“Qarabağ üzümü” adlı yeni kitab
İqtisadiyyat

“Qarabağ üzümü” adlı yeni kitab

Qarabağ İqtisadi Rayonunda üzümçülük qədim tarixə malikdir. Bu bölgə çox sayda müxtəlif texniki, süfrə və universal istiqamətli milli, aborigen üzüm sortlarının məskənidir. Burada üzümçülük və şərabçılığın müasir inkişaf mərhələsi keçmiş SSRİ dövründə başlayıb. Ümummilli Lider Heydər Əliyev 1969-cu ildə Azərbaycanda rəhbərliyə gəldikdən qısa müddət sonra isə bu sahədə əsaslı dönüş yaranıb.

Lakin Ermənistanın ölkəmizə təcavüzü nəticəsində işğala məruz qalmış bölgədə 43 min hektar məhsuldar üzüm bağları məhv edilib, üzüm emalı zavodları işğalçılar tərəfindən dağıdılıb. Ərazilərimizin işğaldan azad edilməsi bu bölgədə üzümçülük və şərabçılığın yenidən inkişafına və müasir tələblər səviyyəsində qurulmasına zəmin yaradıb.

Hazırda Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun Ampeloqrafik Kolleksiya bağında Qarabağa məxsus 20-dən artıq üzüm sortu qorunub saxlanır. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti bildirir ki, bu mövzuya həsr edimiş yeni çapdan çıxan kitab Qarabağ İqtisadi Rayonunda üzümçülük və şərabçılığın elmi əsaslarla bərpasını təmin etmək məqsədilə müasir tələblərə uyğun olaraq hazırlanıb.

Kitab Qarabağ İqtisadi Rayonunda üzümçülük və şərabçılığın bərpası ilə məşğul olan istehsalçılar, elmi işçilər, aqrotexniklər, magistrlər, doktorantlar və turizm bələdçilərinin istifadə edə biləcəyi qiymətli mənbədir.

Nəriman CAVADOV,

“Respublika”.