Normativ-hüquqi baza gücləndirilir
Digər xəbərlər

Normativ-hüquqi baza gücləndirilir

Bu gün dəyişən zaman, müasir inkişaf, qloballaşma heç şübhəsiz ki, Azərbaycan ailələrinə də öz təsirini göstərir. Bəs bu təsirin miqyası nə dərəcədədir və bunun aradan qaldırılması ilə əlaqədar ölkəmizdə nə kimi  işlər görülür.  İyulun 19-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 2023-cü ilin birinci yarım ilinə həsr olunmuş brifinqdə bu və digər məsələlərdən danışılıb.

Tədbiri giriş sözü ilə açan Komitə sədri Bahar Muradova KİV nümayəndələrini salamlayaraq qarşıdan gələn Mətbuat Günü münasibətilə təbrik etdi. Sonra cari ilin altı ayı ərzində  görülən işlərdən bəhs edib, qarşıda duran vəzifələrdən danışdı. Komitə sədri bildirdi ki, normativ-hüquqi bazanın gücləndirilməsi məqsədilə ötən dövrdə  qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində Komitə tərəfindən 6 sənəd layihəsi hazırlanmış, 5 sənəd layihəsinə rəy və təklif verilmişdir.  Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 9 iyun 2023-cü il tarixli Sərəncamı ilə "Uşaqlara dair Strategiya"nın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün "Fəaliyyət Planı"na uyğun olaraq 2023-2024-cü illərdə "Uşaq hüquqları haqqında" yeni Qanun hazırlanacaq.

Komitə sədri cari yarımil ərzində Komitə tərəfindən 6 müxtəlif mövzuda araşdırma və təhlilin yekunlaşdığını bildirdi.  Daha sonra ailə məsələləri ilə bağlı 6 layihə hazırlandığını, 8523 nəfərin iştirakı ilə 40 təlim, seminar və icma görüşü keçirildiyini vurğulayaraq  layihələr haqqında məlumat verdi.

Tədbirdə o da bildirildi ki, 11 rayonun vətəndaşlarını əhatə etməklə 6 regionda qəbul keçirilib. Beləliklə, rayonlardan olan vətəndaşların 64 ərizə, müraciət və təkliflərinə baxılıb, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

Cari yarımil ərzində qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində 6 vətəndaş cəmiyyəti təşkilatı ilə 12 təlim, dəyirmi masa və seminar keçirilib.

Beynəlxalq hesabatlarla bağlı məlumat verən Komitə sədri qeyd etdi ki, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin Cenevrə şəhərində keçirilən 82-ci sessiyasında Azərbaycan Hökumətinin "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması üzrə Konvensiyası"nın icrasına dair altıncı dövri hesabatı, BMT-nin Uşaq hüquqları Komitəsinin Cenevrə şəhərində keçirilən 92-ci sessiyasında Azərbaycan Hökumətinin "Uşaq hüquqları haqqında Konvensiyası"nın icrasına dair beşinci və altıncı birgə dövri məruzəsi təqdim edilmişdir. Hər iki məruzədən sonra yekun müşahidələr və tövsiyələr qəbul olunmuş, bu tövsiyələrin icrası məqsədilə qurumlararası İşçi qrup yaradılmışdır. BMT-nin Uşaq hüquqları Komitəsinin tövsiyələri ilə bağlı işçi Qrupun yaradılması prosesi davam edir.

Sonda Bahar Muradova KİV nümayəndələrini maraqlandıran sualları cavablandırmışdır.

Nurəngiz ADİLQIZI, 

"Respublika".