Qarabağ erməniləri Paşinyanın qorxulu yuxusuna çevrilir
Siyasət

Qarabağ erməniləri Paşinyanın qorxulu yuxusuna çevrilir

Qarabağdakı separatçı rejimin ləğvindən sonra Xankəndi və ətraf rayonlardan könüllü olaraq Ermənistana gedən əhali indi də bu ölkəni tərk edir.

"Demokratik konsolidasiya" partiyasının sədri Suren Petrosyan deyib ki, hava limanından verilən rəsmi məlumata görə, Qarabağdan gəlmiş 17 mindən çox insan artıq İrəvanı tərk edib. Əslində, Paşinyan hakimiyyəti maksimum dərəcədə onların Ermənistanda qalmasında maraqlıdır. Çünki bundan həm Qərbi azərbaycanlıların qayıdışı prosesini əngəlləmək məqsədilə istifadə edirdi, həm də Avropadan maliyyə yardımı alırdı. Amma Qarabağdan köçən ermənilər dırnaqarası qaçqın faktorundan istifadə edərək siyasi sığınacaq almaq fikrinə düşdülər. Bu məqsədlə çıxdıqları yolda ilk seçimləri isə Rusiya oldu. Çünki onların əksəriyyətinin Moskva və ətraf şəhərlərdə tanışlıq əlaqələri var. Amma Qarabağ ermənilərinin Kremllə yaxınlaşması indiki dövrdə Paşinyan iqtidarı üçün riskli görünür.

İrəvan-Moskva arasında dərinləşən çatlar Rusiyanın Qarabağ ermənilərindən rıçaq kimi istifadə etməsi ehtimalını aktuallaşdırır. Əgər Moskva bu məsələdə maraqlı olarsa, onları  Krasnodar, Soçi kimi ermənilərin çox yaşadığı bölgələrə köçürərək təşkilatlanmalarına şərait yarada bilər. Bu prosesdə maraqlı olan isə təkcə Rusiya deyil, xaricdəki diaspor təşkilatlarının da sözügedən məsələdə maraqları var. Çünki erməni diasporu ilə Paşinyan arasındakı münasibətlər hələ 2018-ci ildə baş nazirin hakimiyyətə gəlməsindən sonra korlandı. 44 gün müharibədən sonra isə əlaqələr qırılma nöqtəsinə çatdı. Hazırda diasporun əsas dayaqları sayılan erməni biznesmenləri ilə İrəvan hökuməti arasındakı problemləri nəzərə alsaq, onların da Qarabağ erməniləri ilə bağlı məsələdə aktivləşməsi gözlənilir.

Amma Paşinyan hökuməti üçün yeganə təhlükə Ermənistanı tərk edənlər deyil, həm də ölkədə qalanlardır. Çünki xüsusilə son günlərdə Azərbaycanla sülh müqaviləsi məsələsi ətrafında müzakirələr intensivləşdikcə Qarabağ ermənilərinin də narazılığı artır. Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan və digər siyasətçilər yekun razılaşmada Qarabağ ermənilərinin müstəqilliyi, hüquqları ilə bağlı maddənin olmadığını iddia edirlər. Ermənistan hakimiyyətinin Qarabağ səhifəsini birdəfəlik bağlaması fikri isə Paşinyan iqtidarına qarşı çağırışların da artması ilə nəticələnir.  Bu da yaxın dövrdə Ermənistanda ciddi qarşıdurmaların başlayacağına işarə edir. Eyni zamanda, nəzərə alsaq ki, Ermənistanda növbədənkənar parlament seçkisinin 2024-cü ilin may-iyun aylarında həyata keçirilməsi nəzərdə tutulub, o zaman Paşinyanın kreslosunun da sual altında olduğunu deyə bilərik.

Ermənistanda Qarabağ erməniləri ilə hökumət arasında böhran dərinləşərkən bir məqamı xüsusilə vurğulamaq lazımdır. Belə ki, Qarabağı tərk etmək ermənilərin şəxsi qərarı idi, onlar yaşadıqları yeri tərk etməyə məcbur edilməyiblər. Azərbaycan Prezidenti İlham Əliyev də "Euronews" televiziyasına müsahibəsində deyib ki, ölkəmiz açıq şəkildə antiterror tədbirləri başa çatdıqdan sonra onların Qarabağda qala biləcəyini elan edib. Azərbaycan hətta bunun üçün elektron qeydiyyat portalı da yaradıb: "Qayıtmaq istəyən hər kəsin belə bir hüququ var. Onların mülkiyyəti lazımi dərəcədə qorunur. Bütün tarixi və dini yerlər lazımınca qorunur. Geri qayıtmaq üçün onlar müəyyən qaydalara əməl etməlidirlər və mən antiterror əməliyyatının keçirilməsindən bir neçə ay əvvəl demişdim ki, qalmaq istəyənlər Azərbaycan vətəndaşlığı üçün müraciət etməlidirlər. Çünki insanlar başqa ölkənin vətəndaşı olmaqla Azərbaycanda necə yaşaya bilərlər? Ya vətəndaşlıq, ya iş icazəsi, ya da yaşayış icazəsi olmalıdır. Onlar dırnaqarası "dağlıq qarabağ respublikası"nda yaşadıqlarını deyərək Azərbaycanda yaşaya bilməzlər. Çünki dırnaqarası "dağlıq qarabağ respublikası" mövcud deyil. Onlar bunu öz xəyallarında, mifologiyasında uydurublar. Onlar Azərbaycan vətəndaşları olaraq Azərbaycanda yaşamaq istəyirlərsə, əlbəttə ki, bunu edə bilərlər".

Jalə QASIMZADƏ,

"Respublika".