Milli maraqlara, xalqın mənafeyinə xidmət edən müstəqil siyasət
Siyasət

Milli maraqlara, xalqın mənafeyinə xidmət edən müstəqil siyasət

Ölkəmizə rəhbərliyə başladığı ilk gündən milli maraqları, xalqın mənafeyini hər şeydən üstün tutan, Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri arasında layiqli yer tutması üçün var gücü ilə çalışan, geniş dünyagörüşə malik, uzaqgörən siyasətçi İlham Əliyev müdrik qərarları, dövlətçilik tariximizdə əvəzolunmaz xidmətləri ilə hər bir azərbaycanlının Prezidenti olmağı bacardı. Hər zaman xalqın arasında olan, səmimiyyəti, vətənsevərliyi ilə bütöv bir xalqın ürəyinə yol tapan İlham Əliyevin 20 illik prezidentlik dövrünün hər mərhələsi ölkəmizin yüksəlişi, xalqımızın tərəqqisi ilə xarakterizə olunur. 2003-cü ildə Ulu Öndərin tövsiyəsi ilə cənab İlham Əliyevi özünə lider seçən xalq sonrakı illərdə də müstəqil dövlətinə rəhbərliyi məhz ona həvalə etdi.

20 il ərzində həyata keçirilən konsepsiyalar, aparılan sosial-iqtisadi siyasət nəticəsində yüksək inkişafa nail olan, respublikamızda bütün sahələrdə əsaslı dönüş yaradan ölkə başçımız Azərbaycanın müasirləşməsi, modernləşməsi, bölgədəki mövqelərinin möhkəmlənməsi istiqamətində uğurlu siyasət yürütdü. İcra olunan islahatlar və genişmiqyaslı infrastruktur layihələr respublikanın davamlı inkişafı üçün şərait yaratdı. Ümummilli lider Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirən dövlət başçısının məqsədyönlü daxili və xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində rolu və nüfuzu getdikcə artdı.

Cənab İlham Əliyev ümummilli liderin müəyyənləşdirdiyi neft strategiyasının əsasında daha güclü iqtisadi model yaratmaqla prezidentliyinin ilk illərindən hərtərəfli inkişafa nail oldu, ölkə iqtisadiyyatı sürətli inkişaf dövrünə qədəm qoydu, aqrar-sənaye kompleksində islahatlar genişləndi, qeyri-neft sektorunun inkişafı təmin edildi, neft kapitalı insan kapitalına çevrildi, ordu quruculuğu sahəsində mühüm işlər görüldü. İqtisadi sahəyə dövlət tərəfindən qoyulan əsaslı investisiyalar, yerli şirkətlərin fəaliyyəti istiqamətində imkanların artırılması, sahibkarlığın inkişafı üçün kreditlərin, subsidiyaların verilməsi, xarici investorlar üçün əlverişli şəraitin yaradılması, o cümlədən bir sıra güzəştlərin tətbiq olunması, güclü infrastruktur layihələrinin icrası, sosial proqramların həlli qarşıda duran problemlərin həllinə zəmin yaratdı. Azərbaycan beynəlxalq müstəvidə layiqli yer tutdu, düşünülmüş, ölçülüb-biçilmiş dövlət siyasəti sayəsində bölgədə regional liderliyini təmin etdi. Prezident İlham Əliyevin enerji siyasəti ilə bağlı təşəbbüsləri və reallaşan layihələr yalnız yerləşdiyimiz regionu deyil, dünya ölkələrini əhatə etməklə qlobal miqyas aldı. Milli maraqların qorunması, dini tolerantlıq kimi təməl prinsipləri əsasında müstəqil siyasət yürüdən ölkəmiz dünya ölkələri ilə əməkdaşlığı, üzv olduğu beynəlxalq təşkilatlarda fəal iştirak edərək beynəlxalq mövqelərini daha da dərinləşdirir. Respublikamızın bütün sahələrində gedən proseslər, ölkəmizin Cənubi Qafqazın lider dövlətinə çevrilməsi, beynəlxalq aləmdə baş verən hadisələrə təsir imkanlarımızın genişlənməsi dövlət başçımızın məqsədyönlü siyasətinin nəticəsidir.

Tarixi boyu neft ölkəsi, elm və mədəniyyət mərkəzi kimi tanınan ölkəmiz bu gün dünyada qərarlarına hörmətlə yanaşılan, iqtisadi cəhətdən dinamik inkişaf səviyyəsinə yüksələn, Avropanın enerji təhlükəsizliyinin təminatçısına çevrilən, öz daxili gücü hesabına XXI əsrin müharibəsini aparan, beynəlxalq hüququn norma və prinsiplərinə, humanizm ideyalarına sadiq, müstəqil siyasət həyata keçirən güclü, qüdrətli dövlət olaraq qəbul edilir. Prezident İlham Əliyevin beynəlxalq miqyasda uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından böyük əhəmiyyət kəsb edir. Dövlət başçısının sülhsevər xarici siyasətinin əsasında, ilk növbədə milli müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətlərin hüquqlarına hörmətlə yanaşılması, qarşılıqlı surətdə faydalı iqtisadi, elmi və mədəni əməkdaşlığın yaradılması, dövlətlərarası əlaqələrə mane olan hər cür məhdudiyyətlərin aradan qaldırılması prinsipləri dayanır. İkinci Qarabağ müharibəsində qalib gələrək regionda yeni reallıqlar yaradan, bölgədə əmin-amanlığın, təhlükəsizliyin bərqərar olmasına mühüm töhfələr verən, yalnız region dövlətləri ilə deyil, dünyanın hər bir ölkəsi ilə əməkdaşlıq əlaqələrini şaxələndirməyə səy göstərən Azərbaycanın məqsədyönlü siyasətinin əsasını bu amillər təşkil edir.

Ölkə başçımızın 20 illik prezidentlik dövrünün zirvəsində işğal altında olan torpaqlarımızın azad olunması dayanır. Bütün dünyaya güclü, qüdrətli, inkişaf etməkdə olan, heç bir ölkədən asılılığı olmayan, müstəqil siyasət yürüdən Azərbaycan modeli təqdim edən Prezident İlham Əliyev beynəlxalq təşkilatların, dünyanın güc mərkəzlərinin ikili yanaşmalarına qətiyyət, əzm göstərərək ölkəmizin ərazi bütövlüyünü, öz ərazilərində suverenliyini tam bərpa etdi. Bütün dünya qalib Azərbaycanın müzəffər liderinin müdrikliyinin, uzaqgörənliyinin şahidi oldu.

Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasındadır. İqtisadi sahənin dayanıqlılığının təmin edilməsi, sənaye potensialının gücləndirilməsi, təhsil sferasında yeni inkişaf strategiyasının yaradılması Prezident İlham Əliyevin qətiyyəti, iradəsi və təşəbbüskarlığı sayəsində mümkün olub. Qalib Azərbaycan Ordusunun hərbi potensialının artırılması, maddi-texniki bazasının gücləndirilməsi, döyüş qabiliyyətinin, vətənpərvərlik ruhunun yüksək səviyyədə olması, siyasi proseslərin müsbət dinamikası xalqımızı öz liderinin ətrafında sıx birləşməyə, onun həyata keçirdiyi siyasəti dəstəkləməyə zəmanət verir.

Mehparə ƏLİYEVA,

"Respublika".