Məşğulluq sahəsində əldə olunan uğurlar və əsas hədəflər
Sosial həyat

Məşğulluq sahəsində əldə olunan uğurlar və əsas hədəflər

Ölkəmizdə sosial siyasət bütün sahələrə böyük təsir göstərməkdədir. Həyata keçirilmiş tədbirlər, nəhəng layihələr əhalinin sosial vəziyyətinin getdikcə daha da yaxşılaşmasına əsaslı zəmin yaradır. İnsana qayğı, onun maddi, mənəvi tələbatının ödənilməsi üçün zəruri şəraitin yaradılması Azərbaycan dövlətinin apardığı siyasətin mühüm prinsiplərindəndir. Həyata keçirilən islahatlar ölkədə iqtisadi sabitliklə bərabər, əhalinin sosial müdafiəsinin gücləndirilməsini də təmin edib. Son illər yüz minlərlə yeni iş yeri açılıb ki, bu da işsizliyin aradan qaldırılmasında müstəsna əhəmiyyət kəsb edir. Xüsusilə də yoxsulluq səviyyəsinin aşağı salınması və əhalinin məşğulluğunun təmin olunması istiqamətində görülən tədbirlər qarşıya qoyulan məqsədlərə çatmaqda əhəmiyyətli rol oynayır. Bu, bir daha təsdiq edir ki, Azərbaycanda sosial dövlət quruculuğu modeli uğurla həyata keçirilməklə yanaşı, həm də digər ölkələrə nümunədir.

Son 5 ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən 490 minə yaxın şəxs münasib vakansiyalar üzrə işlə təmin olunub, 22 minə yaxın şəxs peşə hazırlığına, 78 minə yaxın şəxs özünüməşğulluq proqramına cəlb edilib, 643 min nəfərə isə peşəyönümü məsləhət xidməti göstərilib.

2023-cü ildə son 5 ildə sayca 4-cü sosial paket həyata keçirilib. Bu sosial paket 1,9 milyon vətəndaşı əhatə edib və ayrılan illik əlavə maliyyə 750 milyon manat təşkil edib. Minimum əməkhaqqı, minimum pensiya məbləğlərinin, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanların aylıq vəzifə maaşlarının, bəzi müavinət və təqaüdlərin, həmçinin digər sosial ödənişlərin məbləğləri əhəmiyyətli dərəcədə artırılıb. Pensiya artımında vahid indeksasiya metoduna keçilib, bütün pensiyalar 14,7 faiz indeksləşdirilərək artırılıb. Pensiyaların orta məbləği 436 manata, yaşa görə pensiyanın orta məbləği 467 manata çatdırılıb. Ümumilikdə, ötən il pensiya ödənişləri 5,7 milyard manat təşkil edib. Müavinət ödənişləri 24 faiz artırılaraq 491 min şəxsi əhatə edib, 378 min nəfərə Prezident təqaüdü ödənişi aparılıb. Ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği 487 manat olub.

Nazirlikdən verilən məlumata görə, məşğulluq mərkəzləri tərəfindən 118,4 min şəxs işlə təmin edilib, 17,4 min nəfər özünüməşğulluq proqramına, 9,5 min nəfər peşə hazırlığına, 282 min şəxs peşəyönümü məsləhəti xidmətlərinə cəlb edilib. Əmək müqavilələrinin sayı 1,8 milyona çatıb, əməkhaqqı fondunda 15 faiz artım baş verib. Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı məşğulluq tədbirlərinə və sosial xidmət infrastrukturunun qurulmasına başlanılıb. Artıq bu ərazilərə köçürülmüş 1100-dən çox şəxsin məşğulluğu təmin edilib, peşə hazırlığı proqramının icrasına başlanılıb, Füzuli və Laçında əmək yarmarkaları keçirilib.

Qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən həmin ərazilərdə işləyən mütəxəssislər üçün bir sıra güzəştlər müəyyən edilib. 9 şəhər və rayonu əhatə edərək 900 mindən çox şəxsə xidmət göstərən Qarabağ Regional DOST Mərkəzi, həmçinin Qarabağ Regional Peşə Hazırlığı Mərkəzi istifadəyə verilib. İsmayıllıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin "DOST Evi" filialının açılışı olub. Ötən il DOST mərkəzlərində 702 min şəxsə xidmət göstərilib, xidmətlərdən məmnunluq səviyyəsi 98,1 faiz təşkil edib.

Əlilliyi olan şəxslərə dəstək tədbirləri davam etdirilib. Belə ki, 50,7 min şəxsə əlillik təyinatı aparılıb, 87,7 min şəxsə reabilitasiya xidməti göstərilib, 91,4 min reabilitasiya vasitəsi təqdim edilib. Nazirliyin 13 sosial xidmət müəssisəsi tərəfindən həssas əhali qruplarından olan 2900-dək şəxsə sosial xidmət, 6100 şəxsə səyyar sosial məişət xidməti göstərilib. DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində 180-dən çox benefisiar 14 yaradıcılıq istiqaməti üzrə təlimlərdə iştirak edərək bacarıq və qabiliyyətlərini inkişaf etdirib.

Ölkənin sosial reyestri olan "e-sosial.az" portalı üzrə istifadəçilərin sayı 1,5 milyona çatıb, hesabat dövründə portal vasitəsi ilə 8 milyondan çox vətəndaşa xidmət göstərilib. Sosial ödənişlər üzrə 238 min proaktiv təyinat aparılıb, 220 min fərdi hesab açılıb, 400 mindən çox elektron arayış verilib. Ümumilikdə, nazirlik üzrə elektron xidmətlərə 18 milyon müraciət qeydə alınıb. Həyata keçirilən sosial islahatlar beynəlxalq arenada da yüksək qiymətləndirilib, 2023-cü ildə nazirlik 22 beynəlxalq mükafat və sertifikata layiq görülüb.

Mustafa KAMAL,

"Respublika".