Mart ayında dövlət sərhədini pozduqlarına görə 39 nəfər saxlanılıb
Digər xəbərlər

Mart ayında dövlət sərhədini pozduqlarına görə 39 nəfər saxlanılıb

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən bu ilin mart ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, qeyri-leqal miqrasiya, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilib.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, ay ərzində dövlət sərhədini pozduqlarına görə 39 nəfər saxlanılıb, onların 23 nəfəri Azərbaycan Respublikası, 5-i Pakistan, 5-i Yəmən, 4-ü İran, 1-i Türkiyə, 1-i isə Ukrayna vətəndaşı olub.

Qanunsuz miqrasiya ilə mübarizə fəaliyyətləri çərçivəsində 19 halda saxlanılmış 26 nəfər saxtalaşdırılmış pasportlarla, Şengen vizaları və tarix möhürləri ilə, 1 halda 1 nəfər özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərib.

Sərhəd rejim qaydalarının pozulmasına görə 39 halda 79 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 210 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib, ölkədən çıxışı qadağan olan 331 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 23 nəfərin Azərbaycan Respublikasına daxil olmasının qarşısı alınıb.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 115 kiloqram 36 qram narkotik vasitəyə və 7820 ədəd psixotrop həbə bənzər maddələr aşkarlanaraq götürülüb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində təqribən 3 milyon 718 min 953 manat dəyərində qaçaqmal, o cümlədən tütün məmulatları, spirtli içki saxlanılıb.

Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.

AZƏRTAC