Neokolonializmə qarşı etirazların yeni mərhələsi: Fransız Qvianasının
Siyasət

Neokolonializmə qarşı etirazların yeni mərhələsi: Fransız Qvianasının "oyanışı"

Hazırda supergüclərin əsas fikri dünyanın inkişafına, eləcə də bəşəriyyətdə sülhün bərqərar olunmasına yönəlsə də, mövcud reallığı dərk etməyib öz maraqlarının icrasına çalışanlar da var.

Bu fonda Fransanın sərgilədiyi neokolonialist mövqe özünü açıq şəkildə büruzə verir. Əfsuslar olsun ki, rəsmi Paris XXI əsrdə yaşamağımıza baxmayaraq, nəinki öz müstəmləkə siyasətindən əl çəkir, hətta onu şaxələndirmək istiqamətində mühüm addımlar atır. Fransa hazırda öz sərhədlərindən minlərlə kilometr uzaqda, Cənubi və Mərkəzi Amerika, Afrika, Asiya, həmçinin Okeaniyada 13 ərazini hələ də nəzarətdə saxlayır. Bu ərazilər əsrlərdir ki, rəsmi Parisin istismarçı neokolonial siyasətinin qurbanına çevrilib. Belə olduğu təqdirdə isə Makron hakimiyyətinin idarəsi altında olan koloniyalar öz etiraz səsini yüksəldirlər.

Fransaya qarşı çıxan müstəmləkələr arasında Fransız Qvianası da xüsusilə fərqlənir. Cənubi Amerika materikinin şimal-şərqində yerləşən Fransız Qvianası XVII əsrdən etibarən Fransanın müstəmləkəsi altındadır. Tarixə nəzər yetirsək görərik ki, Fransa zor gücü ilə işğal etdiyi ərazilərdə etnik tərkibə, əhali sayına, həyat səviyyəsinə kifayət qədər zərbələr vurur. Fransız Qvianası da buna məruz qalan müstəmləkələr sırasındadır. Hələ keçmişdə fransız kolonistləri yerli hindu xalqlarını kütləvi şəkildə məhv edirdilər. Onlar, hətta sərvətləri istismar etmək üçün Afrikadan qaradərili insanları qul kimi gətirərək işlədirdilər. Təəssüflər olsun ki, bu amansız müstəmləkə siyasətinin nəticələri günümüzdə də hiss olunur. Bu gün bölgənin sakinlərinin yalnız 3 faizini yerli hindular, 70 faizini isə qul kimi işlədilmək üçün buraya gətirilən afrikalıların törəmələri təşkil edir. Fransızlar Yeni Qviananın etnik tərkibini dəyişmək istəsə də, buna tam nail ola bilməyiblər. Belə ki, buradakı fransızlar regionda 12 faiz həcmindədir və azalmaqda davam edir. Eyni zamanda, rəsmi Paris sərt tropik iqlimi olan Fransız Qvianasından daha çox cinayətkarları və siyasi fəalları sürgün etmək üçün istifadə edib. Ölkənin Fransız Qvianasına olan marağı XIX əsrin ortalarında daha da artdı. Bu isə bölgədə böyük qızıl və boksit yataqlarının aşkar olunması ilə əlaqədar idi. Məhz həmin tarixdən başlayaraq Fransız Qvineyasına əsas koloniyalarından biri kimi baxmağa başladı.

Fransız Qvianasına qonşu Surinam (Hollandiya Qvianası) və Qayanadan (İngiltərə Qvianası) fərqli olaraq, müstəqillik qazanmasına imkan verilməməsi də bundan irəli gəlir. Şübhəsiz, Fransa XXI əsrdə hələ də yerli əhalinin etirazlarına, sosial durumun ağırlığına baxmayaraq, irqi və milli zəmində ayrı-seçkilik tətbiq etdiyi regiona müstəqillik verməkdən çəkinir. Təsadüfi deyil ki, Fransa 1946-cı ildə Fransız Qvianasını öz departamenti elan etməklə öz nəzarətini "sağlamlaşdırıb". Bu gün Makron hakimiyyəti Fransız Qvianasında yerli hakimiyyət orqanlarının razılığını almadan da fövqəladə və hərbi vəziyyət elan edə bilər.

Bir məqamı da qeyd edək ki, Parisin müstəmləkələrindəki istismarının miqyası da xeyli böyükdür. Məsələn, hazırda Fransız Qvianasında kənd təsərrüfatı torpaqları da daxil olmaqla daşınmaz əmlaka qədər 80 faiz istehsal gücü fransız korporasiyalarına məxsusdur. Həmçinin bu regiondakı işsizlik səviyyəsi digərləri ilə müqayisədə 3 dəfə çoxdur. Buna baxmayaraq, sosial ödənişlər və əməkhaqları 2 dəfə aşağıdır. Eyni zamanda yerli sakinlər idarəçilikdən uzaqlaşdırılıb. Bu kimi səbəblər Fransız Qvianasında azadlıq mübarizəsinin daha da alovlanmasına səbəb olur. Hətta etirazların ilkin nəticələrini də görmək mümkündür. Məsələn, ötən ay yerli parlamentarilər, merlər, eləcə də ərazi şuralarının üzvləri yerli hindu xalqının 6 nümayəndəsinin qanunverici orqanda təmsil olunması, onlara infrastruktur layihələri, o cümlədən yerli xalqların torpaq sahələri haqqında yekun qərar vermək hüququ verib. Bu qərarın qəbul olunmasında Yeni Kaledoniyada qəbul edilən analoji qərar da mühüm rola malikdir. Vəziyyət bu cür davam edərsə, rəsmi Parisin 400 ildir, istismar etdiyi ən böyük koloniyasının artıq əlindən çıxacağı ehtimal olunur. Bu gün Yeni Kaledoniya, eləcə də digər dənizaşırı bölgələrdə olduğu kimi, Fransız Qvianasında da müstəqillik meyilləri davam edir. Başqa sözlə Fransanın neokolonializm siyasətinin qurbanları hazırda "oyanış" mərhələsindədirlər.

Azərbaycan neokolonializmə qarşı mübarizəyə dəstək verən ölkə kimi prosesləri yaxından izləyir. Fransanın kolonial siyasətinin qurbanı olan bölgələr də bunun fərqindədir. Onlar Azərbaycanın prosesə verdiyi dəstəyi yüksək qiymətləndirirlər. Yada salaq ki, hələ ötən ilin noyabrında bölgənin azadlığı uğrunda mübarizə aparan Fransız Qvianası sosial azadlıq və dekolonizasiya Hərəkatının Siyasi Bürosunun üzvü Sindi Adela Pollux da Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda Bakıda keçirilən tədbirə görə Azərbaycana təşəkkür etmişdi. Şübhəsiz, ölkəmiz neokolonizmlə mübarizəni daim təqdir edəcək, bu istiqamətdə daha yeni uğurlara imza atacaqdır. Prosesdə itirən tərəf isə şübhəsiz, Fransa olacaq. Rəsmi Parisin keçmiş müstəmləkələrindən biabırcasına qovulması da bunu söyləməyə əsas verir.

Nəzrin ELDARQIZI,

"Respublika".