Paradiqmalar dəyişir
Siyasət

Paradiqmalar dəyişir

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Qərb bloku arasında münasibətlər qeyri-sabit mövqedə dayanır. Ölkəmizə qarşı bir çox məqamlarda qərəzli münasibət sərgiləyən başda Fransa olmaqla, Almaniya və ABŞ kimi dövlətlər əlaltı, yelkənsiz gəmiyə bənzəyən Ermənistandan istifadə edərək regiona müdaxilə etməyə çalışırlar. Bu məqamda ölkədaxili və xaricində yaşayan bəzi kəsim guya ölkəmizin özünü Qərbdən təcrid etdiyi, Avropadan çəkildiyi haqda iddialar səsləndirdi. Guya Ermənsitanın regiondan uzaq Qərbə meyil etməsinə əks cavab olaraq, Azərbaycanın rusyönümlü siyasət yürütdüyü ilə bağlı yayılan təxribat xarakterli fikirlər dövlət başçısı İlham Əliyevin Münxenə dəvət edilməsi ilə alt-üst oldu. Bir daha aydın oldu ki, Azərbaycan bundan sonra da öz milli maraqlarından çıxış edərək balanslı siyasətini davam etdirəcək.

Fevralın 18-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşı tərəfin müraciətinə əsasən Almaniya Federativ Respublikasının kansleri Olaf Şoltsun, Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Xoysqenin, Bundestaqın Xristian-Demokrat / Xristian-Sosialist İttifaqı fraksiyasının üzvü Armin Laşetin, ATƏT-in baş katibi, Münxen Təhlükəsizlik Konfransı Fondu Şurasının vitse-prezidenti xanım Helqa-Mariya Şmidin, o cümlədən Dünya Bankının baş idarəedici direktoru Aksel Trotsenburqla görüşüb. Həmçinin Münxendə Almaniya kanslerinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş baş tutub. Ölkə başçımız sözügedən görüşün konstruktiv və faydalı mühitdə keçdiyini bildirməklə yanaşı, artıq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sərhədlərin delimitasiyası və sülh müqaviləsi üzrə danışıqların aparılması istiqamətində razılıqların əldə olunduğunu, bu xüsusda xarici işlər nazirləri səviyyəsində tezliklə görüşün keçiriləcəyinin razılaşdırıldığını da diqqətə çatdırıb. Sülhün əldə edilməsinin və sülh müqaviləsinin imzalanmasının çox real olduğunu vurğulayan Prezident İlham Əliyev regionda de-fakto sülhün mövcud olduğunu da qeyd edib.

Region üçün hazırda prioritet məsələ iki ölkə arasında münasibətlərin normallaşdırılması, sülh gündəminin inkişaf etdirilməsindən ibarətdir. Almaniyanın təşəbbüsü ilə Münxendə keçirilən görüş ikili xarakter daşıyan Ermənistan-Azərbaycan danışıqlarının davam etdirilməsi layihəsidir. Yəni Almaniya burada vasitəçi deyil, ev sahibi kimi görüşün təşkilatçısıdır. Əsrlər boyu qeyri-sabitliyə şahid olan Cənubi Qafqazda bu gün sülh heç vaxt olmadığı qədər yaxındır. Azərbaycan tərəfi buna inanır və sabitlik üçün bütün imkanlarını səfərbər etməyə hazırdır. Əgər rəsmi İrəvan da yaxın zamanda özünə xas olmayan siyasi iradə nümayiş etdirsə, proses reallaşa bilər. Bu gün Qərbə meyillənən Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmağa səy göstərsə, daxili böhrandan və xarici təzyiqlərdən xilas ola bilər. Artıq hər kəsə məlumdur ki, Azərbaycan "orta güc" ölkələri sırasındadır və respublikamız nəinki regional miqyasda problemlərin həllinə çalışır, həm də qlobal miqyasda pozitiv gündəliyin formalaşmasına mühüm töhfələr verir.

"İstənilən şəxs kompüterin başa düşəcəyi kod yaza bilər, yaxşı proqramçı isə insanın başa düşəcəyi kod yaza biləndir". Tez-tez elmi-texnologiya sahəsində işlədilən bu ifadə siyasi mənada isə bugünkü Azərbaycan modeli ilə üst-üstə düşür. Ölkəmiz problemin həllini hansı metodla və yaxud strategiya ilə həll edilməli olduğunu çox gözəl bilir və çağdaş dünyada bu təcrübədən geniş istifadə olunur. Bu isə o deməkdir ki, Azərbaycan bütün pradiqmaları (problemin qoyuluşu, həlli və öyrənilməsi modeli bildirən baxış) özünün və ələlxüsus, dünyanın sabitləşməsi xeyrinə dəyişir.

Tacir SADIQOV,

"Respublika".