Paytaxtda növbəti ümumşəhər iməciliyi təşkil edilib
Gündəm

Paytaxtda növbəti ümumşəhər iməciliyi təşkil edilib

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən mayın 25-də paytaxtda növbəti genişmiqyaslı daxili ümumşəhər iməciliyi keçirilib.

"Respublika" xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, BŞİH-in kommunal təsərrüfat xidmətlərinin texnikası səhər saatlarından əsas küçə və prospektlərin bitki və canlılara ziyansız yuyucu maddələrlə yuyulmasını aparıb. İməcilik zamanı həm də məhəllədaxili və ara yollar da yuyulub. Xidmətin əməkdaşları tərəfindən prospekt və küçələr, səki kənarları, bordürlər və işıq dirəkləri, yol kənarındakı məhəccərlər, park və istirahət yerlərində oturacaqlar yuyulub, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb.

Bakı Şəhər İcra Hakimiyyətinin çağırışına qoşulan ictimai-iaşə, ticarət və digər obyektlərin əməkdaşları da iməcilikdə yaxından iştirak edərək öz obyektlərinin vitrinlərini təmizləyib, ətrafında səliqə-sahman yaradıblar. Eyni zamanda, müəssisə, idarə və təşkilatların kollektivləri, şəhər sakinləri də bu iməcilikdə fəal şəkildə iştirak ediblər.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulub, onların dibi yumşaldılıb, ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib və təbii gübrələr verilib. Eyni zamanda, şəhər sakinləri və paytaxtımızın qonaqlarının zövqünü oxşayacaq rəngbərəng güllər əkilir, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılır, yaşıllıq zolaqları və parklarda qazon örtüyünün yenilənməsi aparılır.