıdırlar və doğma yurdlarına geri qayıtmaq arzusunda olan məcburi köçkünlərin faiz nisbəti gözlədiyimizdən də artıqdır. Hətta oranı heç vaxt görməyən gənc nəsil belə orada olmaqdan həzz alır. Bu, Azərbaycan xalqının öz köklərinə həqiqətən də nə qədər bağlı olduğunu nümayiş etdirir". Bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib.

2024-cü il  aprelin 30-da Laçın şəhəri və Zabux kəndinə növbəti köç karvanı yola düşüb. Bu mərhələdə Laçın şəhərinə daha 21 ailə - 65 nəfər, Zabux kəndinə isə 2 ailə - 4 nəfər köçürülüb. Ağcabədi, Kürdəmir və Beyləqan rayonlarındakı 7 ailə (21 nəfər) müvəqqəti məskunlaşdıqları ərazidən yola salınıb. Qeyd edək ki, bununla, ümumilikdə, Laçın şəhərinə 493 ailə (1 838 nəfər), Laçın rayonunun Zabux kəndinə isə 217 ailə (823 nəfər) köçürülüb.

Azərbaycanda məcburi köçkün problemi Qarabağ münaqişəsi başlayandan  sonra yaranıb. 1990-cı illərin əvvəllərində Ermənistanın hərbi təcavüzü nəticəsində yüz minlərlə azərbaycanlı Qarabağ regionundan və ona bitişik ərazilərdən zorla çıxarılıb. Məcburi köçkünlər onilliklər ərzində müvəqqəti yaşayış yerlərində məskunlaşıb, davam edən münaqişə və torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalı səbəbindən öz evlərinə qayıda bilməyiblər. Qarabağ münaqişəsi həll edildikdən sonra məcburi köçkünlərin geri qayıtması mümkün olub. 2020-ci ildə Azərbaycan hərbi əməliyyat vasitəsilə öz ərazilərinə nəzarəti bərpa edib və bu, işğalçının kapitulyasiyasına gətirib çıxarıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına şərait yaranıb. Torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusunun bölmələri, qəhrəman əsgər və zabitlərimiz sayəsində bu gün məcburi köçkünlər öz ata-baba yurduna qayıdır.

Evlərinə, əzəli yurdlarına qayıdan soydaşlarımız əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirir, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyirlər. Onlar, həmçinin hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edirlər. İllərdir ümidlə bu günü gözləyən soydaşlarımızın artıq ən böyük arzuları reallaşıb. Gənc, uşaq, orta yaşda öz ata-baba yurdundan zorla çıxarılanlar bu gün öz ailələri, övladları, nəvə, nəticələri ilə böyüyüb boya-başa çatdıqları yerlərə qayıdırlar. Artıq ağrılı-acılı günlər sona çatıb.

İşğaldan azad edilmiş ərazilər üzərində Azərbaycanın nəzarətinin təmin edilməsilə məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaları üçün ciddi işlər görülür. Bu, təkcə təhlükəsizliyin təmin edilməsi istiqamətində deyil, həm də münaqişə zamanı dağılmış və ya tərk edilmiş infrastrukturun, evlərin və icmaların bərpasını əhatə edir. Laçında aparılan işlər də sürətlə davam etdirilir. Rayon sakinlərinin əmək fəaliyyəti, qeyri-yaşayış obyektlərinin tikintisi və kommunikasiyalarla bağlı bir çox işlər görülüb. Şəhərdə kommunikasiya xətləri - təbii qaz, su, işıq və rabitə xətləri tamamilə yenidən çəkilib, ümumi kanalizasiya sisteminin inşası yekunlaşıb. Laçın coğrafi mövqeyinə görə mürəkkəb ərazi hesab edilir. Buna baxmayaraq, 2024-cü ilin sonu, 2025-ci ilin əvvəllərində Laçın hava limanında işlərin yekunlaşması nəzərdə tutulur. Laçın hava limanı azad olunmuş ərazilərdə tikilməkdə olan 3-cü aeroportdur. 2021-ci il oktyabrın 26-da Füzuli hava limanının rəsmi açılışı olub, 2022-ci il oktyabrın 20-də Zəngilan aeroportunun açılışında  Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan iştirak edib. Qeyd edək ki, Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq.

Əzəli yurdlarına qayıdan məcburi köçkünlər təkcə evlərini deyil, həm də müştərək gələcəyi yenidən qurur, ata-baba yurdlarının, adət-ənənələrinin bərpasına dəstək olur, həyatlarının növbəti mərhələsinə qədəm qoyurlar.

Nurcan SÜLEYMANOVA,

"Respublika".