Ölkəmizlə əməkdaşlığa maraq artır
İqtisadiyyat

Ölkəmizlə əməkdaşlığa maraq artır

Azərbaycan zəngin enerji potensialını mötəbər platformalarda beynəlxalq investorlara təqdim edir

Respublikamızın zəngin neft-qaz yataqlarına malik olması onun dünyanın nüfuzlu ölkələri sırasına qoşulmasına səbəb olmuşdur. Paytaxtımız Xəzər regionunun neft-qaz və enerji sektorunda ən nüfuzlu tədbir hesab olunan Bakı Enerji Həftəsinə və Xəzər regionunun nəqliyyat sektorunun aparıcı sərgilərinə də ev sahibliyi edir. "1994-cü ildən başlayaraq 30 ilə yaxındır ki, Xəzər Neft-Qaz Sərgisi Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə kömək edir". Bunu Prezident İlham Əliyev ötən il may ayının 31-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil & Gas" və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilərinin açılış mərasimindəki çıxışında deyib.

Mötəbər beynəlxalq platforma və regionda neft-qaz sənayesinin əsas tədbiri olan Xəzər Neft və Qaz Sərgisi hər il Xəzər regionunun əsas neft-qaz layihələrini müzakirə etmək və enerji təhlükəsizliyini təmin etmək üçün yüksək səviyyəli rəhbərləri bir araya gətirir. İlk sərgi 1994-cü ilin sentyabr ayında Xəzər hövzəsində karbohidrogen ehtiyatlarının genişmiqyaslı işlənilməsi üzrə əsas istiqamətləri müəyyən edən və respublikanın neft tarixində yeni dövrün əsasını qoyan "Əsrin müqaviləsi"nin imzalanması ərəfəsində keçirilib. Həmin dövrdə ümummilli lider Heydər Əliyev bu sərgini "dünya neft-qaz şirkətlərini ölkənin neft-qaz sahəsinin inkişafına cəlb etmək üçün münasib platforma" hesab edərək, Azərbaycanda bu istiqamətdə ilk ixtisaslaşdırılmış sərginin keçirilməsi təşəbbüsünü dəstəkləyib. O vaxtdan etibarən Xəzər Neft və Qaz Sərgisi neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü və memorandumların, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı məkana çevrilib. Burada neft-qaz hasilatı, maşınqayırma sənayesi, geologiya sahələri üzrə ixtisaslaşmış şirkətlər öz pavilyonları ilə iştirak edir. Bundan başqa, sərgi çərçivəsində elektroenergetika və alternativ enerji sahəsində fəaliyyət göstərən şirkətlər də iştirak edir. Ənənəvi olaraq açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin iştirak etməsi sərginin yüksək statusunu təsdiq edir.

"Caspian Oil & Gas" sərgisini əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi milli neft strategiyasının təntənəsi adlandırmaq olar. Təşkilatçılar əminliklə vurğulayırlar ki, bu sərgi regionun neft sektorunda əldə olunan nailiyyətlərin vizit kartı, habelə işgüzar əlaqələr və qarşılıqlı əməkdaşlıq üçün yeni perspektivlər yaradan platformadır. Sərginin 40 faizini konfransın daimi iştirakçıları olan tanınmış dünya şirkətləri təşkil edir. Onların arasında SOCAR, BP, Total, Statoil, Petkim və digər şirkətlər yer alır. Tədbirin daimi iştirakçıları olan Rusiya və İtaliya da öz milli pavilyonları ilə çıxış edirlər. Qeyd edək ki, ötən il sərgidə Azərbaycan, Almaniya, Böyük Britaniya, Çin, Fransa, Gürcüstan, İran, İtaliya, İspaniya, Malayziya, Özbəkistan, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən şirkətlər iştirak ediblər. Şirkətlər neft hasilatı və enerjidaşıyıcılarının nəqli, neft və qazın saxlanması üçün anbar sistemlərinin təmin edilməsi, servis xidmətləri sahəsində innovativ texnologiyaları, habelə regionun mövcud, eyni zamanda gələcək neft-qaz layihələrini və bir sıra digər nailiyyətləri nümayiş etdiriblər. Hazırda Azərbaycanın karbohidrogen ehtiyatlarına olan tələbat heç zaman görünmədiyi qədər böyükdür və müvafiq qurumlar sayı artan ölkələrlə daim təmasdadır.

Dövlət başçımız öz çıxışında Cənub Qaz Dəhlizinin böyük önəm daşıdığını qeyd edib. XXI əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizi dörd seqmentdən - Şahdəniz Mərhələ-II, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərindən ibarətdir. Ölkə rəhbərinin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycan ev sahibliyi edir. Bu isə respublikanın layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir. Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP layihəsi 2020-ci il dekabr ayının 31-də - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə tamamlandı. Bu nəhəng layihənin dəyəri 33 milyard ABŞ dollarıdır. Cənub Qaz Dəhlizi layihəsi həm də müasir tarixdə azsaylı layihələrdən biridir ki, onun icrasına bütün aparıcı beynəlxalq maliyyə institutları öz töhfəsini vermişdir. Bu gün dünyada, o cümlədən Avropada əlavə qaz mənbəyinə tələbat artmaqdadır. Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra Azərbaycan beynəlxalq, o cümlədən Avropa bazarlarına ixracı artırıb.

Bərpaolunan enerji növlərinin istehsalı baxımından da kifayət qədər böyük potensiala malik olan ölkəmiz bu sahədə dünyanın aparıcı enerji şirkətləri olan "ACWA Power" və "Masdar" şirkətləri ilə əməkdaşlıq edir. Hazırda ölkədə biri günəş, digəri isə külək olmaqla iki elektrik stansiyası inşa olunur ki, onların birgə istehsal gücü 470 meqavatdır. Gələn il bu tipli iki stansiya istifadəyə veriləcək və bu, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, yalnız başlanğıcdır. Xəzər dənizinin Azərbaycan sektorunun enerji potensialı 150 min meqavat təşkil edir. Bundan başqa, İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərin, xüsusilə də Kəlbəcər və Laçının potensialı 9-10 min meqavatdır. Burada ilk növbədə, külək və günəş enerjisi istehsalı nəzərdə tutulur. Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasındakı çıxışında ölkəmizin bu il COP29 Konfransına ev sahibliyi etməsinin önəmindən söz açaraq vurğulayıb ki, iqlim dəyişmələri ilə bağlı bu qlobal tədbirə ev sahibliyi etmək istəyimizin olması bizim iradəmizi nümayiş etdirir. "...COP29-un Azərbaycanda təşkil edilməsi barədə yekdil qərar beynəlxalq birliyin ölkəmizə hörmətinin əlamətidir. Bizim tədbirə ev sahibliyi etmək və bu işə töhfə vermək istəyimiz yaşıl gündəliyimizi nümayiş etdirir", - deyə dövlətimizin başçısı vurğulayıb.

Azərbaycan, həmçinin təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi kimi nümunəyə çevrilir. Bunun üçün ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir. Bu prioritet daxilində iki məqsədin səmərəli şəkildə reallaşdırılmasına nail olunmalıdır ki, bunlardan biri yüksəkkeyfiyyətli ekoloji mühit, digəri isə "yaşıl enerji" məkanıdır. Yəni ölkədə keyfiyyətli və təmiz ekoloji mühit qorunmalı və resurslardan səmərəli istifadə təmin edilməlidir. Sözügedən dövrdə qabaqcıl ölkələrdə alternativ və bərpaolunan enerji mənbələrindən istifadənin artacağı gözlənilir. Azərbaycanda da bu enerjidən səmərəli istifadəyə və yeni dayanıqlı enerji mənbələrinə üstünlük veriləcək. İndiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan "yaşıl texnologiya"ların tətbiqinin genişləndirilməsi vacib sayılır. Qarşıdakı illərdə uzun müddət ərzində yaranan ekoloji problemlərin kompleks həlli və bu sahədə davamlı inkişaf diqqət mərkəzində olacaq. İqtisadi və demoqrafik artımdan ətraf mühitə yaranan bilən risklər azaldılacaq. Bu məqsədlə ölkədə ümumi ərazidə yaşıllıqların payı artırılacaq.

Ötən ilin yenilikləri arasında bərpaolunan enerji sahəsində pilot layihələr, "yaşıl enerji zonası", dəniz, külək enerjisi potensialı, anlaşma memorandumları, "yaşıl hidrogen" və ixrac məsələləri, neft hasilatı və enerji daşıyıcılarının nəqli, neft-qazın saxlanması üçün anbar sistemlərinin təmin edilməsi, servis xidmətləri sahəsində innovativ texnologiyalar, habelə regionun mövcud və gələcək neft-qaz layihələri və bir sıra digər nailiyyətlər nümayiş etdirilib. Xüsusilə vurğulamaq lazımdır ki, tədbirlərdən birinin Şuşada keçirilməsi ilə bağlı təşəbbüsün irəli sürülməsi mühüm hadisədir. Son dövrlər Şuşanın statusu yüksəlməkdədir. Mədəniyyət, incəsənət, multikulturalizm, siyasət, diaspor quruculuğu, qanunvericilik sahəsində tədbirlərin keçirilməsindən sonra həm də iqtisadi əlaqələrin möhkəmlənməsi və iqtisadi diplomatiya sahəsində tədbirin Şuşada keçirilməsi ölkəmizin iqtisadi aktivinə yazılacaq. Dünyada məşhur energetiklərin Şuşada toplanması mühüm beynəlxalq hadisəyə çevriləcək. Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmiz üçün 2024-cü ilin ən mühüm hadisəsi olacaq. Bunu, eyni zamanda respublikamızın yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək mümkündür. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi bunu bir daha göstərir.

Mustafa KAMAL,

"Respublika".