ŞƏRƏFLİ YOL KEÇMİŞ AZƏRBAYCAN ƏDLİYYƏSİ
Digər xəbərlər

ŞƏRƏFLİ YOL KEÇMİŞ AZƏRBAYCAN ƏDLİYYƏSİ

Ölkəmiz birinci dəfə müstəqillik əldə etdikdən sonra ədliyyə sisteminin yaranmasının vacibliyi nəzərə alınaraq Ədliyyə Nazirliyi təsis olunmuşdur. 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə Ədliyyə Nazirliyi yaradıldı. O zamanlar Fətəli xan Xoyski çıxışlarının birində demişdir: "Bilirsiniz ki, ədliyyə nəzarəti olmalıdır. Bu olmasa heç bir dövlətin işi yürüməz. Ədliyyə olmayan məmləkətdə tərəqqi olmaz, məmləkət irəliləməz".

Təəssüflər olsun ki, təzəcə formalaşan ilk müstəqilliyimizin ömrü uzun olmadı. Cəmi 23 il yaşadı. Qısa müddət fəaliyyət göstərsə də, Ədliyyə Nazirliyi öz vəzifəsini ləyaqətlə yerinə yetirdi.

Azərbaycan sovetlər birliyinin tərkibində olduğu müddətdə bu sistemə o qədər də qayğı göstərilmirdi. Bir neçə dəfə adı dəyişdirilmiş, nazirliyə aid olan vəzifələr digər qurumların tərkibinə verilmişdi.

1969-cu ildə Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbər təyin olunduqdan sonra bütün sahələrdə, o cümlədən ədliyyə sistemində köklü dəyişikliklər baş verdi, nazirliyin səlahiyyətləri özünə qaytarıldı.

1970-ci il oktyabrın 27-də Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edildi. 1972-ci ildə nazirliyin əsasnaməsi təsdiq olundu. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk illərdə demək olar ki, digər qurumlar kimi nazirliyin də fəaliyyəti yarıtmaz idi. Həmin dövrlərdə ölkədə özbaşınalıq, xaos, hakimiyyətdaxili çəkişmələr, digər tərəfdən də torpaqlarımızın işğal olunmasının davamlı hal alması Ədliyyə Nazirliyinə biganə münasibət, əməkhaqqının azlığı əməkdaşların digər sahələrə üz tutmasına səbəb oldu.

Vətəndaşların Ədliyyə Nazirliyinə olan inamı tamamilə itmişdir. Xalqın israrlı təkidi ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra Heydər Əliyev respublikada fəaliyyət göstərən bütün qurumlar kimi ədliyyə sistemində də islahatların aparılmasına şərait yaratdı.

1993-cü ildə ölkədə güclü islahatların aparılmasına başlanıldı. Yeni məhkəmə sistemi yaradıldı. Hakimlərin işə qəbulu yeni üsulla həyata keçirildi.

Ulu Öndər Heydər Əliyev bütün peşə sahiblərinə ehtiramla yanaşırdı. 11 noyabr 2000-ci il tarixdə 22 noyabr Ədliyyə İşçilərinin Peşə Bayramı Günü kimi qeyd edilməsi ilə əlaqədar Sərəncam imzalamışdır.

Bu gün Ümummilli Lider Heydər Əliyevin siyasətini davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan uğurlu siyasət nəticəsində bütün sahələrdə yenilik, tərəqqi və inkişafı görmək olar.     

Dövlət başçısı ədliyyə orqanlarının inkişafı haqqında 17 avqust 2006-cı ildə Fərman imzaladı. Eyni zamanda ölkə rəhbəri 6 fevral 2009-cu ildə imzaladığı Fərmanla "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı"nı təsdiq etdi. Bununla yanaşı, vətəndaşların ədliyyə orqanlarında müraciətlərinə həssaslıqla yanaşmaq və əlçatanlığın təmin edilməsi məqsədilə "Vətəndaşlıq vəziyyəti aktları", "Elektron notariat" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemləri quraşdırıldı.

Beləliklə, notariat kontorları və qeydiyyat orqanları vahid elektron şəbəkədə birləşdirildi. Mövcud problemlərin aradan qaldırılması üçün Ədliyyə Nazirliyində islahatlar davam etdirildi. Dövlətimizin başçısı cənab İlham Əliyevin 18 dekabr 2018-ci il tarixli Fərmanı ilə ədliyyə sistemində islahatların davam etdirilməsi məqsədilə "Azərbaycan ədliyyəsinin inkişaf etdirilməsinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı" qəbul edilmişdir.

Bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. 44 günlük Vətən müharibəsi Azərbaycanın möhtəşəm qələbəsi ilə tamamlandı.

2023-cü ilin 19-20 sentyabr tarixində isə lokal xarakterli antiterror tədbiri aparılaraq bir sutkadan da az müddətdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam bərpa olundu.

Qeyd etmək lazımdır ki, 2003-cü ildə xalqın yekdil səsverməsilə Prezident seçilən İlham Əliyev 20 il ərzində mövcud olan ikiəsrlik qlobal problemləri həll etdi. Ölkəmiz bu illər ərzində regionda lider dövlətə çevrilmişdir. Güclü ordu qurulmuş, insanların maddi rifah halı yaxşılaşmışdır. Bütün sahələrdə olduğu kimi, ədliyyə sistemində də mövcud olan neqativ hallar aradan qaldırılmış, işə qəbulda şəffaflıq tam təmin olunmuşdur.

İndi işğaldan azad olunmuş ərazilərdə misli görülməmiş işlər aparılır. Ermənilərin vandallığı nəticəsində yer üzündən silinmiş yaşayış məskənlərinin yerində "Ağıllı kənd" layihəsi əsasında müasir kənd və şəhərlər salınır.

Sabit MUSAYEV,

Ağstafa rayon notariat

ofisinin notariusu.