Qəhrəmanlıq dastanı yazan musiqiçi
Digər xəbərlər

Qəhrəmanlıq dastanı yazan musiqiçi

Torpaq, yurd sevdalı oğullar Vətən müharibəsində qan tökərək, şirin canlarına qıyaraq uzun illər ərzində erməni işğalı altında olan torpaqlarımızı azad etdilər. Bu müqəddəs amal uğrunda şəhid oldular, zamanın və tarixin fövqünə ucaldılar. Bu torpaqların hər qarışına şəhid qanı tökülüb, onların cəsarəti və hünəri yurd yerlərimizə yeni həyat gətirib. Əsgər və zabitlərimiz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Zəfər tarixini yazdılar. Qəhrəman hərbçilərimiz Vətən müharibəsini qələbə ilə başa çatdırdılar.

Ağdam rayonunun Qaradağlı kəndində doğulub boya-başa çatan Elvin İsizadə musiqiçi idi. Bakı şəhərində Asəf Zeynallı adına musiqi kollecində təhsil alan Elvin gələcək arzuları ilə yaşayırdı. Üç il bundan əvvəl, sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayanda Elvin sevimli tarını yerə qoyaraq əlinə silah götürdü. 44 gün davam edən Vətən müharibəsində fəal iştirak etdi. Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı istiqamətlərində gedən döyüşlərdə sərrast atıcı kimi düşmənə sarsıdıcı zərbələr endirdi. Arzusu cəbhədən qayıtdıqdan sonra Musiqi Akademiyasında oxumaq, tar üzrə tanınmış ifaçı olmaq idi. Bütün arzularını, həmçinin şirin canını Vətənə qurban verən gənc musiqiçi oktyabrın 26-da Füzuli istiqamətində gedən döyüşlərdə şəhid oldu.

Quzanlı qəsəbəsindəki Şəhidlər Xiyabanında Elvin İsizadənin anım mərasimi keçirilib. Rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, Qarabağ müharibəsi veteranları, məktəblilər şəhidlərin məzarları önünə qərənfillər düzərək onların əziz xatirəsinə ehtiramlarını bildiriblər. Canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda  qurban vermiş şəhidlərin ruhuna dualar oxunub, xatirələri bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə çıxış edənlər 44 günlük Vətən müharibəsindən, Azərbaycan Ordusunun qazandığı şanlı Qələbədən, şəhid Elvin İsizadənin qısa, lakin şərəfli ömür yolundan danışıblar. Şagirdlər Vətənə, şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər.

Salman ALIOĞLU,

"Respublika".