Azərbaycanın faydalı əməkdaşlıq çağırışları
İqtisadiyyat

Azərbaycanın faydalı əməkdaşlıq çağırışları

Ölkəmiz ən ziddiyyətli beynəlxalq münasibətlər fonunda belə bu xəttə sadiqliyini nümayiş etdirir

Regionun güclü lider ölkəsi, qalib Azərbaycanın sülhü, əməkdaşlığı təbliğ edən çağırışlarının dünya şahidi olur. Hər zaman ölkələrin bir-birinin suverenliyinə hörmət etmələrinin, əməkdaşlığı gücləndirməklə qarşılıqlı faydalı əlaqələrin qurulmasının vacibliyini bəyan edən Azərbaycan öz xarici siyasət xəttini də bu prinsiplərə əsasən qurur.

Ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət və riayət edilməsi, daxili işlərə qarışmama prinsipləri əsasında əməkdaşlığa hazır olduğunu bildirir.

Azərbaycan ən ziddiyyətli beynəlxalq münasibətlər fonunda belə bu xəttə sadiqliyini nümayiş etdirir. Məhz bu gün dünya Azərbaycanın regionda liderliyini qəbul edir, irəli sürdüyü təşəbbüslərə öz dəstəyini verir. Beynəlxalq münasibətlər sisteminin əsas aktorları ilə bərabərhüquqlu əməkdaşlıq əlaqələrini daha da genişləndirən ölkəmiz dünya miqyasında böyük hörmət və nüfuza malikdir.

Cənubi Qafqazın qalib ölkəsi kimi Azərbaycanın üzərinə böyük tarixi məsuliyyət düşür. Prezident İlham Əliyevin uğurlu xarici və daxili siyasəti sayəsində Azərbaycan təhlükəsiz ölkə olaraq tanınır. Dünyada etibarlı tərəfdaş kimi imicini saxlayan Azərbaycan qonşu ölkələrlə müxtəlif platformalarda əməkdaşlıq əlaqələri quraraq mövcud münasibətləri daha da möhkəmləndirir. Qüdrətli ordu, güclü iqtisadiyyat, beynəlxalq arenada yüksək mövqe, müstəqil xarici siyasət və qalib ölkə. Bu, öz tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü reallıqlarıdır. Yeni əsrin yeni lideri İlham Əliyev Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada söz sahibi olan dövlətə çevirib. Bu güc sayəsində Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoymaq mümkün oldu.

Postmüharibə dövrünün gündəliyini Azərbaycan lideri diktə edir. Beynəlxalq güclər, dünyanın böyük dövlətləri regionda yaranmış yeni reallıqları qəbul edir. Prezidentimizin cəsarətli, təmkinli addımları, taleyüklü məqamlarda nümayiş etdirdiyi qətiyyət və prinsipiallıq bizi qələbədən-qələbəyə aparır. Prezident İlham Əliyev təşəbbüsləri ilə regionda mühüm əməkdaşlıq platformaları yaradıb ki, bu da beynəlxalq ekspertlər tərəfindən bölgənin inkişafında və təhlükəsizliyində mühüm amil kimi qiymətləndirilir.

"Bizim xarici siyasətimizdə dəyişiklik edilməyib. Burada hər hansı yeni bir siyasətdən söhbət gedə bilməz. Ancaq təbii ki, dünyada vəziyyət dəyişir və bizim xarici siyasət təşəbbüslərimiz də ona uyğunlaşdırılır. Amma bizim xarici siyasətimiz sabit, proqnozlaşdırıla bilən və müstəqil siyasətdir. Xarici siyasətimiz bizim milli maraqlarımıza əsaslanır". Bu fikirləri Prezident İlham Əliyev VII Qlobal Bakı Forumunun açılışındakı nitqində bildirib.

Dövlət başçısı qeyd edib ki, bütün dövlətlərlə sıx münasibətlərin qurulması xarici siyasətimizin prioritetidir. Bu, tərəfdaşlıq, qarşılıqlı əməkdaşlıq, regionumuzda sabitliyə yönəlmiş siyasətdir. Təşəbbüslərimiz davam edir, beynəlxalq qurumlarla səmərəli əməkdaşlıq əlaqələri ölkəmizin qlobal imicinin formalaşmasında müstəsna əhəmiyyət kəsb edir. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 4 il sədrlik etməsi ölkəmizin dünya miqyasındakı nüfuzunun göstəricisidir.

Ölkəmizin BMT-dən sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatına sədrliyi dövründə Prezident İlham Əliyevin peyvənd millətçiliyi ilə bağlı irəli sürdüyü təşəbbüsün BMT Baş Assambleyasında dəstəklənməsi, Hərəkatın tarixində ilk dəfə olaraq, bu təsisatın müraciəti əsasında Baş Assambleyanın Xüsusi Sessiyasının çağırılması xarici siyasətimizin ən böyük uğurlarından biri hesab olunur. Azərbaycan məsuliyyətli ölkə və Qoşulmama Hərəkatının fəal sədri olaraq bu təsisatın institusional inkişafına böyük töhfələr verir.

Qlobal enerji dinamikasının dəyişdiyi və geosiyasi qeyri-müəyyənliklərin artdığı bir dövrdə Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında qarşılıqlı faydalılığa əsaslanan strateji tərəfdaşlıq diqqət çəkir. Azərbaycan nefti və qazı bu gün Avropa bazarlarına çıxarılır. Mərkəzi Asiya ölkələrinin də bu layihəyə qoşulması üçün əməli addımlar atılır. Bu, Bakı-Tbilisi-Ceyhan, TANAP və TAP boru kəmərlərinin fəaliyyətində təsdiqini tapır. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə qoşulması da iqtisadi və siyasi baxımdan olduqca səmərəlidir. Dünyanın iki böyük qitəsini Azərbaycandan keçməklə birləşdirən Şimal-Cənub dəhlizi çoxfunksiyalıdır. Bu dəhlizin strukturuna dəmir yolu ilə yanaşı, avtomobil və dəniz yolları da daxildir ki, onlar Azərbaycandan keçməklə reallaşacaq və yüklərin tranzit keçidini təmin edəcək. Dəhliz 3 böyük su hövzəsini - Fars körfəzi, Xəzər və Qara dənizləri birləşdirmək imkanına da malikdir.

Ötən il iyulun 18-də Avropa Komissiyası Prezidentinin ölkəmizə səfəri çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında "Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu"nun imzalanması bu sahədə atılan mühüm addımlardan biridir. İmzalanan sənədlər ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli və etibarlı tərəfdaş olduğunu təsdiqləyir.

Bu il mart ayının 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları ciddi məqamlarla yadda qaldı. Avropa İttifaqının 23 ölkəsinin, bir sıra beynəlxalq təşkilatların və maliyyə qurumları nümayəndələrinin qatıldığı bu mötəbər tədbirin məhz Bakıda keçirilməsi Azərbaycanın böyük uğurlara imza atmış tərəfdaş ölkə olmasının göstəricisi idi. Ölkəmiz etibarlı nəqliyyat dəhlizlərinin təmin edilməsi və karbohidrogen ehtiyatlarının dünya bazarlarına ixracının şaxələndirilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirir. Belə bir strategiya ölkənin qlobal enerji bazarında mühüm oyunçulardan birinə çevrilməsinə imkan yaratmaqla yanaşı, həm də dünyanın mövcud enerji təhlükəsizliyinə mühüm töhfə verir. Mübaliğəsiz demək olar ki, Azərbaycan bu gün "köhnə dünya"nın yeni enerji xəritəsini çəkir. Bu cür enerji potensialından istifadəni prioritet istiqamətə yönəldən Azərbaycan Prezidenti qısa müddətdə təşəbbüskarı olduğu Yaşıl Enerji Məşvərət Şurasını da etibarlı tərəfdaşlığın əsas müzakirə predmetinə çevirib. Bu sahədə ilk addım kimi ötən il dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanıb. Sazişə əsasən Azərbaycanın istehsal etdiyi ("yaşıl enerji") elektrik enerjisi kabeli Qara dənizin dibi ilə çəkilərək Avropaya çatdırılacaq. Bu isə o deməkdir ki, Azərbaycan qoca qitənin enerji təhlükəsizliyinin daha dolğun şəkildə təmin edilməsində yaxından iştirak edəcək. Artıq bu istiqamətdə ölkəmizdə mühüm addımlar atılmağa başlanılıb. Xüsusilə, işğaldan azad olunmuş ərazilərin ölkə başçısı tərəfindən "yaşıl enerji zonası" elan edilməsi tərəfdaş şirkətlərin bu işə marağını artırıb.

Ötən ilin dekabr ayında dünya ölkələri ən böyük beynəlxalq konfransın (COP29) Bakıda keçirilməsi haqqında yekdil qərar qəbul etdilər. Bu, Azərbaycana və onun liderinə dünya ictimaiyyəti tərəfindən göstərilən böyük hörmət və rəğbətin ifadəsi olmaqla, eyni zamanda ölkəmizin "yaşıl enerji"yə keçidə verdiyi böyük dəyərdir. 2024-cü ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi təkcə ölkəmiz deyil, bütün dünya üçün qlobal çağırışdır.

Mustafa KAMAL,

"Respublika".