Ömrün ən uca məqamı...
Region

Ömrün ən uca məqamı...

Şirvan Şəhər İcra Hakimiyyəti aparatının əməkdaşları,şəhər hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid Kamran Fərəcovun ailə üzvləri ilə birlikdə Şirvan Şəhidlər Xiyabanını ziyarət etdilər. Şəhidlər Xiyabanında ucaldılan “Şəhid Anası” memorial abidə kompleksi önünə əklil qoyuldu. Şəhid Fərəcov Kamran İlqar oğlunun məzarı önündə davam edən mərasimdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Baş Pasport və Miqrasiya Xidməti İdarəsinin rəisi, general-mayor Nüsrət Şirinov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər şöbəsinin rəisi İlkin Məmmədov şəhidin ailə üzvlərinə başsağlığı verib, səbir dilədilər. Belə qəhrəman, igid oğul böyütdüklərinə görə onlara təşəkkürlərini bildirdilər. Erməni işğalına və təcavüzünə qarşı 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin Zəfər Yürüşündə, qəhrəman Azərbaycan xalqının dövlət başçısı ətrafında sıx birləşib orduya göstərdiyi dəstəkdən, Silahlı Qüvvələrin əsgər və zabitlərinin ağır döyüş şəraitində keçirdikləri uğurlu əməliyyatlardan, əsgər və zabitlər arasında yüksək hərbi vətənpərvərlik sayəsində əldə olunan nailiyyətlərdən, işğaldan azad edilən tarixi torpaqlarımızda Azərbaycan bayrağının ucaldılmasında və qələbənin təmin edilməsində Xüsusi təyinatlıların göstərdikləri şücaətlərdən və qəhrəmanlıqlardan söz açıldı.Vətən uğrunda şəhadətə yüksələn hər bir kəs insan ömrünün ən uca məqamında dayanır. Hər bir şəhid ailəsinin bundan sonra da dövlət qayğısı ilə əhatə olunacağı vurğulandı.
Baş Pasport və Miqrasiya Xidməti İdarəsinin rəisi, general-mayor Nüsrət Şirinov Şəhid Fərəcov Kamran İlqar oğlunun ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə təltif olunduğu “Kəlbəcərin azad olunmasına görə” və “Vətən uğrunda” medallarını Şəhidin atası İlqar Fərəcova təqdim etdi.
Şəhid atası İlqar Fərəcov onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident, Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirdi.
Şəhid Fərəcov Kamran İlqar oğlunun yaşadığı ünvanda Xatirə guşəsinin və barelyefin açılışı oldu.

                                      Tofiq HÜSEYN,

                                     “Respublika”.