Mərdlik, cəngavərlik ruhu
Digər xəbərlər

Mərdlik, cəngavərlik ruhu

Vətənini canından artıq sevib şəhidlik zirvəsinə ucalan ölümsüz qəhrəmanlardan bir də Cavid Habil oğlu Hüseynovdur. Cəlilabad rayonu, Hamarqışlaq kəndində böyüyən bu qeyrətli oğul şəhid olsa da, onun adı uşaqlıqdan hər daşına, qayasına vurulduğu doğma Azərbaycana sevgi nümunəsinə dönüb əbədi dillərə düşdü. Həm də ölümündən sonra layiq görüldüyü "Vətən uğrunda", "İgidliyə görə", Füzulinin, Cəbrayılın və Şuşanın azad olunmasına görə medalları xalqımızın tarixinə qeyrət, hünər, şərəf səhifəsi kimi yazılan İkinci Qarabağ müharibəsində Cavid Hüseynovun göstərdiyi rəşadətinin gözəl nişanəsidir.

Mərdlik, cəngavərlik ruhu qanında olan Cavid Hüseynov 2012-ci ildə hərbi xidmətə yollanıb. 2014-cü ildə əsgərlik borcunu şərəflə verib evə qayıdıb. Lakin canına yağı dadanmış yurdunun ağır günlərində kənarda durmağı heç cür vicdanına sığışdıra bilməyib. Vətən sevgisi, torpaqları azad etmək istəyi onu düşmənlə döyüşə səsləyib. Yenidən orduya qayıdıb, tank atıcısı kimi xidmətə başlayıb. Müxtəlif cəbhə bölgələrində olub, hərbi təlimlərdə yüksək döyüş hazırlığı, xüsusi peşəkarlıq göstərib.

2020-ci il sentyabr ayında Azərbaycan və Türkiyə ordusunun birgə keçirdiyi hərbi təlimdə uğur qazanıb, tank atışı üzrə Türkiyə komandanlığının təşəkkürünü alıb. Bütün bunlarla döyüş meydanında mübarizliklə düşmənə qalib gəlmək üçün hərbin sirlərinə mükəmməl yiyələnib.

Vətən müharibəsində minlərlə qeyrətli oğullar odun-alovun içinə atılıblar. Cavid də onların arasında olmaqla. İgid tankçı düşmənə ilk ağır zərbəni endirib. Füzulidə bir neçə kəndin alınmasında əsl tarix yazıb. Döyüşdən-döyüşə bərkiyən tankçı Cavid düşmən üstünə qartal tək şığıyıb. Döyüşlərin birində tankı minaya düşüb zədələnib. O, düşmənin qarşısından geri dönməyi özünə ar bilib. Döyüşüb və qələbə qazanıb.

Cəsur tankçı 30 sentyabr günü də ermənilərin kabusuna çevrilib. Amma qəfil atılan mərmi bu dəfə Cavidin tankını susdura bilib. Ürəyi ömrünün 26-cı baharında həmişəlik dayanmaqla vətənpərvərliyin ən ali məqamına yetişib. Son nəfəsə qədər vuruşub qanı tökülən yerdə isə daha bir bayrağımız ucalıb. Döyüş yoldaşlarına onun itkisi ağır olsa da, tankına Azərbaycan bayrağının rənglərində "Cavid" adını həkk ediblər...

Zəfər ORUCOĞLU.