Müasir texnologiyalar əsasında dayanıqlı kənd təsərrüfatı qurulur
İqtisadiyyat

Müasir texnologiyalar əsasında dayanıqlı kənd təsərrüfatı qurulur

Düşmən üzərindəki şanlı qələbənin dördüncü baharı da işğaldan azad edilən torpaqlara quruculuq və qayıdış təntənəsi gətirib. Keçmiş məcburi köçkünlər öz ata-baba yurdlarına sevinclə, şükranlıqla, təzə-tər arzularla, yaşamaq eşqi, torpaqları laləzara çevirmək həvəsi ilə, minnətdarlıqla qayıdırlar. İşğaldan azad edilən ərazilərdə yaz-tarla işlərinin aparılması, hər toxum dənəsi, əkilən ağac gələcək ümidləri qat-qat artırır, öz sahiblərinə qovuşan torpaqlar, sözün əsl mənasında cana gəlir. Üç il səkkiz ay əvvəl mərmilərin partladığı, qanlı döyüşlərin getdiyi torpaqlarda indi traktorların səsi eşidilir, minalardan təmizlənərək şumlanır, malalanır, arata qoyulur və min bir həvəslə toxum səpilir. Qarabağ və Şərqi Zəngəzurun havası təmiz, suyu saf, torpaqları münbit, bərəkətli və məhsuldardır. Vaxtilə, keçmiş sovet dönəmində Aran torpaqlarının münbitliyini artırmaq üçün mütəxəssislər məsləhət görüblər ki, Qarabağdan torpaq gətirib gübrə kimi həmin ərazilərə səpsinlər. Həqiqətən də bu yerlər təbiətin əsl möcüzəsidir.

Azərbaycan igid oğullarımızın qanı bahasına əsarətdən azad etdiyi əzəli və əbədi torpaqlarımızda, Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa, tikinti-quruculuq işlərinə, infrastruktur layihələrin icrasına başladı. Ən əsası isə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı yeni iqtisadi rayonların yaradılması haqqında Fərman genişmiqyaslı işlərin yerinə yetirilməsi üçün hüquqi baza yaratdı. Qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılması üçün işğaldan azad edilmiş rayonların iqtisadi bölgüsünə yenidən baxılmasını vacib etdi. Müharibədən dərhal sonra Prezident, Qalib Ali Baş Komandan İlham Əliyev Qarabağda və Şərqi Zəngəzurda aparılacaq işlərin yol xəritəsini elan etdi. Yeri gəlmişkən, qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan bölgələr əlverişli hava şəraitinə, suvarma suyunun bol olmasına, münbit torpaqlarına görə kənd təsərrüfatı sahəsinin, o cümlədən taxılçılığın inkişaf etdirilməsi üçün böyük potensiala malikdir. Məlum olduğu kimi, işğaldan azad edilən ərazilərdə minalardan təmizlənən torpaq sahələrində əkinçilik işlərinə başlanılıb, həm də bu ərazilərdə ilk növbədə taxıl, xüsusilə buğda səpini aparılır. Azad edilmiş ərazilərdə təxminən 100 min hektar torpağın əkin dövriyyəsinə cəlb edilməsi və taxıl məhsullarının yetişdirilməsi istiqamətində hədəflər müəyyən edilib. Bu da gələcəkdə ölkəmizin bu sahədə xaricdən asılılığını azaldacaq, ən yaxşı halda isə minimuma endirəcəkdir.

Mütəxəssislərin hesablamalarına əsasən, düşməndən azad edilən torpaqlarda 155 min hektar ərazi ümumi kənd təsərrüfatı dövriyyəsinə cəlb olunacaq. Bu isə o deməkdir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında heyvandarlıq, həmçinin bitkiçilik üzrə indiki kənd təsərrüfatı həcminin 8 faizi nisbətində ümumi məhsul istehsalı qeydə alınacaq. Başqa sözlə, bu bölgədə 45 min ton ət, 200 min tondan çox süd istehsalına real şərait yaranacaq. Bu isə ölkəmizdə heyvandarlıq məhsulları ilə bağlı idxalı xeyli azaldacaq. Təkcə Ağdam və Füzuli rayonlarının işğaldan azad edilən ərazilərində 180 min tondan çox taxıl istehsal ediləcək, digər kənd təsərrüfatı bitkilərinin əkinləri genişləndiriləcək.

Dünyanın bir parçası olan Azərbaycan sosial-iqtisadi inkişaf tempinə görə, aparıcı ölkələr sırasında layiqli yer tutur. Planetimizdə baş verən hadisələr təbii ki, ölkəmizdən də yan keçmir. Son dörd il ərzində dünya ərzaq təhlükəsiziliyi ilə bağlı bir sıra çətinliklərlə üzləşib. Bir tərəfdən COVID-19 pandemiyası, Rusiya ilə Ukrayna arasında davam edən müharibə, regional proseslər, digər tərəfdən isə iqlim dəyişikliyi, torpaq və su ehtiyatlarının məhdudlaşması qlobal ərzaq təhlükəsizliyinin təmini üçün ciddi təhdidlər yaradır. Təbii ki, ərzaqlıq buğdaya olan ehtiyacının cəmi 25 faizini təmin edən Azərbaycan da bu risklərdən kənarda qalmır. Qarabağ iqtisadi bölgəsinə daxil olan Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərində yeni aqrar islahatların aparılması və innovativ texnologiyaların tətbiqi ilə ümidverici nəticələr əldə etmək mümkün olacaq. Tədqiqatlar nəticəsində proqnoz inkişaf dövrü hesab edilən 2025-ci ilə qədər Ağdam rayonunda taxıl istehsalının 86,6 min tona çatdırılması gözlənilir. Çünki rayonda torpaqlar çox münbitdir və Ağdam Azərbaycanın ən günəşli bölgəsi hesab olunur. Son 50 ilin məlumatlarına görə, Ağdamda ildə günəşli günlərin sayı 273-ə çatır. Əkinçilik bir də su mənbələrindən asılıdır. Rayonun təsərrüfatının bir hissəsi Suqovuşan su anbarından gələn suyun hesabına suvarılır. Əsas su mənbəyi isə təxminən 23 milyon kubmetrlik iritutumlu Xaçınçay Su Anbarıdır. Bu mövsümdə havaların yağıntılı keçməsi nəticəsində Xaçınçay Su Anbarına nəzərdə tutulduğundan artıq su yığılıb. Anbardakı su mövcud kanallara buraxılır və rayonun aşağı hissəsində əkinçilər bol sudan istifadə edirlər. Artıq həmin yerlərdə subartezian quyularına ehtiyac qalmır. Bundan başqa, Ağdamda 200 müasir fermer təsərrüfatının yaradılması nəzərdə tutulub. Dövlət torpaqlarının qalan hissəsində 50-100 hektar sahədə 50 müasir təsərrüfat yaradılacaq. Yeri gəlmişkən, artıq Ağdamda iqtisadi aktivlik nəzərə çarpır. İşğaldan azad edilən ərazilərdə ilk iri müəssisələr əkin sahələrinin boş qalmaması üçün səpin işləri aparır və məhsul istehsal edilir.

İşğaldan azad edilmiş rayonların arasında əhalinin sayına görə Füzuli Ağdamdan sonra ikinci ən böyük rayondur, Qarabağ iqtisadi rayonunun tərkibinə daxildir. Rayon əhalisi əsasən kənd yerlərində məskunlaşmışdı və təsərrüfatçılıqla məşğul idi. Qarabağ iqtisadi rayonunda ən çox suvarılan torpaqlar Ağdamdan sonra Füzuli rayonundadır. Ərazisi əsasən Araz, Köndələnçay, Şapartı, Quruçay və Qozluçay çayları ilə suvarılır. Lakin bununla belə, əkin dövriyyəsinə cəlb edilən ərazilərin suvarılması üçün yeni potensial da yaranıb. Belə ki, Köndələnçay su anbarlarının işğaldan azad edilən ərazilərdə əkin torpaqlarının suvarılması üçün istifadə edilməsi rayonda kənd təsərrüfatının inkişafına töhfə verəcək. Mayın 10-da Prezident İlham Əliyev Füzuli rayonunda Köndələnçay su anbarları kompleksinin təmir-bərpadan sonra açılışında iştirak edib.

Füzuli rayonunda 1980-ci ilin əkin sahələrinin strukturuna nəzər saldıqda taxıl sahələrinin (77.4%) daha geniş əraziləri əhatə etdiyi müşahidə olunur. Göründüyü kimi, işğaldan öncəki dövr ərzində (1980-1988) rayonda taxıl istehsalında 2. 2 dəfəyədək artım olub. Daha doğrusu, həmin illər ərzində Füzuli rayonunda taxıl istehsalı ölkə üzrə istehsalın 2.3 faizini təşkil edib. Bu il rayonda 118.1 min ton taxıl istehsal olunub. Mütəxəssislərin qənaətinə görə, Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində yeni aqrar islahatların aparılması və innovativ texnologiyaların tətbiqi ilə ümidverici nəticələr əldə etmək mümkün olacaq. Tədqiqatlar nəticəsində proqnoz inkişaf dövrü hesab edilən 2025-ci ilə qədər Füzuli rayonunda taxıl istehsalı 130.4 min tona çatdırılacaq, yəni ölkə üzrə ümumi taxıl istehsalında 3.1 faiz artım olacaq. Cəbrayıl, Qubadlı, Laçın, Kəlbəcər, Xocavənd rayonlarında da əkinəyararlı torpaq sahələri var. Bir sözlə, Qarabağ və Şərqi Zəngəzur ərzaqlıq buğda istehsalında çox böyük aqrar potensiala malikdir. Artıq işğaldan azad olunmuş rayonların təhlükəsiz zonalarına təsərrüfatların köçürülməsi həyata keçirilib. Köçürülən təsərrüfatların təhlükəsizliyinin təmin edilməsi, köçün vaxtı, istifadəyə və icarəyə veriləcək örüş, otlaq və biçənək sahələrinin dislokasiyası barədə ictimaiyyətə əvvəlcədən məlumat verilib və maarifləndirmə işləri aparılıb. İndiyə qədər Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarına 3698 fermer və 22426 nəfər köməkçi köçüb. Mütəxəssislər hesab edirlər ki, işğaldan azad edilmiş ərazilərdə texnoloji yeniliklər əsasında "ağıllı kənd təsərrüfatı" konsepsiyasının reallaşdırılması mövcud əkinçilik sistemlərinin struktur zəifliyini aradan qaldırmağa, məhsuldarlığı artırmağa, xərcləri optimallaşdırmağa və davamlı nəticələr əldə etməyə imkan verəcək. Əlbəttə, bu da gələcəkdə ölkəmizdə ərzaq təhlükəsizliyinin inkişafına böyük töhfə olacaq. İndi əsas məqsəd həmin ərazilərdəki digər kənd təsərrüfatına yararlı torpaqları minalardan təmizləyərək rəqəmsal, ən müasir təcrübə və texnologiyalara əsaslanan dayanıqlı kənd təsərrüfatı sistemi qurmaqdır. Qarabağda və Şərqi Zəngəzurda kənd təsərrüfatında investisiya imkanları daha geniş və cəlbedicidir.

Salman ALIOĞLU,

"Respublika".