Qubadlıda ermənilər tərəfindən qətlə yetirilən ukraynalı Oleq Babakın xatirəsi Poltavada anılıb
SİYASƏT

Qubadlıda ermənilər tərəfindən qətlə yetirilən ukraynalı Oleq Babakın xatirəsi Poltavada anılıb

1991-ci ilin aprelin 7-də Qubadlı rayonunda Azərbaycanın mülki vətəndaşlarını erməni silahlılarından qoruyarkən qəhrəmancasına həlak olan Sovet İttifaqı Qəhrəmanı, ukraynalı leytenant Oleq Babakın xatirəsi doğulduğu Poltava vilayətinin Viktoriya kəndində anılıb. 

"Respublika" AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü ilə keçirilən anım tədbirində iştirakçılar əvvəlcə O.Babakın yaşadığı evə gələrək onun valideynlərinə baş çəkiblər. O.Babakın valideynləri Azərbaycan dövlətinin onların problemləri ilə həmişə yaxından maraqlandığını vurğulayıblar. 

Sonra tədbir iştirakçıları O.Babakın dəfn olduğu qəbiristanlıqda onun məzarını ziyarət edib, üzərinə tər çiçəklər düzüb, xatirəsini ehtiramla anıblar. 

O.Babakın Azərbaycanın Qubadlı rayonunda mülki şəxsləri erməni silahlılarından qoruyarkən göstərdiyi qəhrəmanlıqdan danışan səfirliyin hərbi attaşesi Əziz Nuriyev bildirib ki, o, yerli kənd camaatı ilə birgə təxminən 70 erməni silahlısının mühasirəsinə düşüb. Ermənilərin yerli sakinləri təhvil verib geri çəkilmək tələbinə məhəl qoymayan Oleq Babak heç bir azərbaycanlının əsir düşməsinə imkan verməyərək son gülləsinə qədər qəhrəmancasına vuruşub və həlak olub. O, bu şücaəti nəticəsində yüzlərlə azərbaycanlının həyatını xilas edib. 

“Oleq Babakın ruhu şaddır, çünki Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz işğal altında olan torpaqlarımızı, o cümlədən Qubadlı rayonunu azad edib. Azərbaycan dövləti bütün şəhidlərin əziz xatirəsini hər zaman əziz tutur, onların ailələrinə yardımlarını davam etdirir”, - deyə Əziz Nuriyev vurğulayıb. 

Poltava vilayətinin Piryatin Şəhər Şurasının katibi Sergey Pazyuk çıxışında bildirib ki, Oleq Babak Viktoriya kəndində orta məktəbi bitirdikdən sonra hərb yolunu seçib. O, qəhrəmanlığı ilə insanların sevgisini qazandı. O.Babak Azərbaycanda mülki şəxslərin həyatını xilas edib və qəhrəmancasına həlak olub. Onun əziz xatirəsini həm Azərbaycanda, həm də Ukraynada daim yad edilir. Azərbaycan xalqı Oleq Babakın göstərdiyi qəhrəmanlığı unutmayıb. 

O.Babakın anası Nadiya Babak açıqlamasında onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib. “Oleq Babakın xatirəsi Azərbaycan xalqı tərəfindən həmişə əziz tutulur, yad edilir. Azərbaycan dövləti bizə hər zaman yardım göstərir. Bu, bizə yaxşı yaşamağa kömək edir. Bizi unutmadığı üçün Azərbaycan dövlətinə təşəkkürümü bildirirəm”, - deyə Nadiya Babak diqqətə çatdırıb. 

Qeyd edək ki, Oleq Babak 1967-ci il fevralın 25-də Ukraynanın Poltava vilayətinin Viktoriya kəndində doğulub. SSRİ-nin Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı 21-ci briqadanın siyasi hazırlıq üzrə bölük komandirinin müavini olan Oleq Babak 1991-ci ilin martından Azərbaycanın Qubadlı rayonunda ictimai asayişin qorunması tapşırıqlarını yerinə yetirib. 

SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının leytenantı Oleq Babak SSRİ prezidentinin 1991-ci il 17 sentyabr tarixli Fərmanı ilə ölümündən sonra “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüb.