Dünya Azərbaycanın ümumbəşəri siyasətinə dəstək verməlidir
Siyasət

Dünya Azərbaycanın ümumbəşəri siyasətinə dəstək verməlidir

Azərbaycan regionda sülhü və sabitliyi öz siyasi xəttinin əsas prioritet məsələsi hesab edir. Bu, təkcə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin deyil, bütün Azərbaycan xalqının timsalında aydın müşahidə olunur.

Lokal xarakterli antiterror tədbirlərinin dayandırılmasının ardından keçirilən Yevlax görüşündə müzakirələr zamanı ilkin məsələlərlə yanaşı, erməni nümayəndələrin Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs olan Ramil Məmmədovdan ərzaq yardımı istəyi təmin olunub.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün humanitar məqsədlə ərzaq yükü Ağdamdan Xankəndiyə göndərilib. Bundan əlavə, sentyabrın 21-i və 22-si Azərbaycan hərbçilərindən yardım istəyən yaralı erməni sakinlərinə də kömək göstərilib. Əlbəttə, bütün bunların fonunda Azərbaycanın sülhsevər və humanist ölkə olduğunu sübut etməyə ehtiyac yoxdur. Reallığa əsaslansaq, ədalət prinsipinə önəm verən ölkələr Azərbaycanın bu xoşməramlı siyasətini həmişə alqışlayıblar. Məsələnin mahiyyəti biraz fərqlidir.

Azərbaycan sentyabrın 19-da lokal antiterror tədbirləri başlatdığı zaman diletant qurumlar dərhal ölkəmizə qarşı qarayaxma kampaniyasına başladılar. Baxmayaraq ki, məqsəd separatçı rejimin tərksilah edilməsi və hərbi obyektlərin zərərsizləşdirmək idi və heç bir halda mülki insanlara və infrastruktura zərər vurulmayacaqdı ki, belə də oldu. Lakin həmin qurumlar elə ilk dəqiqələrdən marionet rejimə dəstəklərini göstərdilər. Bu isə açıq-aydın Azərbaycanın daxili işinə qarışmaq deməkdir. Ölkəmiz qətiyyən bu kimi addımlara yol verə bilməz. Prezident İlham Əliyev sentyabrın 21-də xalqa müraciəti zamanı da bildirdi ki, Ermənistanın son günlərdə sərgilədiyi mövqe ümidvericidir. Yəni Azərbaycanla uzun illərdir açıq ədavət saxlayan Ermənistanın belə məsələyə müdaxilə etməyəcəyini bildirdiyi halda, özlərini "sülh göyərçini" hesab edən təşkilatların yersiz bəyanatları anlaşılan deyil. Həmin o ekspansionist sektalara, aydın dildə desək "miatsum" siyasəti güdən qurumlara isə bəzi dövlətlər açıq-aşkar dəstək verir. Elə sentyabrın 19-dan panikaya düşən Makron Fransanın adından ali təşkilatlarda, BMT, Avropa Parlamenti və Avropa İttifaqında ölkəmizə qarşı sanksiya çağırışları gözlənilən idi. Öz məqsədləri üçün erməniləri alət kimi istifadə edən Makronun Azərbaycana qarşı əsassız davranışları artıq adi hal alıb. Ermənistanın 2020-ci ilin 10 noyabrında imzaladığı üçtərəfli Bəyanatın müddəalarına "non est faktum" yanaşması Azərbaycanı bölgədə sabitliyi bərpa etməyə vadar etdi. Görülən tədbirlərin hazırkı postfaktum dövründə ölkəmiz regionda sabit vəziyyəti bərqərar etməyə doğru addım atır. Bu addımlar isə Fransa fonunda bəzi dövlətləri narahat edir. Özlərini marionet rejimin "dəstəkçisi" kimi göstərən dövlətlər "dörd bazar günü" keçirmək istəyirlər. Beynəlxalq təşkilatlarda Azərbaycana qarşı birgə bəyanatlarla çıxış edərək özünə yeni müttəfiqlər qazanmaq istəyənlər hər zaman məğlubiyyətə məhkumdur. Çünki Azərbaycanın diplomatik xətti serpantin deyil. Hər vəchlə sülhü və haqq-ədaləti dəstəkləyən ölkəmiz bu baxımdan beynəlxalq aləmdə özünə etibarlı müttəfiqlər qazanıb. Macarıstan Aİ-də Azərbaycana qarşı birgə bəyanata veto qoyub. Göründüyü kimi, ölkəmiz etibarlı əməkdaşlıq habına çevrilib və haqqı dəstəkləyən ölkələr bu habın ətrafında birləşib.

Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində minalar basdırması, Azərbaycana dünyanın ən qeyri-humanist silahını "bəxş etməsi" nəticəsində 2020-ci il müharibəsindən bəri Azərbaycanda mina qurbanlarının sayı 300 nəfəri keçib. Rəsmi İrəvanın dəqiq mina xəritələrini verməməsi erməni KİV-lərinin azərbaycanlılara qarşı pis rəftarla bağlı pərakəndə sübutlar yaymasının III Cenevrə konvensiyasına zidd olduğu, bir neçə azərbaycanlı əsgərin girov götürülərkən fiziki, mənəvi işgəncələrə və təhqirlərə məruz qaldığı, Azərbaycanın Qarabağ bölgəsində qızıl və mis-molibden yataqlarının qeyri-qanuni istismarı, 60 min hektardan çox meşə sahəsinin darmadağın edildiyi, çaylarımızın çirkləndirildiyi və sair faktlar təbii ki, diqqətdə saxlanılır. Yaşanan bu hadisələr və uzunmüddətli ədavət reinteqrasiya prosesinin gözlənildiyi qədər tez yekunlaşmayacağını göstərir. Lakin ölkəmiz bu mövzuda da qərəzsiz diplomatik siyasət yürütməkdədir. Regional əməkdaşlığa sadiqliyini qonşu Gürcüstanın timsalında sübut edən Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq öz ərazilərində, o cümlədən nəqliyyat-kommunikasiya yolları üzərində suverenliyini qorumağa çalışmaqla yanaşı, həm də sabitliyi təmin edir.

Buna görə də beynəlxalq qurumlar kritik və önəmli mərhələlərdə əsassız uydurmalara inanmamalı, Azərbaycanın sülhsevər mövqeyini əməli şəkildə dəstəkləməli və tərəflər arasında konstruktiv dialoqun təşviqinə yardım göstərməlidirlər...

Tacir SADIQOV,

"Respublika".